"İş dünyasına qədəm qoyan gənclər üçün müsahibələr böyük şans olduğu qədər, həm də ciddi imtahan sayılır. Lakin bəzən namizədlərin buraxdığı sadə səhvlər onların işə qəbul prosesinə mənfi təsir göstərir".Bunu SİA-ya açıqlamasında İnsan resursları və işə qəbul üzrə mütəxəssis Sevda Quliyeva deyib.
Onun sözlərinə görə, gənclər çox vaxt müsahibəyə hazırlıqsız gəlir və şirkət barədə məlumat toplamırlar: “Namizədlər CV-lərini düzgün tərtib etmirlər, güclü və zəif tərəflərini ifadə etməkdə çətinlik çəkirlər. Suallara ya həddindən artıq qısa, ya da çox uzun cavablar vermək də işəgötürəndə mənfi təəssürat yaradır. Müsahibəyə uyğunsuz geyimlə gəlmək, görüşə gecikmək və ya öncədən xəbər verməmək hörmətsizlik kimi qəbul edilir.Namizədin aqressiv davranışı, həddindən artıq özünü tərifləməsi və ya reallıqdan uzaq maaş gözləntiləri də peşəkar təsir bağışlamır”.
Sevda Quliyeva əlavə edir ki, telefonun söndürülməməsi, əvvəlki iş yeri haqqında mənfi danışmaq, motivasiya və səmimiyyətin çatışmaması da gənclərin yol verdiyi digər ciddi səhvlərdəndir. Onun fikrincə, müsahibənin sonunda heç bir sual verməmək namizədin maraqsız görünməsinə səbəb olur:“İş görüşməsi yalnız texniki biliklərlə yox, şəxsi yanaşma, münasibət və hazır olma səviyyəsi ilə bağlıdır. Gənclər buna diqqət etməlidirlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə