Bank-kredit məsələləri Azərbaycanın kütləvi informasiya vasitələrində
Zərdabi Mətbuat Mərkəzi (ZMM) cari ilin aprel ayından yeni layihənin icrasına başlayıb. ZMM-in sədri Rəhim Hüseynzadə bu barədə SİA-ya açıqlamasında belə deyib: "Layihəmiz "Bank-kredit məsələləri Azərbaycanın kütləvi informasiya vasitələrində: mövcud durum və peşəkarlığın artırılması yolları" adlanır. Demək olar diqqətdən kənarda qalan mövzuya üz tutmağımız monitorinqlərimizdən, sorğularımızdan qaynaqlanır. Nüanslara nəzər salaq: bank-kredit həyatı ölkə iqtisadiyyatının aparıcı sahələrindəndir. Təəssüf ki, jurnalist təşkilatlarımızın vurğuladımız istiqamət üzrə araşdırmaları yox dərəcəsindədir. Kütləvi informasiya vasitələrimizin sahəyə bağlı qurumlarla əməkdaşlığını da qənaətbəxş saymaq olmaz. Bu, çox vaxt reklam və elanlardan uzağa getmir. Qəzet, jurnal və informasiya agentliklərinin ən az müraciət etdikləri mövzular sırasında bank-kredit həyatı xüsusi yer tutur. Təqdim edilən materialların əksəriyyəti informasiyalar olduğundan oxucunun sahə üzrə peşəkar, maarifləndirici yazılara ehtiyacının ödənilməsi problem olaraq qalmaqdadır. Belə zərurət bir də ondan qaynaqlanır ki, yazılarda terminlərdən tutmuş spesifik cəhətlərə qədər yanlışlıqlara yol verilir. Nəticədə narazılıqlar hüquqi müstəviyə qədər gedib çıxır. Məqsədimiz Azərbaycanın kütləvi informasiya vasitələrinin bank-kredit həyatını daha aktiv, obyektiv və peşəkarlıqla işıqlandırmalarına nail olmaq, monitorinq aparmaqla bu sahədəki tendensiyaları izləmək, nəticələri ilə müvafiq qurumları, ictimaiyyət nümayəndələrini, KİV-ləri tanış etmək, jurnalistlərin ixtisaslaşmalarına yardım göstərməkdən ibarətdir".
R.Hüseynzadə monitorinqin ölkənin 24 aparıcı, ictimai fikrə təsir göstərən qəzetini, 7 informasiya agentliyini əhatə etdiyini və 3 ayın nəticələrinə yekun vurulduğunu bildirib. Apreldə qəzetlərin ümumilikdə 118, mayda 145, iyunda 152, informasiya agentliklərinin müvafiq olaraq 82, 169 və 178 belə material təqdim etdiyinə toxunan mərkəz sədri həm yazıların sayında, həm də peşəkarlıq xüsusiyyətlərində nəzərə çarpacaq müsbət irəliləyişlər olduğunu vurulayıb. Nəticədə mayda ümumi materialların sayı aprelə nisbətdə artaraq 200-dən 314-ə çatıb. İyunda isə 330-a bərabər olub. Ümumi artımda informasiya agentliklərinin payı daha çoxdur. Bu özünü aprelə nisbətən mayda daha qabarıq biruzə verib. Agentliklərin apreldə 169 material təqdim etdiyinə toxunan mərkəz sədri birinci ayla fərqin 2 dəfədən də çox olduğunu deyib (82-169). İyunda isə materialların cəmi 178-ə bərabər olub. Lakin İA-ların materialları yanlız informativ olmaları ilə fərqlənir. Onlar analitik yazılara və ya mütəxəssis məktublarına yer ayırmayıblar. Ümumiyyətlə, sonuncu istiqamətə gəldikdə deyə bilərik ki, mətbu vasitələrin bank-kredit sahəsinə dair mütəxəssis məktublarından korluq çəkməsi aşkar görünür (apreldə 2, mayda 3, iyunda yoxdur). Həmin yazılar "Xalq qəzeti" (2), "Azərbaycan", "Kaspi" və "525-ci qəzet"lərində yer alıb. Qəzetlər informasiyaya (apreldə 95, mayda 99, iyunda 140) üstünlük versələr də, sahə mütəxəssisləri, ekspertlərlə əməkdaşlığın genişləndirilməsində maraqlıdırlar. Analitik yazıların sayının mayda aprelə nisbətdə 37-dən 64-ə çatması, 3 ayda isə cəmi 148 belə materialın təqdimatı bunu deməyə əsas verir.
Ümumilikdə qəzetlərə gəldikdə ən çox material təqdim edən "Ekspress" (45), "Bakı xəbər" (42), "Mövqe" (36) ilk üçlüyü tutur. Lakin "Bakı xəbər" (28), "Mövqe" (25), "Yeni Müsavat" (21) qəzetləri analitik yazıların sayına görə digərlərini üstələyirlər. "Zerkalo", "Ekspress", "Bizim yol", "Üç nöqtə", "Azadlıq", "Paralel" qəzetləri isə təqdim olunmuş bu istiqamətli materialların sayına görə sonrakı yerləri tuturlar.
İnformasiya agentliklərində 3 ayın yekununa görə "Trend" 150, "Azəri-Press" (APA) 112, "Salamnyus" 55, "Milli.az" 47, "Azadinform" 36 materialla ilk beşliyi bölüşdürürlər.
ZMM sədri vurğulayıb ki, bank-kredit məsələlərinin son 3 ayda artan templə işıqlandırılması layihənin uğurundan və əhəmiyyətindən xəbər verir. Burada beynəlxalq təcrübəyə və yüksək korporativ idarəetmə standartlarına malik olan "KredAqro" Bank Olmayan Kredit Təşkilatının və qurumun İdarə Heyətinin sədri Məcid Əsədovun dəstəyini xüsusi qeyd etməliyik. Əlavə edək ki, qurum ABŞ-nın ACDİ/VOCA təşkilatı tərəfindən təsis olunan və dünyanın aparıcı maliyyə institutları (Beynəlxalq Maliyyə Korporasiyası, ABŞ-nın DWM şirkəti, Almaniyanın KFW fondu və s.) tərəfindən maliyyələşdirilir. Təşkilatın təcrübəli ekspertləri layihənin istiqamətinə uyğun olaraq peşəkar məsləhətləri və köməklikləri ilə Zərdabi Mətbuat Mərkəzinə dəstək verməkdədirlər.
R.Hüseynzadə sonda qeyd edib ki, monitorinq KİV-lərimizdə sahədən müntəzəm və dolğun yazan bir sıra jurnalistlərin adlarını da müəyyənləşdirib. "İyulda mövzu ilə bağlı "dəyirmi masa" keçirməyi planlaşdırmışıq. Eyni zamanda sahədən fəal yazan jurnalistlərlə təlimlərin keçirilməsini nəzərədə tutmuşuq. Planımıza kütləvi informasiya vasitələri ilə yanaşı, sahəni peşəkarlıqla işıqlandıran jurnalistlərin mükafatlandırılması da daxildir. Hələlik bu istiqamətdə müvafiq qurumlarla danışıqlar aparmaqdayıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB