“Məqsədimiz Azərbaycanın əsas logistika mərkəzlərindən birinə çevrilməsidir” - MİLLƏT VƏKİLİ
"Azərbaycan və Qazaxıstanın Xəzər üzərindən nəqliyyat-logistika imkanlarını birgə inkişaf etdirməsi ölkəmizin Avropa ilə Mərkəzi Asiya arasında tranzit rolunu keyfiyyətcə yeni mərhələyə çıxara bilər". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Razi Nurullayev deyib.

Onun sözlərinə görə, burada əsas məsələ Orta Dəhlərin imkanlarından daha səmərəli istifadə etməkdir:
"Qazaxıstandan gələn yüklərin Xəzər vasitəsilə Azərbaycana, daha sonra Gürcüstan, Türkiyə və Avropa bazarlarına sürətli və fasiləsiz çatdırılması marşrutun rəqabət qabiliyyətini artıracaq. Azərbaycanın Ələt limanı, dəmir yolu və avtomobil infrastrukturu bu baxımdan mühüm üstünlük yaradır.
Lakin nəticə yalnız infrastrukturdan asılı deyil. Limanlar arasında koordinasiyanın gücləndirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi, rəqəmsal sənədləşmə və daşımaların sürətinin artırılması xüsusi əhəmiyyət daşıyır. Yük nə qədər tez və daha az xərclə hərəkət edərsə, Orta Dəhlərin beynəlxalq şirkətlər üçün cəlbediciliyi də bir o qədər artacaq.
Mən hesab edirəm ki, Azərbaycanın məqsədi sadəcə tranzit ölkə olmaq yox, Avropa ilə Mərkəzi Asiyanı birləşdirən əsas logistika mərkəzlərindən birinə çevrilmək olmalıdır. Bunun reallaşması ölkəmizə əlavə tranzit gəlirləri, yeni investisiyalar və iqtisadi imkanlarla yanaşı, regionda strateji əhəmiyyətimizin daha da artmasını təmin edə bilər.
Azərbaycan-Qazaxıstan əməkdaşlığı bu baxımdan yalnız iki ölkənin nəqliyyat layihəsi deyil, bütövlükdə Avrasiyanın yeni nəqliyyat xəritəsinin formalaşmasına təsir edə biləcək strateji tərəfdaşlıqdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB