“15 İyun Azərbaycan tarixində mühüm dönüş nöqtəsidir“ -VAHİD NOVRUZOV

“Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 İyun təkcə təqvim bayramı deyil, böyük ictimai-siyasi və tarixi əhəmiyyətə malik gündür”. SİA xəbər verir ki, bu sözləri YAP Veteranlar Şurasının üzvü, Auditorlar Palatasının sədri Vahid Novruzov İyunun 10-da Yeni Azərbaycan Partiyası (YAP) və Azərbaycan Dövlət Akademik Musiqili Teatrının birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş məfkurəsi: xilaskarlıq missiyasından Zəfər salnaməsinə” mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, bu tarixi yaradan şəxs Azərbaycanın inkişafında, müstəqilliyində və gələcəyində müstəsna rol oynayan Ümummilli Lider Heydər Əliyevdir. V.Novruzov qeyd edib ki, Heydər Əliyevin 1993-cü il iyunun 15-də siyasi hakimiyyətə qayıdışından sonra həyata keçirilən uzaqgörən siyasət nəticəsində dövlət müstəqilliyi dönməz xarakter alıb, hüquqi dövlət quruculuğunun əsası qoyulub, siyasi və makroiqtisadi sabitlik təmin edilib.

YAP Veteranlar Şurasının üzvü vurğulayıb ki, Ulu Öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycanın yeni neft strategiyası formalaşdırılıb və 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə ölkəyə xarici investisiyaların cəlb olunması üçün əlverişli şərait yaradılıb.

V.Novruzovun sözlərinə görə, müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. O əlavə edib ki, Ümummilli Liderin ölkənin inkişafı naminə əsasını qoyduğu irimiqyaslı layihələr və strateji təşəbbüslər bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə