“Səs” qəzetində "Müstəqilliyə gedən yol" müzakirə edildi

“Səs” qəzetində "Müstəqilliyə gedən yol" müzakirə edildi

Bu gün "Səs" qəzetinin redaksiyasında 18 Oktyabr Müstəqillik gününə həsr olunmuş dəyirmi masa keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Vilayət Əliyev, millət vəkilləri Musa Quliyev, Etibar Hüseynov, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, politoloq Cümşüd Nuriyev və "Vəhdət" Partiyasının sədri Tahir Kərimli iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev 18 oktyabr-Dövlət Müstəqilliyi Gününün Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri olduğunu deyib. O bildirib ki, XX yüzilliyin sonlarında Sovetlər Birliyinin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait və taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqı XX yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırdı. B.Quliyevin sözlərinə görə, bu, Azərbaycan xalqının siyasi tarixində XX əsrdəki ikinci parlaq qələbəsi idi: "Bir sözlə, Müstəqillik böyük nemətdir və onu qazanmaq da Azərbaycana ağır mübarizələr, böyük çətinliklər hesabına başa gəlib. Ancaq ulu öndərin sözləri ilə desək "Müstəqilliyi əldə etmək çətindir, ancaq onu qoruyub saxlamaq ondan da çətindir. Bu fikirləri əsas tutaraq mən istərdim ki, dəyirmi masada iştirak edən dəyərli qonaqlarımızla birgə ötən 21 ilə nəzər salaq. Həm bu illər ərzində qazandığımız uğurları müzakirə edək, həm də hüquqi bazamızın formalaşması yolunda, iqtisadi, siyasi, sosial yöndə aparılan işlərə nəzər salaq.

Millət vəkili Musa Quliyev də nitqinə ulu öndərin fikri ilə başlayıb: "Müstəqillik Azərbaycan xalqının tarixi nailiyyəti, milli sərvətidir". Onun sözlərinə görə, müstəqillik hər bir dövlətin həyatında çox böyük bir hadisə, ömür boyu arzuladığı və göz bəbəyi kimi qoruduğu dəyərdir: "Şübhəsiz ki, bu gün biz 18 oktyabrdan müstəqil demokratik Azərbaycan Cümhuriyyətinin bərpasından danışmalıyıq. 1991-ci ildə imzalanan aktla da müstəqil Azərbaycanı Cümhuriyyətin varisi elan etdik və 70 ildən sonra bizim müstəqilliyimiz bərpa olundu. Mənim fikrimcə, müstəqillik uğrunda mübarizəni nə kiçiltmək, nə də həddindən artıq şişirtmək lazımdır. Hərhalda ortada fakt var ki, Azərbaycan xalqı 1988-ci ildən müstəqillik əldə olunana qədər bu mübarizəni apardı. Digər MDB ölkələrində bu proses bir az fərqli baş verib. Düzdür uğursuzluqlarımız da oldu. 20 yanvar faciəsi baş verdi, hakimiyyətlə Xalq Cəbhəsi arasında anlaşılmazlıqların olması müəyyən problemlər yaratdı. Amma hərhalda biz müstəqillik əldə etdik. Təbii ki, bu müstəqilliyin əldə edilməsi və qorunub saxlanmasında Ulu Öndər Heydər Əliyevin də müstəsna xidmətləri olub".

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu isə qeyd edib ki, həmin dövrdə Azərbaycanın müstəqilliyə qovuşması ən gözəl və yüksək formada böyük siyasətçi və ümumilli lider Heydər Əliyevin fikrilərində ehtiva olunur. O qeyd edib ki, dünyada baş verən qlobal, ictimai, siyasi proseslərin nəticəsində Azərbaycan 18 oktyabr tarixində öz müstəqilliyini əldə edib: "1991-ci ilin avqust ayından başlayaraq SSRİ-nin dağılması prosesinə start verildi. Azərbaycan isə yalnız 1991-ci il oktyabrın 18-də öz müstəqilliyi haqqında konstitusiya aktı qəbul edib. Bundan sonra ulu öndər Heydər Əliyev qeyd etdi ki, Azərbaycanın dövlət müstəqilliyi onun milli sərvətidir. Bu bir növ biləşdirici və ümumiləşdirici tezis olaraq həmrəyliyi şərtləndirən bir fikir idi. Müstəqillik əldə edildikdən sonra ulu öndər Heydər Əliyevin rəhbərliyi altında ölkədə yaşanan hərc-mərcliyə son qoyuldu, Azərbaycanda quruculuq işlərinə başlandı. 21 il ərzində görülən işlər nəticəsində artıq bu gün Azərbaycan dünyada tanınır və bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edir".

Politoloq Cümşüd Nuriyev isə qeyd edib ki, ulu öndərin hakimiyyətə qayıdışından sonra ağır vəziyyətdə olan ölkənin problemlərinin həlli istiqamətində konkret addımlar atılmağa başlanıb. Onun sözlərinə görə, 1994-cü il mayın 12-də cəbhədə atəşkəsin əldə edilməsi dövlətçiliyin möhkəmləndirilməsi, nizami ordu quruculuğu, eləcə də, ölkə həyatının bütün sahələrində dinamik inkişafın təmin edilməsi baxımından zəruri addım olub: "Azərbaycan vətəndaş müharibəsi və parçalanmaq təhlükəsindən xilas olub. Ayrı-ayrı şəxslərə və siyasi qruplaşmalara xidmət edən silahlı birləşmələr zərərsizləşdirildi, cinayətkar ünsürlər cəmiyyətdən təcrid edildi və cəzalandırıldı. Ölkədə əmin-amanlıq, sabitlik yarandı, azad bazar iqtisadiyyatına keçidlə bağlı özəlləşdirməyə geniş meydan verildi, aqrar sahədə islahatlara başlandı. Ümummilli liderimizin çoxşaxəli fəaliyyətinin nəticələrinə əsaslanaraq, onun layiqli davamçısı prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan siyasi, iqtisadi, sosial və hərbi sahələrdə nəzərəçarpan tərəqqi əldə edib. Hazırda dövlətimiz dünya birliyində özünə layiqli yer tutub, bölgədə geosiyasi mövqelərini möhkəmləndirərək beynəlxalq nüfuz qazanıb".

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Vilayət Əliyev isə bildirib ki, bu gün Azərbaycan xalqı müstəqilliyin zirvəsində dayanıb. Onun fikrincə, hakimiyyətdə kimin olmasından asılı omayaraq, hazırda Azərbaycan yerləşdiyi bölgədə baş verən strateji, siyasi və iqtisadi proseslərin gedişinə təsir göstərməyə qadir olan ölkəyə çevrilib: "Azərbaycan özünün siyasi və iqtisadi qüdrəti, strateji mövqeyi, zəngin təbii ehtiyatlarından xarici siyasət prioritetlərinin təmin olunmasında məharətlə istifadə edir. Milli maraqlara uyğun olaraq beynəlxalq birliyin əksər üzvləri ilə qarşılıqlı-faydalı əməkdaşlıq həyata keçirilir. Ölkəmiz xarici əlaqələrinin coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirib, beynəlxalq aləmdə daha çox nəzərəçarpan və hörmət edilən ölkəyə çevrilib və xarici siyasət xəttini daha da təkmilləşdirib".

"Vəhdət" Partiyasının sədri Tahir Kərimli bildirib ki, bu gün Azərbaycan iqtisadi cəhətdən dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biridir: "Bütün bunlar müstəqil Azərbaycanın tarixi nailiyyətləridir: Vaxtilə Ümummilli lider Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün daha da möhkəmləndirilir və onun əbədiliyi təmin edilir. Bütün bunlar bir daha onu deməyə əsas verir ki, qəhrəman insanlarımızın qanı bahasına qazanılmış Azərbaycanın müstəqilliyi əbədi və dönməzdir".

Millət vəkili Etibar Hüseynov isə çıxışında qonaqlara sualla müraciət edib. O, tədbir iştirakçılarına Dağlıq Qarabağ münaqişəsi olmasaydı, Azərbaycan 21 il öncə müstəqillik əldə etməsəydi, ölkənin bügünki vəziyyətinin necə olardı deyə sual ünvanlandırıb. Millət vəkilinin bu sualı diskusiyanın genişlənməsinə səbəb olub.

Bu suala cavab olaraq dəyirmi masa iştirakçıları öz fikirlərini bildiriblər. Dəyirmi masanın davamında qarşılıqlı fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə