Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib -YENİLƏNİB

İyunun 10-da Yeni Azərbaycan Partiyası (YAP) və Azərbaycan Dövlət Akademik Musiqili Teatrının birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş məfkurəsi: xilaskarlıq missiyasından Zəfər salnaməsinə” mövzusunda tədbir keçirilib.

SİA xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Daha sonra Yeni TV-nin hazırladığı videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyinin xilasında mühüm rol oynayıb. O vurğulayıb ki, Ümummilli Liderin müəyyənləşdirdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bu siyasət ölkənin inkişafı, ərazi bütövlüyünün bərpası və dövlət müstəqilliyinin möhkəmlənməsində mühüm nəticələr verib.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov qeyd edib ki, Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixinin ən əlamətdar səhifələrindən biridir. Onun sözlərinə görə, Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəni parçalanmaq və müstəqilliyini itirmək təhlükəsindən xilas edib, Prezident İlham Əliyevin rəhbərliyi ilə isə Azərbaycan tarixi Zəfərə nail olaraq suverenliyini tam bərpa edib.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının rəhbəri Aqil Bəhramlı çıxışında Milli Qurtuluş Gününün dövlətçiliyimizin möhkəmlənməsində xüsusi rol oynadığını vurğulayıb. O bildirib ki, Ulu Öndərin hakimiyyətə qayıdışından sonra hüquqi dövlət quruculuğu istiqamətində mühüm addımlar atılıb və bu gün əldə olunan uğurlar həmin siyasətin nəticəsidir.

YAP Veteranlar Şurasının üzvü, Auditorlar Palatasının sədri Vahid Novruzov isə qeyd edib ki, 15 İyun yalnız təqvim bayramı deyil, Azərbaycanın taleyini dəyişən mühüm tarixi hadisədir. Onun sözlərinə görə, Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkədə siyasi və iqtisadi sabitlik təmin olunub, yeni neft strategiyasının əsası qoyulub.

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Novruz Quliyev də çıxışında Heydər Əliyevin xalq və dövlət qarşısındakı xidmətlərindən danışıb. O bildirib ki, Ümummilli Liderin 1993-cü ildə hakimiyyətə qayıdışı ölkədə sabitliyin və inkişafın təmin olunmasına, Azərbaycanın beynəlxalq nüfuzunun artmasına şərait yaradıb.

Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb. Daha sonra Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı təqdim edilib.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə