Soyqırım qurbanları "Cümə" məscidində anılıb

Soyqırım qurbanları "Cümə" məscidində anılıb

31 Mart – Azərbaycanlıların Soyqırımı günü respublikamızın hər yerində olduğu kimi ölkənin dini ibadət yerlərində, o cümlədən İçəri şəhər "Cümə" məscidində də anılıb. SİA-nın xəbərinə görə, məsciddə keçirilən tədbirdə İçəri şəhər "Cümə" məscidi dini icmasının sədri, məscidin axundu Hacı Surxay Məmmədli qeyd edib ki, bu gün Azərbaycanın bütün bölgələrində və dünyanın bir sıra ölkələrində 1918-ci ilin mart ayında Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Lənkəranda və Azərbaycanın digər bölgələrində azərbaycanlıların kütləvi şəkildə qətlə yetirilməsi qurbanlarının xatirəsi gününə həsr edilmiş tədbirlər keçirilir. Həmin zaman erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı analoqu olmayan qəddarlıqlar həyata keçirilib. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılaraq dağıdılmış, milli mədəniyyət abidələri məhv edilib. Onların əziz xatirəsini yad etmək bu gun biz müsəlmanları borcudur.

Hacı Surxay bildirib ki, bir gün əvvəl Qafqaz Müsəlmanları İdarəsində soyqırım hadisəsinin ildönümü ilə bağlı böyük toplantı keçirilmiş, beynəlxalq təşkilatlara, dünya ictimaiyyətinə faciə ilə əlaqədar müraciət qəbul edib, respublikamızın bütün məscidlərində, dini icmalarında matəm tədbirlərinin keçirilməsi tövsiyə olunub.

Bununla əlaqədar İçəri şəhər "Cümə" məscidində də martın 31-də keçirilən namaz soyqırım hadisəsi qurbanlarının, həmçinin torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda həlak olan bütün soydaşlarımızın xatirəsinə həsr olunub. Məsciddə faciə qurbanlarının xatirəsinə dualar oxunmuş və ehsan mərasimi təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə