“Cənubi Qafqazda yeni gündəliyin formalaşmasında Azərbaycanın mövqeyi həlledici amillərdən biridir” - ŞƏRH
“Azərbaycan Prezidenti cənab İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın Bişkek görüşü Cənubi Qafqazda formalaşan yeni siyasi reallığın növbəti mühüm təzahürüdür. Bu prosesdə Azərbaycanın üstün mövqeyi ondadır ki, ölkəmiz müharibənin nəticələrini yalnız hərbi-siyasi müstəvidə möhkəmləndirməklə kifayətlənmir, eyni zamanda regionun gələcək sülh və əməkdaşlıq gündəliyinin formalaşmasında əsas təşəbbüskar kimi çıxış edir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ülviyyə Həmzəyeva deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl siyasət nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam təmin edib, bununla da regionda tamamilə yeni reallıq yaradıb:
“Bu gün danışıqlar artıq keçmiş münaqişənin deyil, məhz həmin yeni reallığın şərtləri əsasında aparılır. Azərbaycanın gücü isə ondadır ki, qalib dövlət olaraq sülh təklif edən, əməkdaşlığa çağıran və regionun gələcəyinə dair konkret siyasi-iqtisadi gündəlik ortaya qoyan tərəfdir.
Bişkek görüşünün xüsusi əhəmiyyəti həm də Bakı ilə İrəvan arasında birbaşa dialoqun davam etməsidir. Prezident İlham Əliyevin illərdir müdafiə etdiyi yanaşma – problemlərin kənar müdaxilə olmadan, suverenlik və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında həlli – artıq prosesin əsas siyasi xəttinə çevrilir. Vaşinqton razılaşmalarından sonra Bişkekdə dialoqun davam etməsi Azərbaycanın irəli sürdüyü sülh gündəliyinin praktik mərhələyə keçdiyini göstərir.
Eyni zamanda, nəqliyyat kommunikasiyaları, tranzit və iqtisadi əlaqələr istiqamətində yaranan yeni imkanlar göstərir ki, Azərbaycanın yaratdığı reallıq bütövlükdə Cənubi Qafqaz üçün yeni inkişaf perspektivi açır. Azərbaycan bu gün yalnız öz milli maraqlarını təmin edən güclü dövlət deyil, həm də regionun gələcək iqtisadi və təhlükəsizlik arxitekturasına təsir göstərən əsas siyasi aktordur.
Bişkek görüşünün əsas mesajı da məhz budur: Prezident İlham Əliyevin qətiyyətli və ardıcıl siyasəti nəticəsində Azərbaycan müharibədə əldə etdiyi tarixi Qələbəni diplomatik üstünlüyə, regional təşəbbüsə və uzunmüddətli sülh perspektivinə çevirir. Bu gün Cənubi Qafqazda yeni gündəliyin formalaşmasında Azərbaycanın mövqeyi və siyasi iradəsi həlledici amillərdən biridir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB