Ünvanlı dövlət sosial yardımına müraciət hansı formada edilməlidir? -Açıqlama

“Ünvanlı dövlət sosial yardımı dövlət tərəfindən aztəminatlı ailələrə aylıq verilən pul yardımıdır.
Bu yardım orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının (2021-ci il üçün ehtiyac meyarı 170 manat müəyyən olunub) məcmusundan aşağı olan aztəminatlı ailələrə verilir. Yəni ailədə adambaşına aylıq gəlir 170 manatdan az olan ailələr bu yadımı ala bilər.
Hər bir ailə üzvü üçün ehtiyac meyarının (2021-ci il üçün - 170 manat) məcmusundan aşağıdırsa, sosial yardım hüququna malikdir.
Təyin olunan ünvanlı dövlət sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasındakı fərq qədər olur”. Bunu SİA-ya açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili deyib.

R.Mehdili qeyd edib ki, ünvanlı sosial yardımı almaq üçün müraciət şəxsiyyət vəsiqəsi və notarial qaydada təsdiq edilmiş təmsilçilik (müraciət edən şəxsin ailəni təmsil etməsi) barədə ərizə əsasında elektron formada edilir: “Ailəni təmsil edən şəxs “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” adlı elektron xidmət vasitəsilə müraciət edir. Müraciət edərkən “Ərizə-bəyannamə”də ailə tərkibi, ailə gəlirləri və digər məlumatlarını qeyd edir. Qeyd edilmiş məlumatlar e-sistem tərəfindən avtomatik qaydada yoxlanılır və nəticəsinə uyğun olaraq yardımın təyin edilib-edilməməsi barədə elektron qaydada qərar qəbul edilir.
Sosial yardımın təyin olunması barədə qərar çıxarıldığı hallarda yardımın məbləği, təyin edilmə müddəti və s., təyin olunmasından imtina edilməsi barədə qərar çıxarıldığı hallarda isə imtinanın səbəbləri göstərilməklə təmsilçinin “Ərizə-bəyannamə”də qeyd etdiyi əks əlaqə vasitələrinin birinə məlumat (mesaj) göndərilir.
Ailəyə sosial yardım təyin edildikdə, ailədə 1 yaşadək uşaq varsa, ona da aylıq sosial müavinət təyin olunur”.

Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili məsələ ilə bağlı sualımızı cavablandırıb.

-Ünvanlı dövlət sosial yardımın təyin olunmasından nə zaman imtina edilir?

Əgər ailənin əmək qabiliyyətli üzvü müvafiq qanunvericiliklə nəzərdə tutulmuş səbəblər istisna olmaqla digər səbəblərdən işləmədikdə ünvanlı dövlət sosial yardımın təyin olunmasından imtina verilir.
Yalnız əmək qabiliyyətli olmayan şəxslərin, I qrup üzrə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa qulluq edən, həmçinin 23 yaşadək əyani təhsil alan ailə üzvünün işləməsi tələb olunmur.
Bundan başqa, sosial yardım üçün müraciət edən ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləğinin ölkə üzrə təsdiq olunmuş yaşayış minimumuna nisbəti 15 faizdən çox olmamalıdır.
Ərizə-bəyannamədə hər hansı bir məlumatın gizlədildiyi, yaxud düzgün qeyd edilmədiyi sistem tərəfindən aşkarlanarsa, bu zaman da vətəndaşa ünvanlı dövlət sosial yardımının təyin olunması ilə bağlı imtina cavabı göndərilir.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə