Valideynlər övladlarının sosial şəbəkələrdə paylaşımlarına görə məsuliyyət daşıyırlarmı? - AÇIQLANDI
Sosial şəbəkələrin gündəlik həyatın ayrılmaz hissəsinə çevrildiyi müasir dövrdə yetkinlik yaşına çatmayan şəxslərin internetdə etdikləri paylaşımlar bəzən hüquqi məsuliyyət yarada bilir. Təhqir, böhtan xarakterli məlumatların yayılması, şəxsi məlumatların qanunsuz paylaşılması və ya digər şəxslərə zərər vurulması hallarında valideynlərin məsuliyyət məsələsi də gündəmə gəlir.
Bu sözləri SİA-ya açıqlamasında vəkil Səma Əhmədova deyib.

O bildirib ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1103-cü maddəsinə əsasən, 14 yaşına çatmamış uşağın törətdiyi mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə onun valideynləri məsuliyyət daşıyırlar:
”Valideynlər yalnız zərərin onların təqsiri üzündən yaranmadığını sübut etdikləri halda bu məsuliyyətdən azad oluna bilərlər. Bu o deməkdir ki, azyaşlı şəxs sosial şəbəkədə paylaşdığı məlumatla başqa bir şəxsə maddi və ya mənəvi zərər vurarsa, həmin zərərin əvəzinin ödənilməsi tələbi valideynlərə yönəldilə bilər.
14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar isə Mülki Məcəllənin 1104-cü maddəsinə əsasən vurduqları zərərə görə ümumi əsaslarla özləri məsuliyyət daşıyırlar. Lakin onların zərəri ödəmək üçün kifayət qədər gəliri və ya əmlakı olmadıqda, zərərin hamısı və ya çatışmayan hissəsi valideynlər tərəfindən ödənilə bilər. Bu halda da valideynlər yalnız zərərin onların təqsiri nəticəsində yaranmadığını sübuta yetirdikdə məsuliyyətdən azad edilə bilərlər.
Beləliklə, qanunvericiliyə görə valideynlər övladlarının sosial şəbəkələrdəki hər paylaşımına görə avtomatik məsuliyyət daşımırlar. Lakin həmin paylaşımlar nəticəsində üçüncü şəxslərə zərər vurulduqda və xüsusilə azyaşlı uşaqlardan söhbət getdikdə, valideynlərin nəzarət və tərbiyə vəzifələrinin lazımi qaydada yerinə yetirilib-yetirilməməsi hüquqi qiymətləndirmə predmeti olur. Buna görə də valideynlərin övladlarını sosial şəbəkələrdən təhlükəsiz və məsuliyyətli istifadə qaydaları barədə maarifləndirməsi gələcək hüquqi risklərin qarşısının alınmasında mühüm əhəmiyyət daşıyır”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB