Uşaqlar infeksiyaya yoluxmamaq üçün bu qidaları MÜTLƏQ QƏBUL ETMƏLİDİR - SORĞU

“Uşaqlar və yaşlılar infeksion xəstəliklərdə həmişə risk qrupuna daxildirlər. Amma indi elə bir vaxta gəlib çıxmışıq ki, gənclər də risk qrupundadır. Biz ən çox uşaqları və yaşlıları qoruyuruq. Uşaqlar mütəmadi olaraq pediatr nəzarətində olmalıdırlar”. Bu sözləri SİA-ya açıqlamasında qida texnoloqu Ağa Salamov deyib.

Qidalara gəlincə uşaqların immun sistemini möhkəm saxlamaq üçün ilk öncə səhər yerməyi sağlam olmalıdır: “Valideynlər səhər yeməyində uşaqlara zeytun, yumurta, çərəzlərdən hazırlanmış dietik desert, peçenyalar, ağartı məhsulları, meyvə, meyvə salatı və təbii kənd qaymağından yoqurt verə bilərlər. Yumurta təbii ki, həkim məsləhəti altında olmalı və allergik xəstəliyi olan uşaqlara məhdud sayda verilməlidir”.

“Ana yeməklərə gəlincə mütləq həftədə 1-2 dəfə balıq olmalıdır. Çünki nəzərə alsaq ki, uşaqlarda boy artımına yardımçı olur. İmmun sistemini gücləndirmək üçün balıqda D vitamini, omeqa-3 var. Balıqda oliqomer zülalı var ki, bu da uşaqların boy artımında dəstəkçi olur. Bu ən çox da skumbriya balıqlarının kürək hissəsində olur”.

“Həmçinin, uşaqların qidalanmasında mütləq şəkildə tərəvəzlər də olmalıdır. Buraya lifli tərəvəzlərdən kök, kabaçki, mövsümi tərəvəzlər mütləq olmalıdır. Qarnir olaraq da püre şəklində uşaqlara bu tərəvəzlər verilməlidir”.

“Çox zaman analar uşaqlara kök, alma püresi əvəzinə onun şirəsini verirlər. Çünki onlar düşünür ki, şirə uşaqlara daha faydalıdır. Bu əsla belə deyil. Pediatr məsləhəti mütləq olmalıdır. Çünki, uşaqlarda qida dözümsüzlüyü yaranır. Bunun da səbəbləri var. Buna görə də qarnir şəklində tərəvəzlərin püresini vermək lazımdır”.

“Yəni, uşaqların qidası orqanik olmalıdır. Süni şəkərləmələr, boş karbohidratlar, hansı ki, şəkər və un məhsullarından hazırlanmış qidalar uşaqlarda obeziti, qan-damar sistemi problemlərini əmələ gətirir. Bu hətta şəkər xəstəliyinə də səbəb ola bilər. Buna görə də mən düşünürəm ki, uşaqlara səhərlər şirin çay əvəzinə meyvə, tərəvəz, çərəz, yumurta, ağartı məhsulları təqdim olunsa daha yaxşı olar. Gün ərzində balıq, toyuq və ət istifadəsini də günlərə bölməliyik. Həmçinin, qızartı məhsullarından da uşaqları uzaq tutmaq lazımdır”.

Sağlam qida mütəxəssisi Məhsəti Hüseynova isə fikirlərini bu cür ifadə edib: “Ümumiyyətlə, uşaqları infeksion xəstəliklərdən qorumaq üçün qidalanma çox önəmlidir. Amma ilk növbədə gigiyena qaydalarına önəm verək. Çünki əsasən infeksion xəstəliklər təmiz olmayan əllərdən də çox asanlıqla yoluxa bilir. Mütləq şəkildə əllər mütəmadi olaraq yuyulmalıdır. Xüsusilə uşaqlarla bayırda olanda, baxçadan, məktəbdən qayıdanda mütləq şəkildə əllər yuyulmalı, dırnaqlar qısa kəsilməlidir. Çünki uşaqlar daha tez-tez əlini ağzına, gözünə vurduğu üçün bu halda daha təhlükəli ola bilər.

Mütləq şəkildə ən az yaşına görə 8-9-10 saat yuxu yatılmalıdır. Çünki infeksion xəstəliklər daha çox immun sistemi aşağı düşdükdə tez yoluxa bilir ki, bu hallar da immun sisteminin zəifləməsinə səbəbdir. Ona görə də mütləq bunlara diqqət etməliyik. Əllər təmiz yuyulduqda gigiyenik vasitələrdən dəsmal filan ortaq istifadə olunmamalıdır. Mütləq hər uşaq üçün fərdi və böyüklərdən ayrı olan dəsmallardan istifadə olunmalıdır.

Valideynlər uşaqları tərbiyə etmək məqsədilə və yaxud hər hansı bir vərdişdən, davranışdan çəkindirmək üçün qorxudurlar ki, qorxu da immun sistemini aşağı salan faktorlardan biridir. Mütləq şəkildə uşaqları bu şəkildə stressə salmamaq lazımdır. Günlük uşağın qidasında mövsümi yerli meyvələr yer almalıdır. Buna payız, qış aylarının meyvələrindən almanı, çox faydalı olan narı, heyvanı göstərə bilərik. Bir gün ərzində üç ortaboy meyvə yeyilməsi məqsədəuyğundur. Təbii ki, sitrus meyvələri verəndə allergik reaksiyaların olub-olmadığını yoxlamaq lazımdır. Çalışmaq lazımdır ki, daha çox evdə hazırlanan ana yeməklərdən istifadə olunsun, restoran və kafelərdə mənşəyi bəlli olmayan yerlərdə hazırlanan yeməklər də uşaqlarda mədə-bağırsaq sisteminin, maddələr mübadiləsinin pozulmasına gətirib çıxarda bilər. Bu da çox zərərli hesab olunur.

Mütləq şəkildə günlük qidalarda kök, çuğundur kimi qidalar yer almalıdır. Yaxşı olar ki, bunları tərəvəz şəklində tam versinlər. Əgər bu şəkildə yemək olmursa onların birlikdə şirəsindən istifadə edə bilərlər. Bir stəkanı tam doldurmağa ehtiyac yoxdur.

Mütləq şəkildə həftədə 3 dəfə paxlalılardan istifadə olunmalıdır. Buna mərcimək, lobya, düyü, bulqur bu kimi qidalar aiddir ki, bunlardan istifadə etməlidirlər. Hər gün ərzində 15-20 fındıq təxminən 30, 5-6 qoz da təxminən 30 qram dəyərində istifadə olunmalıdır.

Soyuq olsa belə açıq və günəşli havalarda D vitamini almaq vacibdir. Bundan başqa mütləq balıqdan da istifadə etməlidir ki, tərkibində D vitamini, omeqa 3 yağlarıdır və digər kalsium, selen, Evitamini və digər minerallar olur. Ona görə də balıqların həftədə 2-3 dəfə yeyilməsi daha çox məqsədəuyğundur.

Mütləq şəkildə karbohidratlardan istifadə edərkən daha çox faydalı karbohidratlardan istifadə etsinlər. Bəzən, un məmulatlarından olan şirniyyatlardan həddindən artıq çox istifadə olunur ki, bu da immun sisteminin aşağı düşməsinə səbəb olur. Yaxşı olar ki, çörəklər yerinə faydalı karbohidrat olaraq tam buğda çörəyi çovdar çörəyindən istifadə etsinlər və yaxud onlardan istifadə olunan makaronlardan da istifadə etmək olar. Hazır meyvə suları və qazlı içkilərdən uzaq dursalar daha yaxşıdır. Həddindən artıq qızardılmış yeməklərin verilməsi tövsiyə olunmur. Ət yeməklərinə də daha çox yağ əlavə edirlər, yağda qızardırlar ki, bu da uşaqlar üçün çox zərərlidir. Bu qaraciyər piylənməsinə gətirib çıxarır. Daha çox lifli qidalardan istifadə etmək lazımdır ki, bir çox hallarda uşaqların xüsusilə də keçid dövründə olanlara diqqət etmək lazımdır ki, bəzən çəki alır deyə qəbizlik problemini gözdən qaçırırlar.

Mütləq şəkildə hər gün bir dəfə də olsa uşaqlar böyük bayıra çıxmalıdır. Əgər çıxmırsa artıq burada problemin olduğunu düşünmək lazımdır. Ona görə lifli qidalara diqqət etmək lazımdır və mütləq şəkildə bədən temperaturunu normal qorumaq üçün və orqanizmdə gedən sağlamlıq proseslərinin funksiyalarının düzgün yerinə yetirilməsi üçün su miqdarını unutmamaq lazımdırş Uşaqların da öz bədən çəkisinə görə müəyyən miqdarda su miqdarı almaları vacibdir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə