Küçədə kiməsə geyiminə görə irad bildirmək normaldır? - KULTUROLOQ AÇIQLADI

Bakıda şortik geyimi ilə bağlı mübahisələr yenidən gündəmə gəlib. Bir tərəf bunu şəxsi seçim və rahatlıq məsələsi hesab etdiyi halda, digər tərəf ictimai məkanlarda müəyyən geyim qaydalarının gözlənilməli olduğunu düşünür. Müxtəlif nəsillər və fərqli dünyagörüşləri arasında yaranan bu fikir ayrılığı zaman-zaman mübahisələrə də səbəb olur. Geyim məsələsində cəmiyyətin yazılmamış qaydaları ilə fərdi azadlıqlar arasında balans necə qorunmalıdır? Şort geyimi ətrafında yaranan mübahisələrin əsas səbəbi nədir? Bu məsələdə nəsillərarası baxış fərqləri hansı rolu oynayır? Bəs, küçədə kiməsə geyiminə görə irad bildirmək normaldır ?

Məsələ ilə bağlı kulturoloq Aydınxan Əbilov SİA-ya açıqlamasında bildirib ki, Azərbaycanda təəssüf ki, insanları paltarına görə qarşılayıb, ağlına görə yola salmaq kimi yanaşmalar hələ də mövcuddur:

“Geyim mədəniyyəti ilə bağlı ölkəmizdə müəyyən problemlər qalmaqdadır.

Geyim mədəniyyəti ümumiyyətlə dünyanın müxtəlif yerlərində bir çox amillərin təsiri ilə formalaşıb. Tarixən Azərbaycanda da həm etnik, həm milli, həm dini, həm də məhəlli baxışlara görə, eyni zamanda sağlamlıq, ekologiya və xarici təsirlərə, eləcə də mövsümlərə uyğun müxtəlif geyim formaları olub.

Amma son illərdə dünyada temperaturun artması, fəsillər arasındakı keçidlərin dəyişməsi, yaydan birbaşa qışa keçid kimi hallar həm dəb sənayesində, həm də ümumilikdə geyim mədəniyyətində müəyyən yeniliklərə səbəb olub.

Bu baxımdan Azərbaycanda da son illər oğlanların və gənclərin şort geyinməsini, xanımların isə rahat geyimlər seçməsini normal qarşılamaq lazımdır. Elə bölgələrimiz var ki, orada bu yaxşı qarşılanır. Eyni zamanda mühafizəkar bölgələrimiz də var. Əgər bir icma bunu qəbul etmirsə və orada heç kim belə geyinmirsə, sən təkbaşına şort geyinməklə onlara meydan oxuya bilməzsən.

Amma dünyanın iqtisadi və intellektual mərkəzlərindən biri olmağa çalışan, hər gün müxtəlif tədbirlərin keçirildiyi Bakıda, xüsusilə İçərişəhərdə bu cür hadisələrin baş verməsi əslində həm insan hüquqlarına, həm gənclərin geyim seçiminə, həm də ümumilikdə fərdin həyat tərzinə qarşı təzyiq kimi qəbul edilməlidir.

Həmin yaşlı adam xaricilərə eyni münasibəti göstərə bilərmi? Belə çıxır ki, xaricilər üçün olar, amma öz vətəndaşlarımız üçün olmaz?

Yaponiya kimi mühafizəkar bir ölkədə artıq qalstuksuz, pencəksiz şəkildə ofislərdə və dövlət qurumlarında işləməyə icazə verilir ki, enerji sərfiyyatı azalsın, kondisionerlər daha az işlədilsin və bununla da planetin daha da istiləşməsinin, buzlaqların əriməsinin və okean səviyyəsinin yüksəlməsinin qarşısını almağa töhfə verilsin.

Amma Azərbaycanda bəzi məsələlər sanki hələ də keçmiş əsrlərdə olduğu kimi qalmaqdadır.

Əgər həmin şəxslər geyim və mentalitet müfəttişidirlərsə, onda niyə qadınların qısa ətək, açıq geyim və ya müxtəlif dəb üslublarında geyinməsinə etiraz etmirlər? Adətən belə insanları görürük ki, həmin qadınları görəndə uzun müddət onlara baxırlar. Amma gənc oğlanlar istiyə görə və yaşıdları kimi şort və ya idman geyimində gəzəndə dərhal namus, qeyrət, bacı, ana mövzuları gündəmə gətirilir.

Əgər kimsə şort geyinmiş bir şəxsi görmək istəmirsə, sadəcə görməməzlikdən gəlib yanından keçə bilər.

Son dövrlərdə ictimai yerlərdə və hətta televiziyada bir qədər açıq-saçıq geyimlərə qarşı da etirazlar artır. Bəzi telekanallar hətta qanunla nəzərdə tutulmayan qadağalar tətbiq etməyə çalışırlar.

İnsanlardan soruşmaq lazımdır: əgər bir şəxs qanunu pozmursa, ifrat dərəcədə açıq geyinmirsə, uşaqların və gənclərin psixologiyasına mənfi təsir göstərmirsə, onun geyiminə müdaxilə etməyə hansı haqqınız var?

“Sən mənim məhəlləmdə belə geyinmə” demək, üstəlik bir gənci söyüşlərlə təhqir etmək qəbuledilməzdir. Gənc isə sadəcə onu videoya çəkib aidiyyəti orqanlara müraciət edəcəyini deyəndə, qarşılığında yenə təhqir eşidirsə, buna nə ad vermək olar?

Həmin məhəllədə qadınlar, qızlar, analar yoxdurmu? Onlar bu söyüşləri eşitmirlərmi?

Ona görə də belə hallara qarşı ciddi ictimai qınaq formalaşmalıdır. Mən düşünürəm ki, həmin şəxs hüquq-mühafizə orqanları tərəfindən məsuliyyətə cəlb olunmalıdır. Heç olmasa xəbərdarlıq edilməlidir ki, bir daha belə davranışlara yol verməsin.

Necə olur ki, gənclər küçədə zarafatla söyüş işlətdikdə dərhal cərimələnir və ya inzibati məsuliyyətə cəlb olunurlar, amma bəzi yaşlı şəxslər məhəllələrdə özlərini qanundan üstün aparıb gənclərə təzyiq göstərirlər və buna görə cəzalandırılmırlar?

Bu cəzasızlıq hissi gələcəkdə daha ağır hadisələrə səbəb ola bilər. Sonra isə aidiyyəti qurumlar hadisədən sonra açıqlamalar verməyə başlayacaqlar.

Buna görə də həm azadlıqların, həm də qarşılıqlı hörmətin tərəfdarı olmaq lazımdır. Bakı urbanizasiya olunmuş bir şəhərdir. Bölgələrdə müəyyən sosial təzyiqlərdən və məhdudiyyətlərdən uzaqlaşmaq istəyən gənclər şəhərə gələrək həm işləri, həm geyim tərzləri, həm də həyat tərzləri ilə daha sərbəst yaşamaq istəyirlər.

Əgər biz gəncləri sıxışdırsaq, onsuz da son illərdə həkimlərdən tutmuş İT mütəxəssislərinə qədər minlərlə istedadlı gənc Azərbaycanı tərk edib. Maaş məsələləri ilə yanaşı, bu cür sosial təzyiqlər də onların ölkədən getməsinə səbəb olur.

İstedadlı gənclər işləyir, xidmət göstərir, ölkəyə fayda verirlər. Onları sıxışdırıb ölkədən uzaqlaşdırmağa heç kimin haqqı yoxdur.

Əgər kimsə öz mental və ya dini baxışlarının pozulduğunu düşünürsə, bu onun şəxsi seçimidir. Amma bu ölkə məhz ona görə müstəqil və inkişaf yolundadır ki, insanlar qanunları pozmadan, cəmiyyətə hörmətsizlik etmədən öz həyat tərzlərini seçə bilsinlər.

Əlbəttə, heç kim qəsdən qarşı tərəfi qıcıqlandırmağa çalışmamalıdır. Amma bir insanın şort geyinərək küçəyə çıxması və ya gündəlik həyatını yaşaması normal qarşılanmalıdır.

Toylarda qadınlar müxtəlif formalı və bəzən qısa geyimlər geyinirlər. Bu zaman həmin insanların etiraz etdiyini görmürük.

Bu baxımdan gənclərin hüquqlarını və seçim azadlıqlarını tanımalı, onları cəmiyyətdən uzaqlaşdırmamalıyıq.

Düşünürəm ki, hüquq-mühafizə orqanları bu kimi hallara vaxtında reaksiya verməsələr, problem daha da kəskinləşə bilər. Mənfi nümunələr cəmiyyətdə daha tez yayılır. Buna görə də vaxtında ictimai qınaq göstərilməsi vacibdir. Tanınmış şəxslər və ictimai fəallar da bu məsələlərdə öz mövqelərini bildirməlidirlər”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə