Buzovna qəsəbə sakinləri ilə növbəti səyyar görüş

2017-cı il oktyabr ayının 11-də Buzovna qəsəbəsindəki Mədəniyyət evində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamovun qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib. SİA-nın verdiyi məlumata görə, görüşdə Milli Məclisin deputatı Rauf Əliyev, rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.

Görüşü Rayon İcra Hakimiyyətinin başçısı G.İslamov açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızda sosial-iqtisadi inkişaf, abadlıq və quruculuq sahələrində əldə olunan nailiyyətlərdən və bu istiqamətdə Buzovna qəsəbəsində aparılan işlərlə bağlı ətraflı məlumat verdi. Milli Məclisin deputatı R.Əliyev qəsəbə sakinləri ilə bundan əvvəlki görüşdə, eləcədə seçki qabağı görüşlərdə qaldırılmış həlli vacib olan bir sıra məsələlər və onların həlli istiqamətində görülmüş və hal-hazırda aparılan işlər barəsində görüş iştirakçılarına məlumat verib. Daha sonra R.Əliyev sakinlər tərəfindən ona edilən müraciətlərlə bağlı lazımı tədbirlərin yerinə yetiriləcəyini görüş iştirakçılarının diqqətinə çatdırıb.

Görüşdə çıxış edən qəsəbə sakinləri, qəsəbədə aparılan tikinti, abadlıq-quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər. Rayon İcra Hakimiyyəti başçısı G.İslamov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar yerindəcə aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verdi.

Bütün xəbərlər Facebook səhifəmizdə