İsmixan Bayramoğlu: "Süleyman Dəmirəldən sonra İzmir İqtisad Universitetinin ikinci Fəxri doktorunun Prezident İlham Əliyev olması qürurvericidir" - MÜSAHİBƏ
Bakıda öz işini davam etdirən 4-cü Azərbaycan Beynəlxalq "Təhsil və Karyera" sərgisində ən böyük milli pavlyonlardan biri də Türkiyə Cümhuriyyətinə məxsusdur. Qardaş ölkənin stendlərində 15 nüfuzlu universitet öz xidmətlərini ziyarətçilərə təqdim edir. Bunların arasında özünün səliqə-səhmanı ilə seçilən, eləcə də ziyarətçilərin böyük marağına səbəb olan ali təhsil müəssisələrindən biri də İzmir İqtisad Universitetidir. Universitetin quruculmasında yaxından iştirak edənlərdən biri - həmyerlimiz, Fənn-ədəbiyyat fakultəsinin dekanı İsmixan Bayramoğlu və universitetin təhsil məsələləri üzrə müdiri Nərgiz xanım Filiz ziyarətçilərə böyük həvəslə universitetin özəllikləri barədə məlumatlandırırlar. Fürsətdən istifadə edib, onlardan sərgi haqda təəssüratlarını SIA ilə də bölüşməyi xaşih etdik.
- Bakıda keçirilən ənənəvi sərgilərdə İzmir İqtisad Universiteti, gərək ki, ilk dəfə iştirak edir?
Nərgiz Filiz:
– Doğrudur, artıq 4-cü dəfə keçirilən "Təhsil və Karyera" sərgisində bizim ilk iştirakımızdır. Amma, buna baxmayaraq, bu ilin aprel ayında Bakıda "Hyatt Regency" otelində təhsil sahəsi üzrə digər bir sərgi keçirilirdi. O zaman mən Azərbaycana tək gəlmişdim. Budəfəki sərgi daha möhtəşəm, iştirakçıların sayı daha artıq olduğu üçün rəhbərlik tərəfindən belə qərara alındı ki sərgidə iki nümayəndə ilə təmsil olunaq. Digər tərəfdən isə Anadolu və Azəri türkcəsi bir-birindən yalnız ləhcə qədər fərqlənsə də , İsmixan müəllim auditoriyanı daha tez ələ almağı bacarır, tələbələrlə asan dil tapır. Odur ki, Bakıya birlikdə gəldik.
İsmixan Bayramoğlu:
- Həm də Bakı üçün darıxmışdım,necə olsa bura mənim Vətənimdir. Doğrudur, dost-tanışla, pedaqoq həmkarlarımla daim telefonla əlaqə saxlayıram. Amma, onlarla canlı təmasda olmaq başqadır. Sərginin rəsmi açılışında təhsil naziri Misir Mərdanovla birlikdə stendləri ziyarət edənlər arasında buradakı həmkarlarımı görüb sevindim. Mən Bakı Dövlət Universitetinin(BDU) məzunuyam. Tətbiqi-riyaziyyat fakultəsini bitirmişəm. Rəhmətlik Tofiq İsmayılovun rəhbəri olduğu Kosmik tədqiqatlar institutunda işləyirdim. Doktorluq disertasiyamı Kiyev şəhərində müdafiə etdikdən sonra bir müddət, paralel olaraq, BDU-da ehtimal nəzəriyyəsi kaferdasında tələbələrə dərs deyirdim. Həmin vaxtlar elə bir dövrə təsadüf edirdi ki, ölkə vətəndaş müharibəsi ilə üz-üzə dayanmışdı. Hakimiyyətsizlik, xaos və anarxiya baş alıb gedirdi. Təhsilə, elmə fikir verən yox idi. Öz gələcəyini, respublikanın elmi inkişafını düşünən bütün ziyalılar -elmi potensial ölkəni tərk edirdi. Belə bir şəraitdə mən də qardaş ölkəyə getməyə qərar verdim. 1993-cü ilin əvvəlində Türkiyəyə getdim.O zaman Ankara universitetində yüksək ixtisaslı riyaziyyatçı kadrlara böyük ehtiyac var idi. Odur ki, işə düzəlməyim heç də çətin olmadı. Universitetin professor heyətində yer aldım. 1999-cu ildə isə Türkiyə mənə vətəndaşlığı verdilər. İlk vaxtlar düşünürdüm ki, gedişim müvəqqətidir, amma artıq 17 ildir ki Türkiyədə yaşayıram. Yeri gəlmişkən qeyd edim ki, 2001-ci ildə İzmir İqtisad Universiteti yaradılarkən, ilk dəvət olunan pedaqoqlardan biri mən olmuşam. Çalışdığım Ankara universitetinin əslən İzmirdən olan rektoru, eyni zamanda Yüksək Öyrətim Kurumunun(YÖK) üzvü idi. Bu Türkiyədəki universitetləri koordinasiya edən bir mərkəzdir. O, artıq mənim iş təcrübəmə bələd idi, beynəlxalq konfraslardakı iştirakımı bilirdi. Odur ki, məni də bu prosesə cəlb etdi. İlk ili 2 fakultə və 300 tələbə ilə fəaliyyətə başladıq. Mən fənn ədəbiyyatı fakultəsinin dekanı təyin olundum. Elə həmin ildən indiyədək universitetin İdarə Heyətinin və Senatın(universitetin daxili nizam-intizam, dərs proqramları, yeni ixtisasların təsis edən, idarəçiliklə bağlı və s. qərarlar qəbul edən qurum) üzvüyəm. Fakultə dekanları 3 il müddətinə seçilirlər. Mən isə artıq 4-cü dəfədir ki, bu vəzifəyə seçilirəm. Eyni zamanda İİU-nun riyaziyyat bölümünün sədriyəm. Təvazükarlığdan uzaq olsa da deməliyəm ki, qurulmasında xeyli zəhmətim olmuş bir ali təhsil ocağını buraxıb gəlməyi bacarmıram. Digər tərəfdən isə mənim bütün elmi fəaliyyətim bu universitetlə bağlıdır. Beynəlxalq miqyaslı elmi konfranslarda dəfələrlə İzmir İqtisad Universitetini təmsil etdiyim üçün, riyaziyyatçı alimlər artıq məni belə tanıyırlar, belə qəbul edirlər. Bütün bunları dəyişmək heç də asan məsələ deyildir.
- Qardaş ölkənin özəl ali təhsil ocağını təmsil edirsiz.Sizcə, iki ölkənin özəl ali məktəbləri arasındakı fərq nədədir?
N.F: -Ümumiyyətlə götürdükdə, Türkiyədə Azərbaycanda olduğu kimi özəl universitetlər yoxdur. Burada, məsələn, hansısa bir imkanlı şəxs, yaxud təsisçilər qrupu tərəfindən universitet açıla bilər. Orada isə ölkədə tanınmış, nüfuzlu fondlar təhsil ocaqlarının təsisçisi ola bilərlər. Onu da qeyd edim ki, fond yaratmaq heç də asan məsələ deyil, bunun üçün böyük, eləcə də sabit maliyyə qaynaqlarına malik şirkətlərin, təşkilatların olması vacib şərtdir. Məlumat üçün qeyd edim ki, bizim universitet, 2001-ci ildə İzmir Ticarət Palatasının(İTP) Təhsil və Səhiyyə fondu tərəfindən təsis edilib. İTP isə Türkiyədə çox nüfuzlu bir təşkilatdır. Bütün Ege bölgəsinin iri sənaye müəssisələri, o cümlədən Azərbaycanın da səhmdarı olduğu "Petkim" şirkəti bu palatanın üzvləridir. Digər tərəfdən isə fondlar universitet açarkən, dövlət universitetlərindən hər hansı biri ona zamin durmalıdır ki, sabah hər hansı bir səbəbdən bu təhsil ocağının fəaliyyəti dayanarsa, buradakı tələbələr öz təhsillərini həmin ali məktəbdə davam etdirə bilsinlər. Bu mənadə, dövlət statuslu Ede Universiteti İzmir İqtisad Universitetinin(İİU) qarantı rolunda çıxış edir. Bundan əlavə, yeni yaradılan universitetin sənədləri Türkiyə Böyük Millət Məclisi və Nazirlər Kabineti tərəfindən təsdiq edildiyindən onun statusu demək olar ki, dövlət universitetləri ilə eyni olur.
İ.B: - Digər tərəfdən isə,Türkiyədə özəl ali məktəblər, dövlət statuslu universitetlərin, həm təmizlik, səliqə-sahman, həm də tədrisin keyfiyyəti, burada çalışan professor-müəllim heyətinin daha professonal olması ilə fərqlənir. İlk növbədə təhsil sistemini dərindən bilən, beyləxalq miqyasda tanınan pedaqoqlar-alimlər tədris prosesinə gəlb olunur. Məsələn, bizim universitetdə dünyanın müxtəlif qitələrdən, müxtəlif universitetlərindən dəvət olunmuş professorlar çalışır. Eyni zamanda , burada tədris ingilis dilində aparıldığı üçün , universiteti bitirən tələbələr dünyanın istənilən ölkəsində çalışmaq şansı əldə edirlər. Digər tərəfdən isə dünya universitetlərinin reytinqi burada çalışan pedaqoqların elmi araşdırmalarının sayına və keyfiyyətinə əsasən müəyyən edilir. Bu göstərici baxımdınan İİU, deyərdim ki, dövlət universitetlərini qabaqlayır.Universitetimizin alimləri il ərzində müxtəlif ölkələrdə keçirilən elmi konfranslarda məruzə ilə çıxış edir, elmi araşdırmalarını həmkarları ilə paylaşır, nüfuzlu jurnallarda öz elmi məqalərini dərc edirlər. Mənim özüm ildə bir neçə dəfə belə tədbirlərdə iştirak edirəm. Eyni zamanda türkiyədə və onun xaricində müxtəlif simpoziumlar və konfransların təşkilində yaxından iştirak edirik. Daha önəmli məqam isə sözsüz ki, təhsildir. İzmir İqtisad Universiteti Türkiyədə 54 özəl universitet arasında Avropa Komissiyasının keyfiyyət sertifikatını almış sayca üçüncü universitetdir. Bundan əvvəl isə Türkiyə özəl universitetlərindən yalnız Bilkənd və Sabançı universitetlərinə belə sertifakatlar verilib. Bundan əlavə, İİU Avropa Universitetlər Birliyinin üzvüdür.Mərkəzi qərargahı Belçikada yerləşən bu təşkilat Avropanın ən nüfuzlu universitetlərini, eləcə də Asiyanın bəzi aparıcı universitetlərini birləşdirir. Təşkilat tərəfindən yaradılan komissiya, hansı ki,buraya təqaüddə olan alimlər daxildir, ilboyu bütün ölkələri gəzərək özəl universitetlərdə təhsilin səviyyəsini dəyərləndirir. Eyni zamanda müəllim-tələbə heyəti ilə ayrı-ayrılıqda görüşlər keçirir, məlumat toplayır. Ali təhsil ocağının master və doktor proqramları, eləcə də tələbələrin gələcəkdə hansı sahələrdə çalışacaqlarına dair proqnozları dəyərləndirirlər. Bunun nəticəsi olaraq universitetdə tədrisin keyfiyyətini, onun strateji planlarını və hədəflərini qiymətləndirir. Özəl universitetlər arasındakı digər, lap deyərdim ən əsas, fərq isə, sözsüz ki, bu rüşvətlə bağlı olan məsələdir. Heç kəsə sirr deyil ki, Azərbaycanda özəl ali məktəblərdə, adını müxtəlif cür qoysalar da, tapşırmaq, yaxud hər semestrin sonunda pul yığmaq və s. neqativ hallar mümkündür. Türkiyədə isə bu, mümkün hal deyil. Hər bir ali məktəbin açıq Veb-səhifəsi var. İstənilən tələbə oraya daxil olub, bu və ya digər müəllim haqda onun keçdiyi dərsin keyfiyyəti ilə bağlı fikirlərini yaza bilər. Və bu, "onlayn" rejimində bütün dünyada oxunur. Odur ki, nə tələbəyə rüşvət vermək qalır, nə də ki, müəllimə onu almaq. Doğrudur, imtahandan kəsilən tələbələr də olur. Onlar da kredit qaydasında öz kəsirlərini düzəldirlər. Eşitdiyimə görə, bu qaydanı indi Azərbaycanda da tətbiq etməyə başlayıblar.
- Sərgidə iştirak etməkdə məqsədiniz, yəqin ki, universitetinizə Azərbaycandan tələbə cəlb etməkdir. Ümumiyyətlə, indiyədək nə qədər azərbaycanlı İİU-da təhsil alıb?
İ.B: -Sözsüz ki, bu belədir. İndiyədək İİU-da çox az , hətta barmaqla sayıla bilən sayda tələbə oxuyur. Amma , bir Azərbaycanlı kimi, istəyirəm ki, daha çox soydaşımız burada təsir alsın. Və mən də əlimdən gələn köməkliyi, buna imkanlarım da var, onlara göstərə bilim. Burada bir haşiyə çıxmaq istəyirəm. Mən hələ Ankara universitetində işləyirdim, 1994 ya da 1995-ci il idi. Ulu öndərimiz Heydər Əliyev Ankaraya gəlmişdi. O zaman daha gənc idim-33 yaşım var idi. Görüşlərin birində biz - Türkiyədəki çalışan ziyalılar da iştirak edirdik. Söhbət təhsildən düşərkən qeyd etdim ki, bizdə –Azərbaycandakı təhsilin səviyyəsi Türkiyədən qat-qat üstündür.O zaman bu kadrları Bakıda da izləmişdilər. Həmkarlarım telefon açıb məni qınadılar ki, "niyə belə risk edirsən, orada oturduğun bəs deyil, hələ bir ölkənin təhsil sistemini tənqid də edirsən". Amma, üstündən az bir müddət keçəndən sonra, Türkiyədə təhsil islahatlarına start verildi. Ölkəyə "beyin axını" başladı. Təhsil sistemi dirçəldi və inkişaf etməyüə başladı. İndi Türkiyənin təhsil sistemi dünyanın ən qabaqcıl ölkələri ilə rəqabət aparmaq qabiliyyətindədir. Mən istəyirəm ki, bizim Azərbaycanlı gənclərimiz də gəlib Türkiyənin ali təhsil ocaqlarının imkanlarından yararlansınlar, öz bilik və bacarıqlarını artırsınlar. Gəlin etiraf edək ki, bu gün Azərbaycandakı ən məşhur həkimlər türkiyədə təhsil alanlardır. Eləcə də digər peşə sahibləri də. Mənim səylərim də bunu üçündür. Bu yolla olsa belə Vətənim, millətim üçün faydalı işlər görmək istəyirəm.
N.F: - Mən də bir zəruri qeydi etmək istəyirəm. Əvvəlki illərdə Türkiyədə təhsil almaq üçün Azərbaycanda ümumi sınaq imtahanları keçirilirdi. Burada 40 baldan yuxarı nəticə göstərənlər Türkiyə ali məktəblərinə oxumağa göndərilirdi. Artıq yeni qaydalara əsasın, Türkiyə ali məktəblərinə daxil olmaq istəyənlər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi imtahanlarda iştirak etməlidirlər. İmtahanlarda 420 baldan artıq nəticə göstərən abituriyentlər Türkiyənin ali məktəblərində təhsil almaq hüququ qazanırlar. Amma, burada daha bir məsələ var - YÖK-ün təsdiq etdiyi qaydalara əsasən, bundan belə tələbələri universitetlər özləri seçəcəklər. Bizim universitetdə təhsil ingilis dilində olduğundan Azərbaycandan olan tələbələrə bir il müddətində ingilis dili öyrədiləcək. Əgər onlar dili mükəmməl səviyyədə qavraya bilsələr, universitet rəhbərliyinin qərarına əsasən, onlar üçün illik təhsil haqqı 50% -ə endiriləcək. Xatırladım ki, universitetdə illik təhsil haqqı 8500 ABŞ dollarıdır. Bundan əlavə, təhsil zamanı bütün tələbələr universitetin xidmətindən yaralana bilir, eləcə də yataqxana ilə təmin olunurlar.
- Və nəhayət, son sualım. Azərbaycanın təhsil sisteminə bələd olan bir mütəxəssis kimi, ölkəmizdə təhsilin inkişafını necə görürsünüz?
İ.B: - Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkədə həyata keçirdiyi uğurlu islahatlar heç şübhəsiz ki, təhsil sisteminin inkişafına da öz müsbət təsirini göstərməkdədir. İnanıram və eyni zamanda əminəm ki, bu islahatların nəticəsi olaraq , bir qədər öncə söylədiyim mənfi hallar Azərbaycan təhsil sistemindən də yığışdırılacaq. Təhsil ocaqlarında biliyə, tələbənin bacarığına üstünlük veriləcək. Çünki , Azərbaycanın gələcəyi məhz bü günün tələbələrindən asılı olacaq. Odur ki, mən Azərbaycanda təhsil sisteminin gələcəyinə çox nikbin baxıram. Elə götürək dövlət başçısının sərəncamına uyğun olaraq hər il minlərlə gəncin xaricdə təhsil almağa göndərilməsinə. Bu ənənənin əsasını vaxtı ilə Ulu öndər Heydər Əliyev qoyub. Ötən əsrin 70-80-cı illərində "inaqordnı" təhsil alan gənclərimizin əksəriyyəti bu gün Azərbaycan hökumətinin sükanı arxasındadır. Hesab edirəm ki, son illərdə Avropanın aparıcı ali təhsil məktəblərinə göndərilən gənclərimiz də təhsillərini başa vurduqdan sonra vətənə dönəcək və dövlətin idarə olunması işinə cəlb olunacaqlar. Xarici ölkədə yaşayan bir ziyalı kimi, dövlət başçımızın bu istiqamətdəki fəaliyyətini yüksək dəyərləndiriəm. Yeri gəlmişkən qeyd edim ki, Prezident İlham Əliyevin fəaliyyəti, onun yürütdüyü daxili və xarici siyaəst Türkiyədə çox diqqətlə izlənilir və dəstəklənir. Məhz bunun nəticəsildir ki, İzmir İqtisad Universitetinin qərarı ilə, Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəlin ardınca, Azərbaycan Prezidenti İlham Əliyev universitetimizin Fəxri doktoru adına layiq görülüb. Bu bizim üçün -Türkiyədə yaşayan azərbaycanlılar üçün bir qürur hissidir. Mən, Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın daha böyük zirvələr fəth edəcəyinə əminəm.
N.F: -Yeri gəlmişkən, mən də bir məsələyə toxunmaq istərdim. İsmixan müəllim Prezident İlham Əliyevin sərəncamı ilə xaricdə təhsil alan azərbaycanlı tələbələr məsələsini qeyd etdi. Çox istərdim ki, həmin siyahıda türkiyə universitetlərinin sayı çox olsun. Çünki, bu gün Türkiyənin universitetlərində təhsilin səviyyəsi beynəlxalq səviyyədədir. Və bu ali məktəblərdə təhsil alacaq gənclər sabah qardaş Azərbaycanın daha da inkişafına öz töhfələrini vermiş olacaqlar.
- Səmimi söhbət üçün təşəkkür edirik.
N.F: -Biz də agentliyiniz vasitəsilə bütün Azərbaycan xalqına səmimi salamlarımızı yetirir, eləcə də rifah və xoş güzaran arzulayırıq.
Bütün xəbərlər Facebook səhifəmizdə