Qəbir

Allahverdi kişi: - Ə, gördünüz Həsən kişinin qəbrini? Halal olsun oğluna. Atasının qəbrinin üstündə bir minarə yaradıb ki, gəl görəsən, adam baxanda papağı başından düşür. Oğul belə olar ey. Bizim də oğlumuz var. Allah bilir ki, bizi harada basdıracaq, heç baş daşı, sinə daşı qoymağa imkanı çatacaq, ya yox. Vaxtında dedim ki, ay bala, sən də Həsənin oğluna qoşul get urusetə, qazan, gətir. Mən dedim, mən eşitdim. Getmədi. Amma Həsənin oğlu budur ey, bəlkə 20 ildir ordadır. İndi də gəlib atasına bax belə yaraşıqlı qəbir ucaldıb. Mənimki də yanımdan bir addım o yana çəkilmədi.

Tanrıverdi kişi: - Ay Allahverdi, deyirsən ey, Həsən kişini mən də tanıyırdım da. İllərdir xəstədir, qalıb arvadı ilə o damın altında. Oğlu bircə dəfə maraqlanmadı ki, gedim görüm, atam niyə xəstədir, dərdi nədir. Hə, nə olsun, mən öləndən sonra gəl, özünü camaata göstər.

Allahverdi kişi:- Ə, nə olsun ki, pul göndərirdi də. Ta neynəməli idi ki? Həsən 10 ildir, xəstədir, o da puldur ki, göndərir. Yəqin işi elədir ki, qoyub gələ bilmir də, nə eləsin? Vallah, Tanrıverdi, nə deyirsən de, mən Həsənin oğlunun xətrini çox istəyirəm, halal olsun ona. Yadında, onun dədəsinə verdiyi ehsan. Süfrədə quş südü də var idi. Övlad belə olar ey...

Tanrıverdi kişi ta heç nə demədi. Başını bulayıb aşağı saldı.

Xudaverdi kişi:- Mən oğluma tapşırmışam ki, qəbrim üçün elə yer seçsin, şəhərin ən gözəl mənzərəsi ilə üz-üzə olsun. Boynuna babal qoymuşam, o da söz verib ki, ata, əlimdən gələni edəcəyəm. Mən oğlumdan razıyam, həm yanımdadır, xəstələnirəm başımın üstünü kəsir, xəstəxanaya aparır, həkimə göstərir, dava-dərmanımı alır. Qəbrimə də ki, söz verib, mənzərəli, gözəl bir yer seçəcək.

Tanrıverdi kişi:- Maşallah sənə Xudaverdi, uşağa qəribə iş tapşırmısan. Ə, heç utanırsan dediyin sözdən? Ə, yazıq uşaq sənə haradan tapacaq o yeri? Bilirsən elə yerlərin qiymətini? Uşağı niyə belə çətin işlərə təhrik edirsən? Bizim də sənin kimi bir qohum vardı, onun dədəsi tapşırmamışdı, oğlu yekəxana idi. Kişinin sağlığında bircə dəfə qapısını açıb gəlib demirdi, ay ata, necəsən. Öləndən sonra başladı özünü dost-tanışına göstərməyə. Bir ehsan verdi, gəl görəsən, qəbir yerini də sən demə əvvəlcədən satın alıbmış ki, desinlər, ə, gör nə oğuldur ey, atasını dəfn etdiyi yerə bax... Sonra maraqlandım, dedim görüm o yeri neçəyə alıb, vallah, elə qiymət eşitdim ki, dilim qurudu. Ona görə sənə deyirəm ki, yazıqdır o uşaq, qazancı nədir ki, onun, bu qədər yükün altına girə.

Xudaverdi kişi:- Ə, mənə nə var, qazancı nədir, canı çıxsın, saxlayıb böyütmüşəm, toyunu eləmişəm, o da məni ağır-əziz etməlidir, vəssalam.

Tanrıverdi kişi bu dəfə ta dillənmədi, yenə başını bulayıb aşağı saldı.

Sakitcə dayanıb bayaqdan bəri kişilərin söhbətinə qulaq asan molla görəndə ki, hamının sözü bitdi, o, danışmağa başladı:

-Bilirsiniz, mən dəfələrlə demişəm, amma məni dinləyən yoxdur, yenə də deyirəm:- A kişilər, qəbir təntənəli, bər-bəzəkli olmamalıdır. Belə buyurulub. Baş daşına şəkil vurmaq, sinə daşına şeir yazmaq dinimizdə yasaqdır. Qəbirlərin üstündə cah-cəlallı çardaqlar qurmaq, qəbirləri bahalı daşlarla düzəltmək qəbahətdir. Niyə görəsən insanlar dinləmir, əməl etmirlər? Vallah günah edirlər. Hələ ölməzdən əvvəl qəbir yeri haqqında düşünmək, qəbir yeri seçmək, bu heç düzgün deyil.

Mollanın sözü bitər-bitməz Allahverdi kişi:

-Sən kimə deyirsən, molla. Bəs yaxşı, qadağandırsa, oğlunun qəbrindəki o cah-cəlal nədir?

Molla:- Allahverdi, mənim oğlum cavan köçmüşdü axı dünyadan, ona görə elə elədim. Siz onunla özünüzü bir tutmayın ki... Yazıq uşaq nə gün gördü bu xaraba dünyada? Arzusu, diləyi gözündə, ürəyində getdi. Nə toy gördü, nə düyün. Deyirsən onu da eləməzdim onun üçün? Sağ ol, vallah, ta mənim sənə sözüm yoxdur.

Molla bu sözləri deyib qəhərləndi və başını aşağı saldı, ta heç danışmadı.

Mollanın bu nitqindən sonra heç kim danışmadı. Elə bir səhərdən bəri çırtaçırtla yanan ocağa su çiləndi.

Qəbir söhbəti buradaca bitdi.

Mətanət Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə