Ombudsman Aparatının əməkdaşları Tbilisidə keçirilən regional forumda iştirak edib
Bu günlərdə Gürcüstanın paytaxtı Tbilisi şəhərində Beynəlxalq Həbsxana İslahatı təşkilatının Cənubi Qafqaz regionu üzrə ofisi tərəfindən regional forum keçirilib. SİA-nın xəbərinə görə, "Cənubi Qafqazda işgəncələrə və qəddar rəftara qarşı mübarizə və onların qarşısının alınması" mövzusunda təşkil olunan bu beynəlxalq toplantıda dövlət orqanları və qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyətinin nümayəndələri, hər üç respublikanın Ombudsman təsisatlarının təmsilçiləri, habelə insan hüquqları sahəsində tanınmış beynəlxalq ekspertlər qatılıblar.
Forumda Azərbaycan Respublikasının nümayəndə heyətinə Milli Məclisin deputatıı, Ədliyyə naziri yanında Penitensiar Xidmət üzrə ictimai nəzarəti həyata keçirən İctimai Komitənin koordinatoru Çingiz Qənizadə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının əməkdaşları, Ombudsmanın İşgəncələrə qarşı Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri Fəzail Həsənov və Adil Hacıyev, Penitensiar Xidmətin məsul əməkdaşı Emil Həsənov, ölkəmizdə insan hüquqları ilə məşğul olan bir sıra QHT-lərin nümayəndələri daxil olub.
Tədbirin ikinci günü Azərbaycan Ombudsman təsisatının nümayəndəsi "Azərbaycan Respublikasında işgəncələrin qarşısının alınmasına dair problemlər və Milli Preventiv Mexanizmin fəaliyyəti" mövzusunda çıxış edib. O, Avropa MPM-lər Şəbəkəsinin üzvü olan Azərbaycan Ombudsmanının MPM qismində fəaliyyətinin əsas istiqamətləri, əldə olunmuş təcrübə, görülmüş işlər barədə danışıb, "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Konstitusiya Qanununa Müvəkkilin milli preventiv mexanizm kimi fəaliyyətinin tənzimlənməsi üzrə əlavə və dəyişikliklər edildiyini bildirib.
Forumda işgəncələrlə mübarizə sahəsində işin təkmilləşdirilməsinə dair müvafiq təkliflər irəli sürülüb. Forum canlı diskussiya, təcrübə və fikir mübadiləsi şəraitində başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB