Jurnalistlər üçün nəzərdə tutulan yaşayış mənzillərinin tikintisi avqust ayında yekunlaşır. Bunu bu gün Nizami rayon İcra Hakimiyyətində keçirilən tədbirdə KİVDF-nin icraçı direktoru Vüqar Səfərli deyib. SİA-nın məlumatına görə, "Yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsi" mövzusunda təşkil olunan dəyirmi masada Azərbaycanın 20-dən çox kütləvi informasiya vasitələrinin nümayəndəsi iştirak edib.
Azərbaycan mətbuat tarixindən danışan Vüqar Səfərli qeyd edib ki, ölkə mediası "Əkinçi" qəzeti ilə başlayır və bu qəzet milli mətbuatın daha sonralar inkişaf etməsinə, qəzetçilik ənənələrinin yaranmasına töhfə verərək mətbuat və söz azadlığının inkişafına yol açıb. Vüqar Səfərli Azərbaycan mətbuat tarixini Sovet imperiyası dövrünə qədərki, imperiya dövründə və müstəqillik illəri olmaqla 3 hissəyə bölərək inkişafından danışıb: "Sovet imperiyası dövrünə qədər Azərbaycanda çox az sayda qəzetlər mövcud olub, lakin xalqın fikir və azadlığını ifadə edib, milli-mədəni inkişafında xüsusi rolu olub. Sovet imperiyası dövründə isə daha çox senzura gözə çarpır. Belə ki, həmin dövrdə qəzet təsis etmək olduqca çətin bir proses idi. Həmçinin, bu dövrdə qəzetlərdə senzura yaradılmışdı. Bütün qəzetlərdə hətta müxbirlərin yazıları çıxarılır, boş səhifələr çap olunurdu".
Qeyd edək ki, müstəqillik illərində mövcud olan Azərbaycan mətbuatı haqda danışan KİVDF-nin icraçı direktoru bildirib ki, hələ təzə müstəqillik əldə etmiş Azərbaycanda bir çox qəzetlərin maddi vəziyyəti çox acınacaqlı idi: \"Ümummilli lider Heydər Əliyev isə mətbuata xüsusi qayğı göstərərək inkişafa dəstək oldu. Bunun nəticəsi idi ki, qəzetlərin sayı getdikcə artır və fikir azadlığı günü-gündən inkişaf etməyə başlayırdı. Dövlətə borcu olan qəzetlərin borcları donduruldu. Daha sonra Ulu öndər siyasətinin davamçısı İlham Əliyev isə verdiyi sərəncamla həmin borcları sildirdi. Bu bir daha mətbuata dövlət dəstəyini nümayiş etdirdi\".
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov isə rayonda görülən işlər barədə məlumat verib. O, da öz növbəsində ümummilli lider Heydər Əliyevin mətbuat işçilərinə olan diqqət və qayğısı, mətbuatın inkişafı ilə bağlı görülən işlər, KİV-in və jurnalistlərin müstəqilliyinə təminat verən qanunların qəbul edilməsi, bir çox qəzet redaksiyalarına birdəfəlik maliyyə yardımlarının göstərilməsi barədə məlumat verib. Tahir Budaqov qeyd edib ki, media dünyada baş verən proseslərdə önəmli rol malikdir və ölkəmizdə də mətbuatın inkişafına xüsusi diqqət və qayğı göstərilir.
Daha sonra isə yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsi mövzusunda media nümayəndələri ilə müzakirələr aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB