Niyə insanlar boş divara, yağışa və ya alova baxmağı sevir? - PSİXOLOQ

"İnsan beyninin müəyyən ritmik və təkrarlanan görüntülərə, səslərə və hərəkətlərə rahatlaşdırıcı reaksiya verməsi psixologiya və neyrobiologiyada geniş müzakirə olunan mövzulardan biridir. Xüsusilə müasir dövrdə insanların yüksək stress, informasiya yüklənməsi və davamlı gərginlik şəraitində yaşaması səbəbindən beyin bəzən “yumşaq fokus” deyilən vəziyyətə ehtiyac duyur".

Bu sözləri SİA-ya açıqlamasında psixoloq Səbinə Bəşirzadə deyib.

Onun sözlərinə görə, yumşaq fokus dedikdə, beynin təhlükə axtarmadığı, rahat şəkildə müşahidə etdiyi və ritmik proseslərə yönəldiyi vəziyyət nəzərdə tutulur: "Məsələn, yağışın yağmasını izləmək, tonqalın alovuna baxmaq, suyun axışını dinləmək, paltar yuyan maşının ritmik fırlanmasını izləmək və ya müəyyən təkrarlanan işıq effektlərinə baxmaq insanlarda sakitlik hissi yarada bilər.

Bunun əsas səbəblərindən biri beynin həmin görüntüləri təhlükə kimi qəbul etməməsidir. İnsan beyni təhlükə hiss etmədikdə müdafiə rejimindən çıxır və daha rahat vəziyyətə keçir. Gün ərzində xaotik informasiya, stress və qərarvermə yükü ilə çalışan beyin bu ritmik və təkrarlanan proseslər vasitəsilə bir növ sakitləşmək imkanı tapır.

Təkrarlanan ritmlərin insan psixikasına təsiri xüsusilə diqqət çəkir. Davamlı yağış səsi, alovun hərəkəti, küləyin səsi və ya ritmik hərəkətlər beyində müəyyən neyron aktivliyini sabitləşdirə bilir. Bu vəziyyət bəzən insanın xəyal qurmasına, daxili düşüncələrinə fokuslanmasına və zehni rahatlama hiss etməsinə kömək edir.

Bəzi hallarda bu üsullardan meditasiya və relaksasiya texnikalarında da istifadə olunur. Hipnoterapiyada, nəfəs məşqlərində və müxtəlif rahatlama metodlarında ritm və təkrarlanan fokus nöqtələri insan beynini sakitləşdirmək üçün tətbiq edilir. Çünki beyin müəyyən mənada “təhlükəsizlik siqnalı” aldıqda stress reaksiyası azalır.

Məsələnin digər tərəfi isə insanın təbiətlə əlaqəsidir. Su, külək, yağış və od kimi təbii elementlər bir çox insan üçün daxili rahatlıq hissi yaradır. Bu, həm psixoloji, həm də fizioloji səviyyədə özünü göstərə bilər. Ritmik səslər və sakit müşahidə halları ürək ritminin stabilləşməsinə, gərginliyin azalmasına və insanın emosional vəziyyətinin daha balanslı olmasına təsir göstərə bilir.

Beləliklə, insan beyninin ritmik, təhlükəsiz və təkrarlanan görüntülərə meyl etməsi tamamilə təbii psixoloji mexanizmdir. Müasir dövrdə insanların bu cür rahatlaşdırıcı elementlərə daha çox yönəlməsi isə artan stress və informasiya yüklənməsi ilə birbaşa əlaqəlidir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə