Nizami Cəfərov: “Mədəniyyət kanalında şounun olması təbii haldır” - MÜSAHİBƏ

Nizami Cəfərov: “Mədəniyyət kanalında şounun olması təbii haldır” - MÜSAHİBƏ

Mədəniyyət kanalının açılması ilə bağlı Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərovun SİA-ya müsahibəsi:

- Yeni açılan Mədəniyyət kanalının fəaliyyətini necə dəyərləndirirsiniz?

- Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AZTV) nəzdində yaranan bu kanal artıq neçə gündür ki, fəaliyyət göstərir. Bu kanalda artıq elə verilişlər hazırlanıb efirə verilir ki, bu verilişlər həqiqətən də bizim klassik mədəniyyətimizi özündə əks etdirir. Kanalda Azərbaycan mədəniyyətinin çoxşaxəli mənzərəsini təqdim etməyə geniş imkanlar var. Bununla yanaşı, dünya mədəniyyətini də nümayiş etdirmək imkanları burada genişdir. Mədəniyyət kanalının açılışında məmnuniyyətlə iştirak etdik və bir çox mədəniyyət və incəsənət xadimləri öz tövsiyələrini verdilər. Artıq mədəniyyət kanalının sturukturu da formalaşıb və rəhbərliyi də təyin olunub. Bu kanalda sağlam bir başlanğıc özünü hiss etdirir. Belə bir kanalın açılması üçün Prezident İlham Əliyevə öz təşəkkürümüzü bildirik.

- Azərbaycanda Mədəniyyət kanalının açılması ehtiyacı nədən qaynaqlanırdı?

- Mədəniyyət kanalının açılması Azərbaycanın mədəni ictimaiyyətinin çoxdanki arzusu idi. Artıq 10 ildən artıq idi ki, mətbuatımızda bu barədə müzakirələr gedirdi. Əsas da Rusiyanın məşhur mədəniyyət kanalı açılandan sonra Azərbaycanda da belə bir kanalın açılmasına ehtiyac daha çox hiss olunurdu. Digər bir ehtiyac da ondan yarandı ki, televiziyalarımızda klassik mədəniyyətə yer daha az ayrılırdı. Kanallarımızda daha çox şou xarakterli verilişlər üstünlük təşkil etdiyindən dövlətin maliyyələşdirdiyi, arxasında dövlət siyasətinin durduğu kanallara ehtiyac var idi. Məhz bu ehtiyacdan da Mədəniyyət kanalı yarandı.

- Mədəniyyət kanalında hansı xarakterli verilişlər üstünlük təşkil edəcək?

- Hesab edirik ki, bundan sonra da bu kanal dövlətimizin nəzarəti altında olacaq. Bu kanalda ancaq nümunəvi və örnək ola biləcək, Azərbaycanın mədəniyyətinin tarixi, dünya mədəniyyətində baş verən hadisələr, Azərbaycan mədəniyyətinin dünyaya inteqrasiyası ilə bağlı verilişlər veriləcək. Nəzərə alsaq ki, bu gün Azərbaycanda çox güclü bir mədəniyyət prosesi gedir, hazırda bizim bir çox tarixi abidələrimiz bərpa olunur və dünya miqyaslı beynəlxalq qurumlarda qeydə alınır, bütün bunlar imkan verir ki, bu kanal möhkəm baza üzərində, yəni ki mədəniyyətimizin inkişaf etmiş bazası üzərində öz təməllərini qursun və inkişaf etsin.

- Milli Məclisdə bu kanalın inkişafı istiqamətində nə kimi qərarlar qəbul oluna bilər?

- Təbii ki, biz də Milli Məclisin mədəniyyət komitəsi olaraq çalışacağıq ki, mədəniyyət kanalının fəaliyyətini daha dərindən izləyək və onlara lazımi tövsiyələrimizi verək. Həmçinin qəbul edəcəyimiz mədəniyyət haqqındakı qanunlarda mədəniyyətimizin təbliği, xüsusilə də bu kanaldakı təbliği ilə bağlı məsələləri hər zaman diqqət mərkəzində saxlayacağıq. Burada Mədəniyyət və Turizm Nazirliyinin gördüyü işləri də xüsusi vurğulamaq lazımdır. Son zamanlar mədəniyyət sahəsində baş verən irəliləyişlər mədəniyyət kanalına zəngin materiallar verir. Hesab edirik ki, mədəniyyət kanalının timsalında Azərbaycanda mədəniyyətin inkişafında gedən prosesləri göstərən bir güzgü əldə etmişik.

- Bu kanalın açılması və fəaliyyət göstərməsi digər kanallardakı mədəniyyət verilişlərinə məhdudiyyətlər qoymayacaq?

- Başqa televiziyalarda, xüsusilə də Azərbaycan televiziyasında mədəniyyətimizlə bağlı bir çox verilişlər gedir. Düşünürəm ki, mədəniyyət kanalın açılması nəinki həmin verilişləri məhdudlaşdıracaq, hətta digər televiziyalardakı vaxtaşırı olaraq mədəniyyət məsələlərinə müraciət olunan və bu kanallarda mədəniyyət və incəsənətlə bağlı verilişlərin keyfiyyətinə təsir edəcək. Yəni ki, həmin kanallara bir nümunə olacaq. Çünki Azərbaycanda televiziya, ümumiyyətlə isə mətbuat məkanı bütövdür. Onları bir- birindən ayırmaq mümkün deyil. Bu mənada mədəniyyət kanalı öz dəyərli və keyfiyyətli verilişləri ilə nümunə olacaq.

- Digər kanallarda daha çox önəm verilən şou xarakterli veriləşlər bu kanalda da yer alacaqmı?

- Şou xarakterli veriliş məsələlərinə baxış bir qədər mürəkkəbdir. Mədəniyyət və incəsənət özü də eyni zamanda bir əyləncədir. Ancaq təbii ki, bu əyləncə də səviyyəli olmalıdır. Əsas odur ki, əyləndirib də maarifləndirə biləsən. Mədəniyyət kanalında şounun olması təbii haldır. Hətta şou biznesin texnologiyaları bu kanala daxil ola bilər. Ancaq bütün bunların həddi və keyfiyyəti var. Yəni sənətkarlıq və peşəkarlıq mədəniyyət kanalında birinci göstərici olmalıdır və hesab edirəm ki, belə də olacaq. Mədəniyyət kanalı yalnız klassik mahnılarımızı deyil, eləcə də estrada, bu gün çox dəbdə olan bir sıra musiqi xüsusiyyətlərini də istifadə edəcək.

- Bazar iqtisadiyyatının bu kanala daxil olmaq ehtimalı nə qədərdir?

- Bazar iqtisadiyyatının bu gün daxil olmayacağı bir sahə yoxdur. Mədəniyyət və incəsənət də müəyyən dərəcədə bazar iqtisadiyyatı ilə hesablaşır. Ancaq onu deyim ki, bu mədəniyyət kanalında aparıcı olmayacaq. Bu kanal daha çox dövlət tərəfindən maliyyələşdirilirsə istər- istəməz bazar iqtisadiyyatı burada aparıcı ola bilməz. Lakin bununla yanaşı müəyyən eksprimentlər etmək lazımdır.

Bütün xəbərlər Facebook səhifəmizdə