Əmək Məcəlləsinə minimum əməkhaqqı məbləğinə hər il azı bir dəfə yenidən baxılmasına dair əlavə edilib

Prezident İlham Əliyevin təsdiq etdiyi yeni “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunla Məcəllədə sosial müdafiənin səmərəli aləti sayılan minimum əməkhaqqının məbləğinə baxılmasının dövriliyini təmin edən dəyişiklik olunub.

Dövlətimizin başçısı “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2026-cı il 13 fevral tarixli 354-VIIQD nömrəli Qanunun tətbiqi və “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Qanunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Fərman imzalayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, son illər dövlətimizin başçısının tapşırıqları əsasında aparılan ardıcıl sosial islahatlar çərçivəsində sosial ödənişlərdə ciddi artımlara nail olunub. O cümlədən, həmin islahatlar nəticəsində minimum əməkhaqqının 3,1 dəfə artırılmasına imkan yaranıb.

Yeni qanunvericilik aktları ilə Əmək Məcəlləsinə minimum əməkhaqqının məbləğinə Nazirlər Kabinetinin təkliflləri əsasında Prezident tərəfindən ildə bir dəfədən az olmayaraq yenidən baxılmasını nəzərdə tutan cümlə əlavə edilib.

Həmin dəyişiklik əmək sahəsində milli qanunvericiliyin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsində daha bir addım olmaqla, Azərbaycanda işçilərin minimum yaşayış səviyyəsini təmin edən minimum əməkhaqqı məbləğində ardıcıl artım dinamikasının qarşıdakı dövrdə də uğurla davam etməsinə imkan yaradır.

Qeyd edək ki, minimum əməkhaqqı “Yaşayış minimumu haqqında” Qanuna uyğun olaraq ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. Aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əməkhaqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əməkhaqqı məbləğindən aşağı ola bilməz.

Məcəllədə, həmçinin bəzi texniki dəyişikliklər də edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə