Regional İnsan Hüquqları və Media Mərkəzi Goranboy rayonunda gənclər üçün təlim keçib. SİA-nın xəbərinə görə, "Region gənclərinin media sahəsində, sosial şəbəkələrdə iş bacarıqlarının artırılması və bloqqerlik fəaliyyətinin genişləndirilməsi" layihəsi çərçivəsində keçirilən təlim iki gün davam edib. Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi tərəfindən dəstəklənən layihə çərçivəsində keçirilən təlimlərdə Goranboy rayonundan olan 20 nəfər gənc iştirak edib. Gənclər tərəfindən maraqla qarşılanan təlimlərə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin nümayəndələri də qatılıb.
Təlimdə media üzrə ekspert Ələsgər Məmmədli gənclərə jurnalistikanın əsas şərtləri, jurnalistin vəzifələri, ifadə azadlığının prinsipləri, mövzuların seçilməsi, oxucu maraqlarının gücləndirilməsi metodları, xəbərlərin hazırlanması haqqında məlumat verib. İştirakçılara informasiya və məlumat əldə etmək hüquqları, informasiya əldə edilməsinin əsas prinsipləri, informasiya əldə edilməsinin təşkili, informasiyanın açıqlanması üsulunun seçilməsi haqqında danışılıb. Həmçinin, təlimdə iştirakçılar insan hüquqlarının qorunmasında mətbuatın imkanlarından yetərincə istifadə edilməsi yolları, informasiyanın və məlumatın əldə edilməsi üçün metodlar, internetin verdiyi imkanlar, sosial şəbəkələr və geniş informasiya yayımının təşkili məsələləri ilə bağlı nəzəri və təcrübi biliklər əldə edə bilib.
Qeyd edək ki, layihə çərçivəsində ilk təlim 11-12 avqust tarixlərində Ağdam rayonunda keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB