Çantaları özündən ağır uşaqlar - ARAŞDIRMA

Hər yeni tədris ili başlayanda ailələrin və şagirdlərin hazırlıq təlaşı da başlayır. Alış-veriş prosesində məktəbli çantası seçimi ən vacib işlərdən biridir. Uşağınız üçün bir çanta alarkən boyuna, çəkisinə və yaşına uyğun olanı seçmək çox vacibdir. Yanlış seçim uşaqlarda duruş pozğunluqlarına və ağrılara səbəb ola bilər. Kəmərli ibtidai məktəb çantalarında, kəmərlərin şəklindən tutaraq necə aparılmalı olduğuna qədər nəzərə alınmalı məqamlar var. İdeal məktəbli çantası necə olmalıdır və uşaqlar çantalarını apararkən nələrə diqqət etməlidirlər? SİA olaraq yeni tədris ili ilə bağlı olan məsələlərə toxunaraq araşdırma aparıb, bunların hamısına cavab verməyə çalışacağıq.

Hər şeydən əvvəl çantaların çiyinə oturması lazımdır. Bundan əlavə, kəmərlərin yumşaqlığı vacibdir. Çantanın bu hissəsi nazik və sərtdirsə, çiyninə basaraq əzələlərə, birləşdirici toxumalara və hətta sinirlərə ziyan vuraraq ağrı ilə nəticələnəcək.

Başqa bir vacib məqam, uşağın boyuna uyğun bir çanta almaqdır. Çox böyük çantalar uşağa yüklənməməlidir. Uşaq bağçasından universitetə ​​qədər çəki və boya uyğun hər ölçüdə çantalar var. Bir dəfə alıb 5 il istifadə edə biləcəyiniz anlayışı ilə hərəkət etsəniz, uşağın onurğa sağlamlığına zərər verəcək bir hərəkət ediləcək.

Uşağınıza uyğun bir çanta alsanız belə, iş bununla bitmir. Çantanın istifadəsi və yerləşdirilməsi də vacibdir. Çanta çox ağır istifadə edilməməli və tək kəmərlə deyil, ikiqat kəmərlə arxadan asılmalıdır. İstifadə olunan çanta şagirdin çəkisinin 10-15 faizini keçməməlidir. Daha ağır bir yük daşıyırlarsa, uşağın onsuz da inkişaf edən onurğası səhv inkişaf edərək əyiləcək.

Çantanın yerləşdirilməsi qaydası da var. Çantaya ağır əşyalar qoyulacaqsa, bu qaydaya riayət edilməlidir. Ağır əşyalar arxaya yaxın, yüngül əşyalar isə çantanın ön tərəfinə yerləşdirilməlidir.

Diqqətə ehtiyacı olan bütün bu məqamlarda iş həm uşağın, həm ailənin, həm də müəllimin üzərinə düşür. Ailələr çanta seçərkən bu detallara diqqət yetirməli və uşaqlarını istifadə etmələri barədə xəbərdar etməlidirlər. Uşaqlar da bu qaydalara riayət etməlidirlər. Sağlam bir bel üçün ailənin, tələbənin və müəllimin birlikdə hərəkət etməsi kifayətdir.

Məktəb çantasında olması vacib olan əşyalar:

Məktəb çantasında nə olması ehtiyacdan asılı olaraq dəyişə bilər. Ancaq bəzi detallar diqqətdən kənarda qalmamalıdır.

Qələm saxlama qabı: Qələm, silgi və itiləyici kimi əşyaları saxlayan bu kiçik qablar çantanın əvəzolunmaz hissəsidir. Ehtiyat qələm daşımaq üçün də idealdır.

Dəftər və kitablar: Yüngül və nazik dəftərlər həmişə faydalıdır. Eynilə, hər iki tərəfdən də istifadə edilə bilən dəftərlər də rahat seçimdir. Kitablar da gündəlik tələbata uyğun olaraq seçilə bilər.

Quru və nəm salfetlər: Şəxsi qulluq üçün bu salfetlərin məktəb çantanızda olması lazım olan bir vəziyyətdə təcili olaraq köməyinizə gələcək.

Gündəlik: Məktəbə gedən hər kəsin tədris planı var, elə deyilmi? Planlamanızı düzgün etmək üçün çantanıza bir dərs proqramı qoya bilərsiniz, beləliklə lazımsız çəkilərdən xilas olursunuz.

Atışdırmalıq: İbtidai və orta məktəbdə üstünlük verilən məktəb qidalanma vərdişi üçün su, keks, tort və meyvə suyu kimi yeməkləri məktəb çantasına qoya bilərsiniz.

Sosial ekspert, jurnalist Rövşən Rəsulov mövzu ilə bağlı qeyd edib: “İlk növbədə qeyd edim ki, ibtidai siniflərdə təhsil alan şagirdlərin çantalarının ağır olması gündəlik dərs yükünün çox olması ilə əlaqəlidir. Məndə olan məlumatlara görə, ümumiyyətlə, dünya standartlarında aşağı siniflər üçün çap edilən bir dərsliyin çəkisi maksimum 200 qram olmalıdır. Lakin ev tapşırıqlarının çox verilməsi, yəni informasiya yükünün ağırlığı da buna öz təsirini göstərir. Məhz bu səbəbdən uşaqların dərsdən ayrılıb əyləncə və idmana sərf edəcək vaxtları olmur. Təbii ki, bu da uşağın açığı desək, məktəbə, təhsilə meylliyini azaldır. Çünki nəzərə alsaq ki, ilk dəfə məktəbə gedən uşaq oyun meydançalarından ayrılaraq təhsil müəssisəsinə doğru addım atır, onu bezdirmək deyil, təhsilə cəlb etmək lazımdır. Bənzər problemlər isə təbii ki, uşağın təfəkkürünə mənfi təsir siqnallarını ötürür.

Onu da qeyd edim ki, Amerika təcrübəsinə görə, məktəblərdə nəinki ibtidai sinif şagirdlərinə, eləcə də böyük siniflərdə təhsil alan şagirdlərə heç bir halda cümə günü evə tapşırıq verilmir ki, şagird şənbə, bazar günləri istirahət etsin, beyni kompüterdə olduğu kimi format olunsun, həftə ərzində itirdiyi enerjisini bərpa etsin. Etiraf edək ki, Azərbaycanın orta-ümumtəhsil ocaqlarında oxuyan azyaşlı uşaqlar real uşaqlıqlarını yaşamırlar. Onlar bütün gün yüklənmiş şəkildə dərslə məşğul olurlar. Üstəlik, valideynlər də uşaqlarını əlavə müəllimlər tutmaqla yükləmiş olurlar. Bu, yolverilməzdir".

Təhsil eksperti Elçin Əfəndi fikirlərini bu cür ifadə edib: “Bizdə faktiki olaraq məktəblər üçün nəzərdə tutulan dərs proqramları kurikulum sisteminə əsaslanır və burada müəyyən qədər ixtisaslaşma aparılsa da, təəssüflər olsun ki, yenə də dərs yükü, şagirdə təqdim olunan bilik çoxluq təşkil edir. Bu da dediyimiz faktla bizi rastlaşdırır ki, ibtidai siniflərdə təhsil alan şagirdlərin daha çox ləvazimatlara, dərs vəsaitlərinə və s. ehtiyacları yaranır. Onların çantaları demək olar ki, çəkilərindən belə ağır vəziyyətə gəlib çıxır. Bu da onların gələcəkdə istər fiziki, istərsə də digər amillərdən asılı olaraq, müəyyən pozğunluqlara gətirib çıxara bilir. Yəni, çantanın daha çox ağır olması onların fiziki quruluşuna, skalioz vəziyyət və s. digərlərinə gətirib çıxara bilər. Təbii ki, bunu da nəzərə alaraq, müəyyən qədər dərsliklərdə təkmilləşmə aparmaq vacibdir, şagirdə daha çox ehtiyacı olan biliklərin verilməsi dərsliklərdə öz əksini tapmalıdır. Yəni, şagirdə lazım olmayan, gələcəkdə həmin o biliklərin istifadə olunmasına zərurət olmayan mövzuların salınması və yaxud da müəyyən dərs mövzusunun işlənməsi, fikrimcə, yolverilməzdir. Ona görə də, yəqin ki, bu barədə Təhsil Nazirliyi tərəfindən müəyyən vəsaitlərin hazırlanması ilə bağlı amilləri nəzərə alarlar.

Düşünürəm ki, burada valideynlər də diqqətli olmalıdırlar. Onlar konkret olaraq məktəbin təqdim etdiyi cədvələ uyğun dərslərə əsasən həmin vəsaitləri çantalara yığmalıdırlar. Məsələn, deyək ki, bu gün riyaziyyat və yaxud da ingilis dili dərsi yoxdursa, onları da şagirdin çantasına yığıb məktəbə göndərmək doğru deyil. Yəni, bu məsələdə valideyn də diqqətli olmalıdır ki, müntəzəm olaraq şagirdin dərsə gedib gəldiyi zaman, məhz həmin gün üçün istifadə edə biləcəyi ədəbiyyatı aparması lazımdır. Düşünürəm ki, qarşıdakı illərdə yalnız şagirdə lazım olan informasiyanı əhatə edən dərs vəsaitlərinin olması və təhsil alanın daha çox informasiyanın başqa istiqamətdə deyil, gedəcəyi istiqamətdə olması zəruri olmalıdır. Təhsil Nazirliyi bunu da nəzərə alsa çox gözəl olar”.

Psixoloq Mahuxanım Teymurova isə məsələnin psixoloji yanlarına toxunub: “Kiçik yaşlardan uşaqlara çox dərs verilməsi, uşaqların məktəbə getmək istəməməsinə, könüllü şəkildə dərs oxumamasına səbəb olur. Dərslər - uşaqların bilik əldə etmələri və gələcəkdə savadlı bir cəmiyyət formalaşdırmaq üçün keçirilsə də uşaqların yaradıcılığını, fikirlərini, marağını və həvəsini öldürməməlidir. Əsas məqsədimiz savadlı, yaradıcı, oxumağa həvəsli bir xalq yetişdirmək olmalıdır. Bunun üçün də uşaqların marağını, yaradıcılığını öldürməyəcək şəkildə dərslər keçirilməlidir. Əgər tapşırıqlar, dərslər uşağın maraqlandığı mövzulardan verilirsə, bu zaman heç bir nəticə əldə olunmayacaq. Əsasən də hər gün tapşırıq veriləndə uşaqlar bu tapşırığı etmək istəməyəcəklər, ya da özləri etməyəcəklər. Bu da uşaqda uğuru, nailiyyəti artırmaq yerinə tam tərsinə azaldacaq. Buna görə də aşağı sinifdən uşaqlara çox dərs verib, dərsdən soyutmaq yerinə, onlara daha az mövzu verib, maraqlarını dərsə çəkmək lazımdır. Uşaqlara çox mövzu verdikdə onlar bunu artıq yük kimi görürlər və oxumağa qarşı olan həvəsləri ölür. Bu səbəbdən də dərslər daha maraqlı keçirilsə, bu, uşaqların inkişafı üçün daha düzgün olar.

Məktəb uşaqların inkişafı üçün necə önəmlidisə, eləcə də "evdə"(ailədə) uşaqların inkişafına təsir edən digər faktorlardan biridir. Uşaq "evdə"(ailədə) kitab oxuyan valideyn, fərd gördüyü zaman o da kitab oxuyub, nəsə bilmək, öyrənmək istəyəcək və bu, onun inkişafına, bir şeylər öyrənməsinə daha da kömək edəcək.

Bunlarla yanaşı toxunmaq istədiyim digər mövzu-məktəbdə, evdə uşaqların yaradıcılığının, bacarığının və öz güvəninin fərqinə vardırılmaması və hətta aşağı görülməsidir. Hər bir fərdin öz bacarığı, qabiliyyəti var. Hər kəs həkim, polis, hüquqşünas, müəllim ola bilməz. Və yaxud hər kəs riyaziyyatı, kimyanı, fizikanı yaxşı bilə bilməz. Riyaziyyatı anlamayan birinə onu öyrətməyə məcbur etmək yerinə nəyi yaxşı bilirsə və yaxud nədə daha yaxşı olacaqsa, həmin fənn üzrə onu inkişaf etdirmək daha doğrudur.

Digər bir mövzu uşaqların özünə olan inamını azaltmaqdır. Bunu əsasən valideynlər edir. Uşaqların başqaları ilə müqayisə edərək onun özünə olan inancını fərqində olmadan öldürürlər və bunu edərkən övladınız, onu müqayisə etdiyiniz uşağa qarşı bir kin bəsləyərək həmin uşağı sevmir. Bu da daha sonra həmin uşaqla aralarında münaqişə yaranmasına səbəb ola bilər.

Bunu etmək yerinə uşağınızın bacarıqlarının, edə biləcəklərinin fərqində olun və övladınızın da bunun fərqində olmasını təmin edin”.

Məsələ ilə bağlı ibtidai sinifdə təhsil alan uşaqların valideynləri ilə danışaraq daha da məlumatlandıq:

3-cü sinif şagirdi Nihat Qədiməlizadənin valideyni: “Dərslər kifayət qədər çətindir. Əvvəllər 6 və ya 7-ci siniflərə tədris olunan fənlər indi 2-3-cü siniflərə keçirilir. Kitablar da çox ağırdır. Daşımaq çətin olur. Xüsusilə də rəsm dərsi və texnologiya fənninin kitablarının ağır çəkisi var. Digərləri isə nisbətən normaldır. Ən çətin fənn isə riyaziyyatdır”.

1-ci sinif şagirdi Nurgün Əyyublunun valideyni: “Çantası çox ağır olur. Özü tək daşıya bilmədiyi üçün, çantanı məktəbə qədər babası aparır. Dərslər də çox çətindir. 1-ci sinifdir və artıq nitq hissələrindən isim, sifət keçirlər. Ümumilikdə isə müəllim çox yükləmir. Bir neçə gün öncəyə qədər 1-ci sinifə başlamaq üçün hazırlığa gedirdi. Lakin pandemiya şəraiti ilə hazırlıq yarımçıq qaldı və bu boşluqlar dərslərində daha da maneələr törətdi”.

1-ci sinif şagirdi Aylin Musazadənin valideyni: “9 kitabı var. 1-ci sinif üçün kitablar kifayət qədər ağırdır. Bu səbəbdən də çantasını özü yox, mən daşıyıram. Ən çətin fənn isə riyaziyyatdır. Ümumilikdə kitablar nazik olur. Lakin hamısı birlikdə çox ağır gəlir”.

3-cü sinif şagirdi Leyla Heydanlının valideyni: “Çantası çox ağırdır. Lakin ağır olsa da, özü daşımaq istəyir. Ən çətin mənimsədiyi dərs isə həyat bilgisi və texnologiyadır. Hər gün çantasını yoxlayıb gündəlikdəki fənlərə uyğun kitablarını yerləşdiririk”.

4-cü sinif şagirdi Nurlanə Məmmədovanın valideyni: “Məktəb evimizə çox yaxındır. Lakin çantası çox ağırdır. Bu səbəbdən də tək göndərməyə razı olmuruq. Həmçinin, məktəb kitablarından əlavə kitablar da olur. Evə də çox tapşırıq verilir və uşaqların dincəlməyə vaxtı olmur. Bu qədər yükləmək doğru deyil”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə