İlham Əliyev Bakının “Nizami” kinoteatrının binasının əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib
Bakının "Nizami" kinoteatrının binası əsaslı təmir və yenidənqurmadan sonra açılıb. SİA-nın xəbərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda iştirak edib. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim olunub. Dövlətimizin başçısı kinoteatrın rəmzi açılışını bildirən lenti kəsib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məlumat verib ki, 1934-cü ildə istifadəyə verilib "Nizami" kinoteatrının binasında "Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında" Azərbaycan Prezidentinin Sərəncamına əsasən yenidən qurulub. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva binanın foyesində kinoteatrın əvvəlki vəziyyətini, yenidənqurma işlərinin gedişini və istifadədən sonrakı görüntüsünü əks etdirən fotolardan ibarət stendlərə baxıblar. Kinoteatrın birinci mərtəbəsində 50 və 80 yerlik iki, ikinci mərtəbədə 500 nəfərlik böyük, beşinci mərtəbədə isə 24 nəfərlik VİP kinozalları yaradılıb. Binada Almaniyada, Yaponiyada və İngiltərədə istehsal olunmuş ən müasir kinoqurğular, səs, işıq, havalandırma, yanğından mühafizə sistemləri quraşdırılıb. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva böyük zalda və VİP zalında filmlərdən fraqmentləri izləyiblər. Bildirilib ki, birinci mərtəbədə ticarət köşkləri, ikinci mərtəbədə kafe, dördüncü mərtəbədə kafe-klub, mətbuat mərkəzi, beşinci və altıncı mərtəbələrdə isə müştərilərə milli və Avropa mətbəxinin nümunələrini təqdim edən 250 yerlik restoran, həmçinin inzibati otaqlar yaradılıb. Bu restoranın tavanı mövsümə uyğun olaraq mexaniki üsulla açılıb örtüləcəkdir. Dövlətimizin başçısına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yenidən qurulmasının layihəsi də təqdim olunub. "Nizami" kinoteatrında yaradılmış şəraiti yüksək qiymətləndirən dövlətimizin başçısı tövsiyə və tapşırıqlarını verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB