"Axşam yeməyindən imtina hamı üçün uyğun deyil" - AÇIQLANDI

"Axşam yemək yeməmək son illərdə, xüsusilə aralıqlı oruc yanaşması ilə çox populyarlaşıb. Amma bu “hamı üçün faydalıdır” demək deyil".

Bu sözləri SİA-ya açıqlamasında qida mühəndisi, nutrisioloq Fərid Səfərov deyib.

Onun sözlərinə görə, axşam yeməyini erkən saatda bitirmək və ya ümumiyyətlə gec yeməmək bəzi hallarda müsbət təsir göstərə bilər: "Bu, kalori qəbulunun azalmasına, xüsusilə gecə qəlyanaltılarının qarşısının alınmasına kömək edir. Eyni zamanda həzm sistemini yüngülləşdirir, çünki gec saatlarda həzm prosesi daha zəif olur. Çəki nəzarətinə dəstək verir və aralıqlı oruc tətbiq edənlərdə bu təsir tez-tez müşahidə olunur. Bundan əlavə, yuxu keyfiyyətini artıra bilər, çünki ağır yeməkdən sonra yatmaq çətinləşir.

Bununla belə, bu yanaşma hər kəs üçün uyğun deyil. Axşam yeməyindən imtina bəzi insanlarda əks təsir yarada bilər. Qan şəkərinin düşməsi riski, xüsusilə diabet və ya insulin həssaslığı olanlarda daha yüksəkdir. Səhər saatlarında həddindən artıq aclıq hissi yarana və bu da gün ərzində həddindən artıq qida qəbuluna səbəb ola bilər. Hamiləlik və digər xüsusi fizioloji hallarda bu üsul uyğun sayılmır. Aktiv həyat tərzi sürən insanlarda isə enerji çatışmazlığı yarana bilər.

Burada əsas məsələ “axşam yeməyi yemək lazımdırmı?” sualından daha çox, nə vaxt və necə yemək lazım olduğudur. Axşam yeməyinin yatmazdan 2-3 saat əvvəl qəbul edilməsi, ağır, yağlı və şəkərli qidalardan uzaq durulması, porsiyaya nəzarət edilməsi və gün ərzində ümumi qidalanmanın balanslı qurulması daha məqsədəuyğun yanaşma hesab olunur.

Axşam yeməyindən tam imtina etmək bəzi insanlar üçün faydalı ola bilər, lakin bu, universal qayda deyil. Əsas olan ümumi kalori balansının qorunması, qidanın keyfiyyəti və həyat tərzinə uyğun düzgün qidalanma rejiminin seçilməsidir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə