Koronavirusun düşməni olan qidaların adları BƏLLİ OLDU - QİDALANMA MÜTƏXƏSSİSİ AÇIQLADI

“Ümumiyyətlə, koronavirusa qarşı immuniteti gücləndirmək deyəndə, sağlam olmaq üçün immunitetimizi hər gün qorumalıyıq və sağlam həyat tərzini vərdiş halına gətirməliyik və yalnız bu halda koronavirusdan və ya digər xəstəliklərdən özümüzü qoruya bilərik. Çünki immunitet bir həftədə formalaşmır. Bu, ana bətnindən başlayaraq, insanın bütün həyatı boyunca formalaşır və biz onu hər gün qorumalıyıq”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.

Onun sözlərinə görə, yaxşı olar ki, zərərli vərdişlərdən uzaq duraq: “Buna siqaret çəkmək, digər spirtli içkilərə aludəçilik və digər zərərli vərdişləri aid edə bilərik. Birinci növbədə bunlardan uzaq durmalıyıq. Daha sonra mütləq şəkildə yuxu rejimimizə diqqət etməliyik, gün ərzində 7 saat yatmanı vərdiş halına gətirməliyik və 7 saat yatmaq saat 11-dən sonra yatılan yuxu nəzərdə tutulur ki, bu sağlamlıq, immunitetin formalaşması və güclənməsi üçün ən əsas qaydalardan biridir. Bundan başqa mütləq şəkildə fiziki aktiv olmalıyıq. Bir çox insanlar oturaq işdə çalışdığı üçün fiziki aktivlikdən, hərəkətdən ümumiyyətlə məhrumdurlar. Bunun özü də immun sistemimizi aşağı salır. Ona görə mütləq şəkildə fiziki aktivlik çox önəmlidir”.

“Eyni zamanda, oturaq işdə çalışanlar üçün hər 45 - 50 dəqiqədən bir 10 dəqiqə müəyyən yüngül idman hərəkətləri etməli və fiziki aktivliklə məşğul olmalıdır. Bunlar da əsas şərtlərdən biridir. Daha sonra sağlam qidalanmanı önəmli etməliyik. Çünki sağlam qidalanma immunitetin güclənməsində əsas amillərdən biridir və eyni zamanda, bir orqanizmin sağlam olması, gündəlik həyati funksiyalarını yerinə yetirməsi üçün 40-dan 70-ə qədər mikro və makro elementlərə ehtiyacı var və bu makro-mikro elementləri məhz qidalar vasitəsilə alır. Ona görə mütləq şəkildə qidalar müxtəlif çeşidli olmalı və qidaları rejimli şəkildə qəbul etməlidir. Səhər yeməyindən imtina etməməlidir. Gün ərzində 2 dəfə əsas ana yeməyi mütləqdir. Bu həm işləyənlərə, həm də evdə olanlara aiddir, 3 dəfə olarsa, daha yaxşıdır. Ancaq digərlərində ara öyünlər kimi yeməklərin yeyilməsi vacibdir. Mütləq hər mövsümdə mövsümi meyvə tərəvəzlərə üstünlük verilməlidir. Mövsümi meyvə tərəvəzlərdə də biz xüsusilə tərkibində daha çox C vitamininə üstünlük verməməliyik. Belə bir mif formalaşıb ki, koronavirus dövründə C vitamini immuniteti qoruyur. Təbii ki, C vitamini çox vacibdir. Amma C ilə bərabər, D, A, B, Y qrup vitaminləri də orqanizmin immuniteti üçün çox faydalıdır. Ona görə də hər meyvədən yeyilməli, hər tərəvəzdən istifadə olunmalıdır. Mütləq şəkildə hər gün bir ovuc quru meyvə yeməyi vərdiş halına gətirməliyik. Bunlar bir ovuc dediyimizdə qoz, fındıq, badam olaraq hər birindən, üçündən birlikdə bir ovuc keçməmək şərtilə mütləq şəkildə gün ərzində bir stəkan qatıq və ya kefir qəbul etmək lazımdır. Bunu yaxşı olar ki, yeməklə birlikdə yox, ara öyündə qəbul edək. Bu bağırsaqların yaxşı çalışması üçün, funksiyalarının bərpası üçün əvəzsizdir”.

“Bilirik ki, bağırsaqların 70-80 faizi, daha doğrusu, immunitetin 70-80 faizi bağırsaqların funksiyasından asılıdır. Ona görə də kefir və yaxud da qatıq mütləq şəkildə qəbul etməliyik. Mütləq hər gün və yaxud da həftədə 3-4 dəfə 1 yumurta qəbul edin. Onu unutmayın ki, yumurtanın tərkibində C vitaminindən başqa bütün vitaminlər var və eyni zamanda çox faydalıdır. Mütləq şəkildə yumurta yemək lazımdır”.

Məhsəti Hüseynova sözlərinə belə davam edib: “Qırmızı ətdən yaxşı olar ki, gündəlik istifadə edilməsin. Həftədə 2-3 dəfə istifadə olunması daha yaxşıdır. Su miqdarına diqqət edilməlidir. Hər orqanizmin özünə görə normal su tələbatı var ki, bu da hər kiloqram bədən çəkisinə görə 0.30 ml qəbul olunub. Bunu qəbul etməyə çalışmaq lazımdır”.

“Daha sonra yaxşı olar ki, göyərtilərdən çox istifadə edilsin. Yaşıl rəngdə olan qida məhsulları, tərəvəzlər maqneziumla zəngindir. Onların da qəbulu orqanizmə çox gözəl təsir edir”.

“Vitamin qaynağı biz əsasən günəşi götürürük. Təbii ki, artıq payıza doğru getdikdə günəş də artıq azalır. Ona görə də biz qidamızda D vitamini tərkibli qidanı artırmalıyıq”.

“Daha sonra yeməklərin necə bişirilməsinə diqqət etməliyik. Yeməkləri həddindən artıq qaynatmamalı, qızartmamalı və təzə bişmiş yeməklərə üstünlük verməliyik ki, immunitetimiz güclü olsun”.

“Ən əsası stressdən, depressiyadan uzaq durmalıyıq. Gündəlik koronavirusla bağlı xəbərlərdə gedən, mənbəyi olmayan xəbərlərdən çox insan stressə düşür. Unutmayın ki, stress olduğu halda bədən də çox zəifləyir və immunitet də aşağı düşür ki, bu zaman artıq bütün xəstəliklərə yoluxma riski daha da çox artır. Bütün bu qaydalara əməl etsək, koronavirusa yoluxmarıq, yoluxsaq belə artıq yüngül şəkildə xəstəliyin öhdəsindən gələ bilərik”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə