Azyaşlı uşaqların hicaba keçməsi düzgündür? - ARAŞDIRMA

İslamda hicab müsəlman qadın və kişilərin ən çox diqqət etməli olduğu məsələlərdəndir. Lüğət mənası “Qadınların İslama uyğun və qapalı geyinməsi” kimi ifadə edilsə də, İslamda hicab həm kişiləri, həm də qadınları əhatə edir. İslama görə örtünmə cinslərə görə fərqli qaydalar çərçivəsində qiymətləndirilir. Ona görə də hicabın qadın və kişi üçün fərqli mənaları var.

Hicab nədir?

Hicab sözünün mənşəyi ərəbcə “sətr” sözünə əsaslanır. Bir söz olaraq “örtmək və gizlətmək və ya bir şeyin içində və ya arxasında gizlənmək” mənasını verən hicab fiqh termini olaraq “örtmək” mənasını daşıyır. İslamda hicab o deməkdir ki, müsəlman kişi və ya qadın fiqh elmi baxımından şəriətə uyğun örtülməsi lazım olan sahələri örtməlidir. Burada istifadə edilən örtünmə termini “övrət” deyilən kişi və qadın hissələrini əhatə edir. Hicab geyimi kişi və qadınların övrət yerlərini örtməsi üçün nəzərdə tutulub. Övrət, müsəlmanın örtməli olduğu və başqaları tərəfindən baxılması haram olan bədən hissələrinə aiddir.

Bəzi fiqh alimləri deyirlər ki, təklikdə olsa belə örtünməyə diqqət etmək lazımdır. Yeganə fikirlərdən biri budur ki, müsəlman çılpaq, təmiz paltar geyinsə və tək qaranlıq otaqda olsa belə bu halda namaz qılmamalıdır.

Hicabın şərtləri hansılardır?

İslama uyğun olaraq hicaba girməyin müəyyən şərtləri var.

- Hicablı geyimdə paltar bütün bədəni örtməlidir.
- İslama uyğun olaraq örtünmə məqsədi ilə üstünlük verilən geyim, bəzək sayılacaq qədər təmtəraqlı olmamalıdır.
- Xüsusən də qadınların hicablı paltarları bədən cizgilərini göstərmək üçün dar formada tikilməməlidir.
- İnsan ətir və buna bənzər ətirli məhsullardan istifadə etməməlidir.
- Həm qadın, həm də kişi örtüyü üçün paltarın düz və sadə olması vacibdir.
- Quranda hicab taxmaq “xarici örtük” ifadəsi ilə təsvir edilmişdir. İslama görə geyinilən paltarlar dərini göstərəcək qədər nazik parçadan tikilməməli, bəzəkli və rəngli, bədən cizgilərini göstərəcək qədər dar olmamalıdır.

İnsan əmr və ya qadağa ilə məsuliyyət daşıması üçün ilk növbədə ağıllı olmalı, həddi-büluğa çatmalıdır. İslamda bəzi əmr və qadağalar vardır ki, insanlar onları yerinə yetirməli və ya etməməlidirlər. Bunlar fərz, vacib, sünnə, müstəhəb halal, mubah, məkruh, haramdır. Müsəlmanlar da bunların bəzilərini etmək, bəzilərini də etməmək məcburiyyətindədirlər. Bu öhdəliklər yetkinlik yaşına çatdıqda başlayır. Bu səbəbdən İslamda həddi-büluğa çatma yaşı çox önəmlidir.

Yetkinliyin başlanğıcı ən erkən, qızlar üçün doqquz, oğlanlar üçün on bir yaşın sonudur. İslami məsuliyyətlər həddi-büluğa çatma əlamətləri görünən kimi başlayır. Bu yaşa çatmayanların üzərinə heç bir İslami məsuliyyət qoyulmur.

"İmam Əbu Yusif və İmam Məhəmmədə görə, həm oğlanlar, həm də qızlar üçün həddi-büluğa çatma yaşının son həddi on beşdir. Bir sözlə, oruc və namaz kimi ibadətlərin vacib olması üçün həddi-büluğa çatmaq lazımdır.

Bəs, İslam dininin qaydalarına uyğun olaraq qız uşaqları neçə yaşından hicaba keçə bilər? Bunun üçün valideynin uşağa təzyiq etməlidirmi?

SİA mövzu ilə bağlı araşdırma aparıb.

Araşdırmamızın müsahibi 11 yaşlı Zəhra Sadıqzadə: "Mən 5-ci sinifdə təhsil alıram və 9 yaşımdan bəri hicablıyam. Məni hicab taxmağa heç kim məcbur etməyib. Bu öz azad seçimimdir. Mən, Allahın buyurduğu vacibatı yerinə yetirdiyimə görə özümlə fəxr edirəm.

Hicab bizlər üçün vacib və Xanım Fatimeyi Zəhranın əmanətidir. Məktəbdə də hicabla bağlı heç bir problem yaşamıram. Düşünürəm ki, azad və müstəqil ölkədə yaşayırıq. Ən əsası da Azərbaycan müsəlman ölkəsidir. Mən hicablı olduğumla fəxr edirəm.

Onu da qeyd edim ki, 9 yaşımdan həm də namaz qılıram. Bunu da valideynlərimdən öyrənmişəm. Uşaq yaşlarımdan anam məni dini bayramlarda məscidə və tədbirlərə aparardı. Oralarda görürdüm ki, hamı namaz qılır. Anamdan bu haqda həmişə soruşardım. O da sualımın cavabı olaraq mənə uzun-uzun hicab və namaz haqqında danışardı. Rəbbimə şükürlər olsun ki, mənə düzgün yol göstərən valideynlər bəxş edib".

İlahiyyatçı Ağa Hacıbəyli: "Bu, bir çox insanları maraqlandıran mövzudur. Əvvəla onu qeyd edək ki, biz Allahın qullarıyıq və bizi həyata rəbbimiz göndərib. İnsan həyatda fanidir və son nəfəsimizi verib rəbbimizin hüzuruna qayıdacağıq.

Biz müsəlmanıq, Allaha və onun axirətinə inanırıq. İmanımız və Allaha olan etiqadımız isə qarşımıza bəzi tələblər qoyur. Uşaqlarımıza böyüyünə ehtiramı təbliğ ediriksə, eynilə də bir müsəlman olaraq ailə bağçamızda yetişdirdiyimiz o gözəl güllərin də rəbbimizi tanıması, onun qanunlarına hörmət və ehtiramla yanaşması üçün çalışmalıyıq.

Qadınların hicabı başında, kişilərinki isə gözündə olur. Bu kainatda qabıqsız və örtüsüz heç bir şey yoxdur. İslam dininin hicab anlayışı bir qadının evi sayılır. Yəni, hicaba gələn bir qadın öz azad düşüncəsi ilə evinə gəlir. Məcburiyyət, israr, təhrik və qorxu ilə bir insan namaza, oruca və digər ibadətlərə yönəldilməməlidir. Bu, dinimizdə də bəyənilmir.

Əslində, İslam dini bir könül dilidir. İçində yaşadığımız kainat da onundur, bədənimiz də onun mülküdür. Allah bir şeyin üzərini örtmək əmrini veribsə, o örtüləcək.

Ölkəmizdə qız uşaqlarının hicab yaşı 12-13-dür. 12-13 yaşından hər bir uşaq Allah qarşısında özünü məsuliyyətli hesab etməli, namaz,oruc və digər ibadətləri bilməlidir".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə