Türkiyə səfirliyinin mətbuat müşaviri “Səs” Media Holdinqin qonağı olub FOTO
Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Həmid Qaradəniz bu gün "Səs" Media Holdinqi ziyarət edib, holdinqin tərkibindəki qəzet, agentlik və onlayn televiziyanın fəaliyyəti ilə tanış olub. Media qrupun rəhbəri Bəhruz Quliyevlə görüşündə Azərbaycanda çalışmaqdan məmnunluğu dilə gətirən Həmid Qaradəniz iki ölkə arasındakı münasibətlərə də toxunub. Türkiyənin hər zaman Azərbaycanı dəstəklədiyini söyləyən qonaq, Dağlıq Qarabağ probleminin də daim ölkəsinin diqqətində olduğunu xatırladıb: "Biz nəinki Azərbaycanın, digər türkdilli ölkələrin problemini öz sorunumuz kimi qəbul edirik".
Türkiyədə son günlər yaşanan olaylara da diqqət çəkən Həmid Qaradəniz bildirib ki, bu, Qərb dövlətləri tərəfindən süni şəkildə qabardılan bir problemdir: "Bu olaylarda bəzi Avropa dövlətinin "barmağı" var. Bu, Türkiyənin dünyada, xüsusilə bölgədə artan nüfuzuna, qüdrətinə zərbə vurmağa hesablanmış bir addımdır. Əgər Türkiyə daxilində qarşıdurma yaranırsa, bu zaman bizim qardaş Azərbaycana da diqqətimiz azalır. Ona görə bu problemlərdən qurtulmağın yolu birlik olmaqdır".
Qonağı səmimiyyətlə qarşılayan "Səs" Media Holdinqin rəhbəri Bəhruz Quliyev tarixi baxımdan eyni köklərə malik olan hər iki xalqın dili, dini ilə yanaşı bir çox ortaq dəyərləri olduğunu söyləyib: "Bizim üzərimizə düşən əsas vəzifə bu ortaq dəyərləri gələcək nəsillərə çatdırmaqdır ki, onlar da bu sıx münasibətləri, qardaşlıq əlaqələrini qoruyub saxlasın, eyni zamanda yaşatsın. Biz media orqanı olaraq daim çalışmışıq ki, Türkiyə-Azərbaycan münasibətlərində üzərimizə düşən xidməti layiqincə yerinə yetirək. Çünki dövlət rəhbərləri ölkələr arasında siyasi münasibətləri müəyyənləşdirilərsə, xalqlar arasındakı münasibətləri də media müəyyənləşdirir. Onu da deyim ki, Türkiyə tərəfi də hər zaman dostluq münasibətlərinin qorunub saxlanılması, daha da inkişaf etdirilməsi üçün daim öz səyini göstərib".
Görüşdə iştirak edən Səs İnformasiya Agentliyinin icraçı direktoru Vəli Vəliyev bu münasibətlərin bundan sonra da davamlı olmasını arzulayıb.
"Səs" Media Holdinqin iş fəaliyyəti ilə tanış olan qonaqlar daha sonra xatirə şəkli çəkdiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB