"Paşinyan komandası seçkilərin qalibi olsa da, Ermənistan siyasətinin tam qalibi kimi qəbul edilə bilməz" - ŞƏRH
"Ermənistanda keçirilən seçkilərin bu cür nəticələnəcəyi əslində əvvəlcədən, demək olar ki, təxmin edilirdi. Yəni bu, proqnozlaşdırılmış bir vəziyyət idi. Amma burada başqa bir məsələ də var".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.
Onun sözlərinə görə, Ermənistanda Paşinyan komandasının qalib gələcəyi gözlənilirdi, lakin Paşinyanın mandat itirməsi ciddi problemə çevrilə bilər:
"Yəni, baxmayaraq ki, Paşinyanın administrasiyası Ermənistanda hakimiyyətini qoruyub saxlaya bildi, amma yetərsay məsələsinə gəldikdə, yəni səlahiyyətlərin həyata keçirilməsi və parlamentdə üçdəiki səs çoxluğunun əldə olunması məsələsində problemlər yaşana bilər. Ona görə düşünürəm ki, burada diqqətə alınmalı olan birinci məsələ məhz budur.
Paşinyanın komandası hazırda 61 mandata sahibdir və bu, üçdəiki səs çoxluğunu əldə etməyə imkan vermir. Çünki parlamentdə 101 deputat var. Buna görə də düşünürəm ki, Paşinyan ya müxalifətin hansısa qanadı ilə, daha dəqiq desək, az sayda deputata malik, lakin Paşinyan komandasına müəyyən qədər loyallıq göstərən partiya və ya siyasi təşkilatla ittifaqa getməli və bunu inkişaf etdirməlidir. Nəticədə koalisiya hökuməti qurulmalıdır.
Yəni ən azı bir neçə nazirlik həmin tərəfə verilməlidir. Əks halda, Paşinyan hökuməti quracaq, amma bəzi qanunların qəbul edilməsində ciddi problemlərlə üzləşə bilər. Bu da nəticə etibarilə Ermənistanın Azərbaycanla sülh müqaviləsinin imzalanması, Türkiyə ilə yaxınlaşma siyasətində addımlar atılması və digər məsələlərdə ciddi maneələr yarada bilər. Ona görə də düşünürəm ki, bütün bunları ümumilikdə nəzərə aldıqda, Paşinyan komandası seçkilərin qalibi olsa da, Ermənistan siyasətinin tam qalibi kimi qəbul edilə bilməz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB