Qanvermə aksiyalarının keçirildiyi ünvanlardan biri Cümə Məscidi oldu – FOTOSLAYD

Qanvermə aksiyalarının keçirildiyi ünvanlardan biri Cümə Məscidi oldu – FOTOSLAYD
Hər il Məhərrəm ayının 10-cü günü keçirilən Aşura mərasimləri zamanı qanvermə aksiyalarının təşkili ənənəvi hal alıb. Aşura günündə Qafqaz Müsəlmanları İdarəsinin təşkil etdiyi qanvermə aksiyalarının 13 dini ibadət mərkəzlərindən biri də İçəri şəhər "Cümə" məscididir. SİA əməkdaşları da vəziyyəti izləmək üçün "Cümə" məscidində olub. Bu günlə əlaqədar olaraq məsciddə Elmi-Tədqiqat Hemotologiya və Transfuziologiya İnstitutunun səyyar qan köçürmə laboratoriyasının əməkdaşlarına tam şərait yaradılıb.
Səhər saatlarında başlanan qanvermə aksiyasında İçərişəhər "Cümə" məscidi dini icmasının üzvləri, məscidə gələn dindarlarla yanaşı, digər məscidlərin dini icmalarının nümayəndələri, bu xeyirxah işdə iştirak etmək istəyən adi vətəndaşlar da yaxından iştirak ediblər. Müşahidələr apardığımız məsciddə din xadimlərinin həkimlərin və qan verən insanların bu günə və qanvermə aksiyasına münasibətlərini öyrəndik.

- İçərişəhər "Cümə" məscidi dini icmasının sədri, axund hacı Surxay Məmmədli

- Dini mərasimlər zamanı qan çıxarmaq, zəncir vurmaq, bədənə hər hansı xəsarət yetirmək günahdır. Əksinə donor qanına çox ciddi ehtiyacı olan insanlara, ilk növbədə talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən uşaqlara köməklik göstərmək daha savablıdır. Biz bu işləri dəstəkləyirik və müsəlman qardaş və bacılarımızı belə işlərə qoşulmağa çağırırıq. Keçən ildən bu ilə gənclərin, insanların bu məsələyə baxışlarında xeyli dəyişikliklər var.
İmam Hüseyn insanlara əxlaq, mübarizlik məktəbini öyrədib. Ötən illərə nisbətən insanlar, gənclər xeyli maariflənib. Bir zamanlar zəncir vurub, qan tökənlər çoxluq təşkil edirdisə, Qafqaz Müsəlmanları İdarəsi rəhbərinin qərarı ilə bu məsələlər aradan qaldırılır. Mən və mənim simamda bütün din xadimləri bunu çox uğurlu aksiya kimi qiymətləndirdi.
Allah-Təala Quranda da bildirib ki, bir insana həyat vermək bəşəriyyətə həyat vermək, bir insanı öldürmək isə kainatı, bütövlükdə isə bəşəriyyəti öldürmək deməkdir. İldə bir dəfə qanvermə aksiyalarını təşkil etməklə talessemiyalı xəstələrə, qan xəstəliklərindən əziyyət çəkən uşaqlara həyat veririk. Bu İmam Hüseyn yolunda ehsan olaraq verilən qandır. Həm də bunun bilavasitə bir adəm övladına yardım göstərilir ki, bundan da böyük dəyər, qiymət ola bilməz.

- Klinik Tibbi Mərkəzin qanköçürmə şöbəsinin müdiri Nabat Xəlilova

- Bu aksiyalar hər il Məhərrəmlik ayının Aşura günündə keçirilir. İldən-ilə bu aksiyalar daha təkmil şəkildə təşkil olunur və əhalinin daha çox hissəsini buraya cəlb etməklə başa çatır. Əhalinin bu aksiyaları münasibəti daha yüksəkdir. İldən-ilə qan vermək üçün müraciət edən əhalinin sayı da artır. Səhiyyə Nazirliyinin və Mərkəzi Qan Bankının əhali arasında apardığı maarifləndirmə tədbirlərinin geniş şəkil alması nəticəsində əhalinin qanvermə aksiyalarına münasibəti tamamilə dəyişib. Bu gün səhər 09:00-dan etibarən Cümə məscidində qanvermə aksiyası təşkil olunub. Bu saata qədər 100-dən çox insan könüllü olaraq qanvermə aksiyasında iştirak edir. Toplanan qan əvvəlcədən müayinə edilib, köçürməyə yararlılığı bilindikdən sonra xəstə uşaqlara veriləcək.

- Qan verən Həsənov Xudaverdi

- Bu gün xəstəlikdən əziyyət çəkən çoxsaylı uşaqlarımız, insanlarımız var. Aksiyada iştirak etməkdə məqsədimiz odur ki, bizim verdiyimiz qan sayəsində həmin xəstə insanlar şəfa tapsınlar. Hər il qanvermədə iştirak edirik. Biz bu qanı Allah yolunda, İmam Hüseyn yolunda veririk. Allahın köməkliyi ilə də heç zaman hansısa mənfi hallarla qarşılaşmamışıq.

- Aksiya iştirakçısı Qurbanova Rəna

- 3 ildir ki, Aşura günündə keçirilən aksiyalarda iştirak edir, qan verirəm. Özümü yaxşı hiss edirəm. Qanvermə aksiyalarında iştirakım könüllü olaraq olub və bütün bunları Allah xatirinə edirəm. Qan verdikdən sonra hər şey qaydasında olur və səhhətimdə heç bir problemlə qarşılaşmıram. Bir daha qeyd edirəm ki, aksiyada iştirak etməkdə məqsədim Allah yolunda, Allah xatirinə qan verməklə qan xəstəliyindən əziyyət çəkən insanlara kömək etməkdir.

Qeyd edək ki, bu gün paytaxtla yanaşı bölgələrdə də qanvermə aksiyaları keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə