İnternetdə təhqir edəndə iki dəfə düşünün

Qanunlarımıza görə təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda, internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma, min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Qanunla sosial şəbəkələrdə olan təhqir hüquqi məsuliyyət yaradır. Çünki şərəf və ləyaqətin müdafiəsi konstitusion hüququmuzdur, heç bir hal şəxsiyyətin ləyaqətinin alçalmasına əsas verə bilməz. Şərəf və ləyaqəti ləkələyən, həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsi məhkəmə yolu ilə tələb edilə bilər. Həmçinin, şəxsin buna görə təzminat və ya kompensasiya almaq hüququ var.

Buradan sual yarana bilər, bəs əgər fake, yəni saxta hesablarla sizə qarşı təhqir yazıblarsa onda nə etmək olar? CPM - 177-ci maddəsində göstərilib ki, cinayət prosesini həyata keçirən orqan istintaqın normal gedişini təmin etmək üçün istintaq hərəkətini məcburi apara bilər. İP və data ünvanının əldə edilməsi üçün "Telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların ələ keçirilməsi" istintaq hərəkətlərinin məcburi aparılmasına məhkəmə qərarının alınması tələb olunur. CM 148 (İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə) maddəsi isə ictimai xüsusi ittiham qaydasında prokurorluq orqanları tərəfindən istintaq edilir.

Bəzən şahidi oluruq, kiminsə şəxsi intim şəkillərinin və ya video görüntülərinin yayılması ilə bağlı hadisələr baş verir. Belə paylaşımların bəziləri "tələb etmə yolu ilə şantaj", bəzilərində isə "qisasçılıq" niyyəti önə çıxır. Qanunvericilimizdə şantaj yolu ilə tələb etmə kriminallaşdırılsa da, qisasçılıq və ya istəyə bağlı olaraq, yəni səbəbsiz kiminsə publik olmayan intim görüntülərinin yayılması kriminallaşdırılmayıb. Bu səbəbdən də belə vəziyyətlərdən zərər çəkənlərin sayı get-gedə artmaqdadır. Hüquqşünaslar hesab edir ki, bunun qarşısını almaq üçün bu əməllərə görə cinayət qanunvericiliyində ayrıca sanksiyalaşdırılmış norma olmalıdır. Məlumat üçün qeyd edək ki, Aropanın bəzi ölkələrində artıq bu yöndə addımlar atılır və "görüntü əsaslı seksual qısnama" haqqında cinayət qanunvericiliyi qəbul edilir.

Söz azadlığı ilə təhqir qarışdırılır

Söz azadlığı və düşüncənin sərbəst ifadə edilməsi, problemsiz yayılması cəmiyyət üçün son dərəcə vacibdir. Fikir və söz azadlığı özlüyündə bir məqsəddir, fiziki və mənəvi azadlıq demokratik həyat tərzinin vacib elementidir. Lakin söz azadlığı ilə başqasının şəxsiyyətini alçaltma bir-birinin sərhədlərinə girəndə vəziyyət qarışır.

İnsan hüquqları iki əsas anlayışa əsaslanır – insan azadlığı və düşüncənin azadlığı. Yəni həm fiziki cəhətdən təhlükəsizlikdə olmaq, həm də fikir və düşüncə baxımından azad olmaq demokratik cəmiyyətdə insan hüquqlarının təməl qanunlarıdır. Bütün sivil cəmiyyətlərdə ləyaqəti alçaldan, pis rəftar və işgəncənin qadağan edilməsi, insanların fikir və inanclarının toxunulmazlığı, hüquqi sənədlər və demokratik konstitusiyalarla qorunur. Hər kəs, xüsusən də dövlət vətəndaşın qanuni hüquq və azadlıqlarına hörmət etməlidir.

Azərbaycan qanunlarında olan bolşuqlardan biri də məhz bu sahədədir. İnternetdə şəxsiyyəti təhqir edən, şərəf və layaqəti təhqir edən yazıların fakt kimi məhkəmədə istifadə edilə bilər. Amma bunun mümkün olması üçün vətəndaş jurnalistikası haqqında qanun, eləcə də internetdə şərəf və layəqətin alçaldılması haqqında qanunvericilik olmalıdır.

Cinayət qanunvericiliyində konkret olaraq təhqir və böhtan barədə ayrıca maddələr nəzərdə tutulub. Bu qanuna görə şəxsin barəsində rüsvayedici, şəxsiyyətini alçaldan, imicinə zərər vuran, sosial statusunu zərbə altına qoyan yalan məlumatların yazılması da nəzərdə tutulur. Rüsvayedici məlumatlar kütləvi çıxışlarda, mətbuatda və kütləvi nümayiş etdirilən hər hansı bir əsərdə ola bilər. Təhqir etmək şəxsi alçaldıcı sözlərə məruz qoymaq, böhtan etmək isə şəxsin barəsində həqiqətə uyğun olmayan hər hansı məlumatların yayılması deməkdir. Əgər söhbət konkret olaraq böhtandan gedirsə bu, Cinayət Məcəlləsinin 147-ci, 148-ci (böhtan atma, şərəf və ləyaqətin təhqiri) maddələri ilə məsuliyyət daşımaq anlamına gəlir.

Başqasının şərəf və layəqətini alçaltmaq sizə baha başa gələr

Başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada alçatmaq həmin şəxsin şəxsiyyətinə mənfi qiymət verməklə, onu əhatənin, yəni dostlarının, tanışlarının gözündə nüfuzdan salan hərəkətlərdə xarakterizə olunur. Şərəf və ləyaqəti alçatma hərəkətləri müxtəlif formalarda həyata keçirilə bilər. Yazılı, şifahi və ya bədən hərəkətləri ilə. Şifahi formada şərəf və ləyaqəti alçaltmaq söyməklə, nalayiq sözlər deməklə, haqqında ələsalıcı ifadələr işlətməklə və s. törədilə bilər.

Ləyaqətin yazılı formada alçaldılması məktubda, hər hansı müraciətdə, məsələn ərizə, şikayət və yaxud təklifdə və s. əks oluna bilər. Şərəf və ləyaqəti alçaltmaq birinin üzünə tüpürməklə, şillə vurmaqla, mimika və jestlərlə başqa şəxsi yamsılamaqla və s. hərəkətlərlə də edilir. Şərəf və ləyaqəti alçaltmaq təhqir olunan şəxsin iştirakı olmadan da törədilə bilər. Mühüm olan odur ki, şərəf və ləyaqəti kütləvi çıxışda, kütləvi nümayiş etdirmə və kütləvi informasiya vasitəsilə, internet və sosial şəbəkə vasitəsi ilə alçaldılmış olsun.

Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı 2 nəfər kənar şəxsin görə, eşidə və qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı 2 nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür.

Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Qanun bu zaman ölçü götürür.

Bura Facebook, İnstagram, TikToK, Youtube platformasını da əlavə edə bilərik. Təhqirə görə 16 yaşına çatmış fiziki şəxs və daha böyük şəxslər cinayət məsuliyyətinə cəlb oluna bilər. Qüvvədə olan Cinayət Məcəlləsinə əsasən isə təhqirə görə aşağıdakı cəza nəzərdə tululur: 1000 manatdan 5000 manatadək miqdarda cərimə və ya 240 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə. Lakin bir çox hallarda bundan məlumatsız olan insanlar məhkəməyə müraciət etmir və qarşı tərəf cəzasız qalır.

Saxta profildə gizlənən saxtakarlar

İnternetdə şərəf və layəqəti alçaldan insanların cinayət məsuliyyətinə cəlb edilməsi üçün bir çox ölkənin sərhədləri çərçivəsində internet-xüsusi təyinatlı yaradılıb. İnternetdə xəbər və məqalələri müzakirə edərkən istifadəçilər respublikanın tanımış şəxsləri barəsində xoşagəlməz ifadələr işlədir, çox vaxt onları təhqir də edirlər. Təhqir edənlərin əksəriyyəti öz kompüterindən yox, hər hansı internet-klubda, saxta ad altında iş görür.

Razılaşarsınız ki, bizim ölkədə də hər hansı şəxsin ünvanına təhqir, söyüş yağdıran "qəhrəmanlar" da az deyil. Daha çox "Facebook"da məşhur olan bu insanlar saxta profil açır, qeyri-müəyyən profil rəsmi qoyur, "haqqında" bölməsinə dəqiq heç bir şey yazmır. İsveçdə oturub hazırda Mərakeşdə olduğu barədə statuslar yazır. Tapşırıq alanda isə ona nişan verilmiş şəxsin haqqında yalan-böhtan yazır, şantaj edir. Məhz belə anda xüsusi təyinatlı internetə ehtiyac duyulur.

Lalə Mehralı

Bütün xəbərlər Facebook səhifəmizdə