Süni İntellekt və Məlumat Elmləri üzrə II Avrasiya Forumu dünyanın aparıcı tədqiqatçılarını və mütəxəssislərini bir araya gətirib. Həmçinin bu forum süni intellekt nəzəriyyəsində ən son nailiyyətləri bölüşmək, innovativ metodları müzakirə etmək və Data elmlərinin tibb, kibertəhlükəsizlik, idman və kənd təsərrüfatı kimi müxtəlif sahələrdə tətbiqini araşdırmaq üçün unikal fürsət yaradır. SİA xəbər verir ki, bu fikri Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev süni intellekt və məlumat elmləri üzrə II Avrasiya Forumunun açılış mərasimində deyib.
Rektor bu tədbirin iştirakçılara, həmçinin Azərbaycanın zəngin mədəniyyətini, tarixini və təbiət gözəlliklərini kəşf etmək imkanı yaratdığını diqqətə çatdırıb: “Eyni zamanda, Azərbaycanın informasiya texnologiyalarının inkişafında Prezident İlham Əliyevin mühüm rolunu xüsusi vurğulamaq istərdim. Dövlətimizin başçısının diqqəti, dəstəyi və uzaqgörən siyasəti sayəsində ölkəmizdə texnoloji innovasiyalar, elmi-tədqiqat və təhsil üçün dinamik mühit formalaşıb. Bu da süni intellekt və məlumat elmləri sahəsində sürətli inkişafımıza şərait yaradıb. Bakı Dövlət Universiteti olaraq biz də süni intellekt sahəsində tədqiqatın, innovasiyaların və təhsilin inkişafına sadiqik. Son illərdə universitetin tədqiqat infrastrukturu güclənib, müasir laboratoriyalar yaradılıb və beynəlxalq əməkdaşlıq genişləndirilib. Biz Süni intellekt etikası kafedrasının yaradıldığını qürurla qeyd edirik. Bu kafedra süni intellekt tədqiqatlarında və tətbiqlərində etik prinsiplərin, şəffaflığın və sosial məsuliyyətin təşviqinə yönələcək”, - deyə rektor vurğulayıb.
BDU rəhbəri qeyd edib ki, bu kimi forumlar təkcə elmi nəticələrin təqdimatı üçün deyil, həm də əməkdaşlığın, innovasiyanın və real problemlərə həll yollarının inkişafı üçün mühüm platformadır.
Bütün xəbərlər Facebook səhifəmizdə