Dağlıq Qarabağ sülh prosesində Ermənistan-Rusiya ziddiyyətləri dərinləşir
Məlum olduğu kimi, Rusiya xarici işlər naziri Sergey Lavrovun erməni auditoriyası üçün o qədər də “xoş” olmayan açıqlamaları və erməni tərəfinin açıqlamalarından sonra Ermənistan-Rusiya ziddiyyətləri ara vermir. Üstəlik, yeni suallar və ziddiyyətlər yaranır.
Ermənistanın “Aysor.am” saytı yayıb. Məqalədə bildirilib ki, Ermənistanda iki il ərzində Paşinyanın ailəsinin və bir qrup dövlət məmurunun rifahının yaxşılaşması istisna olmaqla, ölkənin bütün sahələrində uğursuzluqlar qeydə alınıb.
“Uğursuzluqlar hər yerdədir: iqtisadiyyatdan tutmuş xarici siyasətə, Dağlıq Qarabağ münaqişəsinin həllindən tutmuş koronavirusla mübarizəyə qədər. Xarici siyasətdəki uğursuzluqlar Rusiya yönündə daha çox gözə çarpır – Sergey Lavrovun verdiyi açıqlamalar, Ermənistan liderinin Ağ Evə girməsinə belə icazə verilmədiyi məqam və Nikolun ümumiyətlə səfərlərinin turist ziyarətlərinə bənzəməsi, orta vəzifəli şəxslərlə görüşü bunları təsdiqləyir. Qarabağ məsələsi barədə danışmağa isə ehtiyac qalmır, çünki danışıqlar masasında sənədin olması səbəbindən Paşinyanın böyük yalanı üzə çıxdı. Əslində, Nikol Paşinyan gizli danışıqlar zamanı Dağlıq Qarabağ məsələsində güzəştə (İşğal altında olan Qarabağdan Ermənistan qoşunlarının geri çəkilməsi nəzərdə tutulur – red.) getməyə razılıq verib”, - deyə məqalədə qeyd edilib.
Ermənistanın dövlət idarəetmə sistemi dağılma ərəfəsində
Xüsusilə aprelin 28-də Ermənistanın Qavar şəhərində xəstəxanaya hücum, insanların öldürülməsi və həbslərlə müşahidə olunan hadisə, bir daha Ermənistanın dövlət idarəetmə sisteminin sonu olduğunu sübut edir. Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakunts sözügedən hadisə ilə bağlı bildirib ki, indiyə qədər polisin əməliyyatları ilə bağlı detallı şəkildə tam məlumat təqdim olunmur. Sakuntsun sözlərinə görə, Ermənistan polisi insanların təhlükəsizliyini təmin etməyə hazır deyil.
Ermənistanın "Aravot” nəşrində dərc olunan məqalədə də Paşinyanın hakimiyyəti sərt tənqid olunur. "Həyatımda iki dəfə seçkilərə qatılmaqdan məmnun olmuşam, ilk dəfə ilhamlanmış səsimi mərhum Karen Dəmirçyan və Vazgen Sarkisyanın "Birlik” blokuna vermişdim, amma milli arzum gerçəkləşmədi, çünki onların həyatı, o cümlədən bizlərin də həyatı cinayətkarın məlum faciəni törətməsi ilə pozuldu. Bununla da iyirmi ilə yaxın bir ruh qaranlığı çökdü”, - deyə müəllif məqaləsində yazır. O qeyd edir ki, Paşinyan və tərəfdarları sayəsində 2018-ci ildə hakimiyyət dəyişikliyindən sonra bir çox adam onlara səs verdi: "Bir çox adam kimi mən də bir çıraq yandıran şəkildə ilhamlanaraq səsimizi Paşinyana verdik. Amma bu gün təəssüf ki, məyus olduğumu bildirirəm, səssiz qalaraq, özünüaldatma ilə məşğul olmaq istəmirəm. N.Paşinyanın səhv etməsi təəssüf doğurmur, səhv insan oğluna aiddir. Kədərlisi odur ki, səhv etməklə Paşinyan, bu səhvləri nəinki qəbul edir və düzəltməyə çalışır, əksinə bunları əsaslandırmağa və yalan söyləməyə cəhd edir”.
Eləcə də, "politik.am” erməni nəşrində dərc olunan məqalədə də vurğulanır ki, iki il ərzində Paşinyan, hökuməti zəiflətməyə və ölkənin daxili həyatındakı hadisələrə nəzarəti itirməyə müvəffəq olub. Nəşrdə dərc olunan məqalədə bildirilir ki, Paşinyan ayılmalı və vəziyyəti öz əlinə almağa çalışmalıdır. Ən maraqlısı isə odur ki, sosial mediada və bəzi KİV-lərdə insanlar Paşinyanın son canlı yayımda alkoqolun təsiri altında olması ehtimalını müzakirə ediblər. Baş nazirin ona edilən müraciətləri qulaqardına vurduğu, əhəmiyyət vermədiyi bildirilir.
David Şahnazaryan: "İşğal edilmiş əraziləri Azərbaycana qaytaracaqlar"
Göründüyü kimi, Dağlıq Qarabağ münaqişəsinin həllinin mərhələli variantı ətrafında danışıqlar və Sergey Lavrovun açıqlamaları o deməkdir ki, sənəd masa üzərindədir və o imzalanmalıdır.
Ermənistanın keçmiş milli təhlükəsizlik naziri, siyasətçi David Şahnazaryan bildirib ki, bu hər şeydən əvvəl, Lavrovun dediyi kimi, Artsax Silahlı Qüvvələrinin ərazilərdən (beş rayondan) çıxarılması və ikinci mərhələdə, işləməyəcək bəzi kommunikasiyaların açılması, Azərbaycanın tərkibinə daxil olması istisna olmamaqla Dağlıq Qarabağın hansısa müvəqqəti statusudur və bu əraziləri azərbaycanlılara qaytaracaqlar: «Bu faktı vurğulamaq yerinə düşər ki, Paşinyan hakimiyyətə gələn ilk günlərdə danışıqları əvvəlki hakimiyyətdən qalan nöqtədən davam etdirməyəcəyini dedi, guya o öz nöqtəsindən danışıqlar aparır. Lavrov Paşinyanın həmin “bəndini” üzə çıxardı, bu da bəzi ərazilərin qaytarılması, qalan məsələlərin, o cümlədən Dağlıq Qarabağın statusunun gələcək danışıqlara saxlanılması deməkdir. Ermənistan Xarici İşlər Nazirliyi və ümumilikdə erməni tərəfi reallığı gizlətməkdə, yalan danışmaqda davam edir. Absurd, bir-birinə zidd olan açıqlamalar verilir: Nikol Paşinyan deyir ki, qərar Ermənistanı, Artsaxı və Azərbaycanı qane etməlidir, Zohrab Mnatsakanyan iddia etdi ki, “heç bir danışıq yoxdur”, “bu məsləhətləşmədir”, “masada sənəd yoxdur”.
D.Şahnazaryan onu da vurğulayıb ki, Lavrov tarixən Ermənistan-Rusiya münasibətlərinin ən aşağı səviyyəsini qeyd edib: «Əminəm ki, mərhələli variant ətrafında danışıqlar prosesi artıq son tura yaxınlaşır, çünki Rusiya Xarici İşlər naziri Sergey Lavrov bildirdi ki, bu sənəd masa üzərindədir, danışıqlar olub və o imzalanmalıdır. Və bu, Ermənistan hakimiyyətinə, hər şeydən əvvəl Paşinyana bir çağırış idi ki, artıq respublika ictimaiyyəti ilə səmimi olmağın, reallığı gizlətməməyin vaxtıdır, hansı ki, baş nazir artıq iki ildir məhz bunu edir».
"Ermənistan bütün istiqamətlərdə tam uğursuzdur"
D.Şahnazaryan Ermənistanın bütün istiqamətlərdə uğursuzluqda olduğunu deyərək bildinrib ki, ölkə iqtisadi, sosial, investisiya və ilk növbədə xarici siyasət tamamilə məğlub durumdadır: «Ermənistanın nəinki strateji tərəfdaşı olan Rusiya ilə ən aşağı səviyyədə münasibətləri var, eyni vəziyyət ABŞ ilə münasibətlərdə də müşahidə olunur, burada ümumiyyətlə gündəlik yoxdur. ATƏT-in Minsk Qrupunun digər həmsədri ötən il Azərbaycanla münasibətləri düzəldən və hətta hərbi-texniki sahədə çox genişmiqyaslı proqramlar həyata keçirən Fransadır. Yəni təkcə Dağlıq Qarabağ probleminin həllində deyil, bütövlükdə xarici siyasətdə də utancverici bir vəziyyət yaranıb. Beynəlxalq münasibətlərdə belə bir iş tərzi qəbuledilməzdir və bu səbəbdən dünyanın heç bir yerində Paşinyan hakimiyyətinə ciddi yanaşmırlar”.
Andranik Tevanyan: “Ermənistan ən azı 2022-ci ilə qədər böhran vəziyyətində olacaq”
Erməni politoloq Andranik Tevanyan Ermənistanın qarşısında duran əsas çətinlikləri sadalayaraq bildirib ki, Ermənistan ən azı 2022-ci ilə qədər koronavirus və sosial-iqtisadi baxımdan böhran vəziyyətində olacaq. Ən əsası isə, Ermənistan reallıqda məhvolmalar qarşısında dayanmışıq”.
Beləliklə, bütün bunlar ondan xəbər verir ki, Paşinyan bu qədər uğursuzluqdan sonra yaxşı olar ki, bu saxta yalanlarından əl çəksin. Çünki nə qədər ki, Paşinyan danışıqların dalana dirənməsinə çalışarsa, o zaman Azərbaycan yenidən hərbi əməliyyatlara başlayarsa, aprel döyüşlərində və Günnüt əməliyyatlarında olduğu kimi, Ermənistan növbəti dəfə Silahlı Qüvvələrimizin sərt zərbəsinə tuş gələcək. Digər tərəfdən düşmən onu da unutmur ki, döyüş hazırlığına görə Silahlı Qüvvələrimiz dünyanın 50 ən aparıcı ordusu sırasında qərarlaşıb. Ordumuzun döyüş hazırlığı səviyyəsinin daha da yüksəldilməsi, şəxsi heyətin müasir silah və texnika ilə təmini istiqamətində də indinin özündə zəruri addımlar atılır. Və ordumuz istənilən an işğal altında olan torpaqlarımızı azad etməyə, düşmənin bütün strateji hədəflərini məhv etməyə qadirdir.
A.SƏMƏDOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB