"Bu platforma Cənubi Qafqazda sülhün və rifahın alternativsiz modelidir" - ŞƏRH
"İyunun 8-də İstanbulda keçirilən Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin 10-cu üçtərəfli görüşü və qəbul edilən İstanbul Bəyannaməsi Cənubi Qafqazın geosiyasi və geoiqtisadi mənzərəsini formalaşdıran regional tərəfdaşlığın yeni strateji mərhələsidir. Bu format sadəcə diplomatik bir ənənə deyil, qlobal güclərin maraqlarının toqquşduğu və beynəlxalq nəqliyyat dəhlizlərinin yenidən qurulduğu bir dövrdə regional təhlükəsizliyin və iqtisadi müstəqilliyin təminat mexanizmidir".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.
Onun sözlərinə görə, bəyannamənin siyasi çəkisi ilk növbədə tərəflərin bir-birinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına verdiyi sarsılmaz dəstəyin yenidən bəyan edilməsindədir:
"Azərbaycanın öz ərazi bütövlüyünü tam bərpa etməsindən sonra yaranmış yeni regional reallıqlar fonunda bu dəstək, regiondan kənar oyunçuların Cənubi Qafqaza kənar müdaxilə cəhdlərinə qarşı vahid və prinsipial cavab xarakteri daşıyır. Eyni zamanda, Gürcüstanın Avroatlantik məkana inteqrasiya meylləri ilə Türkiyənin regional liderlik iddiaları və Azərbaycanın balanslaşdırılmış, müstəqil xarici siyasət kursu bu bəyannamədə ortaq məxrəcə gətirilib. Bu, regionun gələcəyinin məhz region ölkələri tərəfindən müəyyən edilməsi iradəsinin növbəti nümayişidir.
Geoiqtisadi baxımdan İstanbul Bəyannaməsi "Orta Dəhliz" (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) layihəsinin qlobal logistikadakı yerini daha da möhkəmləndirir. Şərqlə Qərb arasında ən təhlükəsiz və qısa quru yolu olan bu dəhliz, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin imkanlarının genişləndirilməsi və rəqəmsallaşdırılması ilə yeni nəfəs qazanır. Avrasiya məkanında mövcud olan geosiyasi böhranlar — xüsusilə Ukrayna müharibəsi və Qara dəniz hövzəsindəki gərginlik — Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TANAP kimi enerji marşrutlarının təhlükəsizliyini təkcə bu üç ölkə üçün deyil, bütövlükdə Avropanın enerji təhlükəsizliyi üçün həyati əhəmiyyətli edir. Bəyannamə tərəflərin bu layihələrin effektivliyini artırmaq və yaşıl enerji keçidi sahəsində (məsələn, Qara dəniz sualtı kabel layihəsi kontekstində) əməkdaşlığı dərinləşdirmək öhdəliyini hüquqi-siyasi sənəd olaraq rəsmiləşdirir.
Yekun olaraq qeyd etmək olar ki, 10-cu Üçtərəfli Görüşün nəticələri Ankara, Bakı və Tbilisi oxunun regional sabitliyin əsas oxu olduğunu sübut edir. İstanbul Bəyannaməsi tərəfdaşlığın institusionallaşdığını, böhranlara qarşı dözümlülüyünü və qlobal güc mərkəzləri ilə münasibətlərdə bu üç dövlətin rəqabət aparan deyil, bir-birini tamamlayan strateji müttəfiqlər kimi çıxış etdiyini göstərir. Bu platforma Cənubi Qafqazda sülhün və rifahın alternativsiz modelidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB