Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn Vətən Müharibəsi Qəhrəmanı Mansurov Elçin Elşən oğlunun xatirəsinə həsr olunan anım mərasimi keçirilib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin nümayəndələri, şəhidin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, digər qonaqların iştirak etdiyi mərasimdə Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edənlər şəhidimizin şərəfli həyat və döyüş yolundan danışıb, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun Vətən müharibəsində qazandığı tarixi qələbədən, bu şanlı Zəfərin qazanılmasında igid oğullarımızın göstərdiyi qəhrəmanlıq və şücaət nümunələrindən söz açıblar.
Şəhid E.Mansurovun ailə üzvləri və yaxınları göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Anım mərasimində Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyəti tərəfindən şəhidimizin xatirəsinə həsr olunan şeirlər, vətənpərvərliyi və qəhrəmanlığı tərənnüm edən musiqilər səsləndirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə