“Türkdilli dövlətlər arasında möhkəm birliyin yaranması zərurətdir və heç kəs bu prosesin qarşısını ala bilməz”- MÜSAHİBƏ
- Oktyabrın 3-ü əksər türkdilli ölkələrdə bu ölkələrin əməkdaşlıq günü kimi qeyd olundu. Bildiyimiz kimi, belə bir bayramın türkdilli ölkələrin təqviminə salınması təşəbbüsü ilə çıxış edənlərdən biri də sizin rəhbərlik etdiyiniz fonddur. Bu təşəbbüsün irəli sürmək hansı zərurətdən yarandı?
- 2007-ci ilin dekabr ayının 12-də Qazaxıstanın Almatı şəhərində "Türkdilli dövlətlərin inkişafında liderlərin rolu" mövzusunda II elmi -nəzəri konfrans keçirmişdik. Qırğızıstan, Qazaxıstan və Azərbaycandan görkəmli elm xadimləri, siyasətçilər və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirin sonunda türkdilli dövlətlərin rəhbərlərinə müraciət qəbul etmişdi. Həmin müraciətdə türkdilli ölkələr arasında birliyin möhkəmlənməsi, əlaqələrin genişlənməsi istiqamətində dövlət başçılarının gördüyü işlər təqdir olunmuş, həmçinin, münasibətlərin daha yüksək inkişafı məqsədilə təkliflər irəli sürülmüşdü. Biz təklif etmişdik ki, türkdilli ölkələr arasında gömrük nəzarəti sadələşdirilsin, həmçinin, bu ölkələr arasında vahid valyuta qəbul olunsun, illər türk dünyasının dahi şəxsiyyətlərinin adı ilə adlandırılsın. Məsələn, illərdən biri Heydər Əliyev ili, yaxud Atatürk ili elan olunsun. Bunun özü geniş tanıtım, təbliğat imkanları yaradır. Belə ki, əgər, illərdən biri hansısa dahi dövlət xadiminin adı ilə adlansa və bu münasibətlə silsilə tədbirlər keçirilsə, bu həm də həmin şəxsin məxsus olduğu xalqın başqa qardaş ölkələrdə təbliğinə imkan verəcək. Bu isə nəticə etibarilə, türkdilli xalqların bir-birinə inteqrasiyasına kömək göstərəcək. Bu təkliflərdən biri də bu idi ki, ilin müvafıq günlərindən biri Türkdilli xalqların həmrəylik günü kimi qeyd olunsun. Bizim bu təkliflərimiz bütün dövlət başçılarına ünvanlanmışdı. Bildiyiniz kimi, sentyabr ayının 16-da İstanbulda keçirilən Türkdilli ölkələrin dövlət başçılarının X zirvə toplantısında bu məsələ öz həllini tapdı və oktyabrın 3-ü Türkdilli ölkələrin əməkdaşlıq günü elan olundıı. Bu isə bizi ikiqat sevindirir. Həm ona görə ki, bu məsələnin həllini tapması türkdilli ölkələr arasında əlaqələrin daha da inkişafına yardım edəcək, həm də bu, onu göstərir ki, Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun təşəbbüsü həyata keçir.
- Son illər türkdilli dövlətlər arasında əlaqələrin inkişafı baxımından görülən işləri necə qiymətləndirirsiniz?
- Türkdilli dövlətlər arasında möhkəm birliyin yaranması zərurətdir və heç kəs bu prosesin qarşısını ala bilməz. Çünki türk dünyası dövlətləri arasında birliyi şərtləndirən çox ciddi səbəblər mövcuddur. Bizi ortaq tarix, mədəniyyət, dil, din eyniliyi kimi çox ümdə məsələlər birləşdirir. Türk xalqları əsrlər boyu bir yerdə yaşayıb, bir yerdə çalışıb, ortaq mədəniyyət yaradıb və ondan bəhrələniblər. Ən çətin tarixi situasiyalarda türk xalqları bir-birilərinə yardımı əsirgəməyiblər, bir-birilərinin yanında yer alıblar. Müasir dünyamızda da türkdilli ölkələrin birliyi daha aktual və vacib xarakter alıb. Ona görə də bu istiqamətdə atılan hər addıma dəstək verməliyik, ortaq layihələrin icrasında səylərimizi birləşdirməliyik. Bu istiqamətdə dövlət rəhbərləri səviyyəsində ciddi iradə ortaya qoyulub. Biz bunu Türkdilli ölkələrin dövlət başçılarının ötən il Naxçıvanda keçirilən zirvə toplantısında daha aydın gördük. Ümumiyyətlə, Naxçıvada keçirilən toplantı qardaş dövlətlərin gələcəkdə hansı istiqamətdə əməkdaşlıq edəcəyini, ortaq layihələrin istiqamətlərini müəyyənləşdirmək baxımından, hesab edirəm ki, kifayət qədər həlledici oldu. Xatirinizdədirsə, İstanbulda keçirilən toplantıda dövlət başçıları özləri də Türk dövlətləri arasında birliyin güclənməsi istiqamətində görülən tədbirlər sırasında Naxçıvan zirvə görüşünü xüsusi olaraq qeyd etdilər. Türkiyə prezidenti Abdullah Gül vurğuladı ki, İstanbulda qəbul olunmuş qərarlar Naxçıvanda atılmış addımların davamıdır. Təbii ki, bu da Azərbaycanın, dövlət başçısı İlham Əliyevin bu istiqamətdə atdığı addımların təqdir olunması kimi də başa düşülə bilər.
- Türkdilli dövlətlər arasında əməkdaşlığın daha da inkişafı baxımından İstanbul zirvə görüşü bu ölkələr arasında münasibətlərə hansı dəyişiklik gətirdi?
- Əvvəla, onu qeyd edim ki, bu toplantı bir daha göstərdi ki, Türk dünyası artıq qlobal siyasi proseslərdə öz mövqeyini daha dəqiq müəyyənləşdirməkdədir. Tarixi, dini, dili, mədəniyyəti eyni olan bu dövlətlər xarici təzyiqlərə qarşı birgə mübarizə aparmağa, birgə inteqrasiyaya maraqlıdırlar. Bu zənnimcə, İstanbul toplantısından çıxan ən önəmli nəticələrdən biridir. Digər tərəfdən, bu görüşdə bir sıra mühüm qərarlar qəbul olundu ki, onların da icrası türkdilli dövlətlər arasında əlaqələrin daha da inkişafına geniş imkanlar yaradacaq. Məsələn, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması, şuranın tərkibində dövlət başçılarının, xarici işlər nazirlərinin, ağsaqqallar, yüksək vəzifəli şəxslər şurası və daimi katibliyin fəaliyyət göstərməsi, türk mədəniyyətinin qorunması üçün Bakıda vəqf, universitetlər arasında fəaliyyətin gücləndirilməsi üçün qurum, Astanada Akademiyanın tərkibində muzey, tarixi araşdırma fondunun yaradılması kimi çox mühüm əhəmiyyət kəsb edən qərarların qəbul olunması yalnız ümumi işin yüksək səviyyədə qurulmasına köməklik göstərəcək, türk dünyasının qarşılaşdığı problemlərin həllində vacib rol oynayacaq. Bu, həmçinin ölkələrimizi və xalqlarımızı bir-birinə daha sıx bağlayacaq, qardaş ölkələrdə sabitliyin möhkəmlənməsinə zəruri imkanlar yaradacaq və o cümlədən bölgədə sülhə və sabitliyə xidmət edəcək. Başqa bir fakta diqqət yetirmək istərdim. Bilirsiniz ki, Naxçıvanda keçirilən IX zirvə toplantısında 4 türk dövləti təmsil olunmuşdu. Amma X görüşdə artıq bu say 5-ə yüksəldi. Mən əminəm ki, növbəti tədbirlərdə bütün türk dünyası dövlətləri təmsil olunacaq və türk dünyasının gələcəyi ilə bağlı qərarlarım qəbulunda iştirak edəcəklər.
- Dövlət başçıları və rəsmi dairlər tərəfındən, göstərilən iradənin, həyata keçirilən tədbirlərin əhəmiyyətindən əlavə qeyri-hökumət təşkilatların, ictimai institutların bu istiqamətdə atdıqları addımları qənaətbəxş hesab etmək olarmı?
- Mən hesab edirəm ki, biz ümumi birlik haqqında danışırıqsa, bu işdə bütün addımların ölkə rəhbərləri tərəfındən atılmasını gözləməməliyik. Bəli, dövlət başçıları lazımi tədbirlər görür, lazımi qərarlar qəbul edirlər. Amma bu işdə daha çox ictimaiyyət nümayəndələri, ictimai təşkilatlar maraqlı olmalıdırlar və dövlətin siyasətinə dəstək verməlidirlər. Mən inandırım sizi, bu gün digər türdilli ölkələrdə çox az adam Azərbaycanın tarixini bilir. Ya da başqa türkdilli ölkələr haqqında digərlərində az məlumat var. Bu məlumatsızlığın aradan qaldırılırması üçün bütün ictimai təşkilatlar fəaliyyət göstərməlidirlər, geniş təbliğat işləri aparmaladırlar. Çoxlu kitablar nəşr olunmalı, radio - televiziya kanallarının imkanlarından istifadə olunmalıdır.
- Sizin rəhbərlik etdiyiniz Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu bu istiqamətdə hansı işləri görüb?
- Əvvəla qeyd edim ki. Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun fəaliyyətinin başlıca istiqaməti və məqsədi də məhz elə bu məsələlərlə bağlıdır. Fond türkdilli dövlətlərin mədəni inteqrasiyası, bu ölkələr arasında əlaqələrin genişləndirilməsi istiqamətində fəaliyyət göstərir. Bu məqsədlə bu günədək fondun təşkilatçılığı ilə bir neçə tədbir həyata keçirilib. 2008-ci ilin fevral ayının 24-dən mart ayının 1-dək Qırğızıstanın dünya şöhrətli yazıçısı, mərhum Çingiz Aytmatovun ölkəmizə səfər etməsi həm Azərbaycan, həm də Qırğızıstanın mədəni-ictimai həyatında əlamətdar hadisəyə çevrilib. Bu səfərin nəticələri olaraq, Azərbaycanda Qırğızıstan, Qırğızıstanda isə ölkəmizlə bağlı silsilə mədəni tədbirlər həyata keçirilib. Bu səfərin və tədbirlərin təşkilatçısı olan "Türkdilli Dövlətlərin Siyasətinə Dəstək" Fondunun təşəbbüsü ilə Qırğızıstanın müxtəlif şəhərlərində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin yubileyi ilə bağlı geniş tədbirlər keçirilib. Eyni zamanda, Azərbaycanın görkəmli ədəbiyyat xadimi Mir Cəlal Paşayevin 100 illik yubileyi də Qırğızıstanda təntənəli qeyd olunub. Bundan başqa, ölkəmizin 20-dən çox yazıçı və şairlərinin əsərləri fondun maliyyə vəsaiti hesabına qırğız dilinə tərcümə olunub və nəşr olunub, pulsuz paylanıb və hazırda müxtəlif siyasi ədəbiyyatların qırğız dilinə tərcümə olunması sahəsində müvafıq addımlar atılır. 3 elmi konfrans keçirmişik. Fondun təşkilatçılığı ilə iki ölkənin həm rəsmi dairələrinin nümayəndələri, həm də tanınmış elm, ədəbiyyat xadimlərinin qarşılıqlı səfərləri təşkil olunub.
- Bəs, hazırda, hansı layihələri həyata keçirirsiniz?
- Mənim Azərbaycana gəlməyimin əsas səbəblərindən biri böyük bir layihənin həyata keçirilməsidir. Bildiyiniz kimi, rəhbərlik etdiyim fondun sifarişilə böyük Azərbaycan yazıçısı və alimi Mir Cəlal Paşayevin seçilmiş əsərlərinin üç cildliyi qırğız dilinə tərcümə olunaraq nəşr edilib. Biz istərdik ki, həmin üçcildliyin təqdimat mərasimi Bakıda keçirilsin. Qeyd etmək istərdim ki, təqdimat mərasimində Qırğızıstandan böyük rəsmi nümayəndə heyətinin iştirakı planlaşdırılır. Nümayəndə heyətinin tərkibinə Qırğızıstan Milli yazıçılar ittifaqının sədri Abdraxman Alınbayev, katibi Seyit Altımışev, dünya şöhrətli mərhum yazıçı Çingiz Aytmatovun qardaşı, akademik İlgiz Aytmatov və Qırğızıstanda və dünyada tanınmış bir çox başqa şəxslər daxildir. Hazırda görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadənin əsərlərindən ibarət kitabın qırğız dilinə tərcüməsi üzərində iş aparırıq. Bundan başqa, Çingiz Aytmatovun "Mən Manas oğluyam" kitabının tərcüməsi davam edir. Bundan başqa, mən və Ramiz Dənizin müəllifi olduğu "Bəşəriyyəti yaşadanlar" kitabı da çapa hazırlanır. Kitab Ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunub. Onun Azərbaycan dövlətinin inkişafı, dirçəlməsi yönündə titanik fəaliyyəti həmçinin, türkdilli ölkələr arasında birliyin möhkəmlənməsi üçün atdığı addımlar kitabda geniş şəkildə işıqlandırılıb. Bu kitab 3 dildə - qırğız, rus və ingilis dillərinə tərcümə olunacaq. Biz, həmçinin, Qırğızıstanda Heydər Əliyev günlərinin keçirilməsi üçün rəsmi dairələrlə danışıqlar aparırıq və bu istiqamətdə də işlərimiz davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB