Uşaqlar niyə telefondan ayrıla bilmir? – Dəyişən uşaqlıq və valideynlik - ARAŞDIRMA

Uşaqlar niyə telefondan ayrıla bilmir? – Dəyişən uşaqlıq və valideynlik - ARAŞDIRMA

Bir vaxtlar uşaqların ən böyük problemi axşam evə çağırılarkən oyunu yarımçıq qoymaq idi. Həyətdə dostları ilə oynayır, velosiped sürür, qaçır, yıxılır, yenidən qalxır, evə gələndə isə valideyninin “əllərini yu, yemək hazırdır” sözünü eşidirdilər. İndi isə uşaqlığın mənzərəsi xeyli dəyişib. Uşağın əlində oyuncaqdan çox telefon, planşet və ya başqa bir ekran görürük. Valideyn üçün də bu mənzərə ilk baxışdan rahat görünür: uşaq sakitdir, ağlamır, ətrafı dağıtmır, valideyn isə öz işini görə bilir.

Amma bir sual getdikcə daha çox düşündürür: uşaq həqiqətən sakitdir, yoxsa biz onun uşaqlığını ekran qarşısında sakitləşdiririk?

SİA mövzu ilə bağlı araşdırma edib.
Məsələ texnologiyanın pis olması deyil. Əksinə, bu gün internet uşaqlar üçün böyük imkanlar yaradır. Onlar yeni biliklər əldə edir, müxtəlif dillər öyrənir, dünyada baş verənlərdən xəbər tutur, yaradıcılıqlarını inkişaf etdirən proqramlardan istifadə edirlər. Problem texnologiyanın uşağın həyatında hansı yeri tutmasıdır. Telefon bir vasitə olaraq qalırsa, problem yoxdur. Amma uşağın əyləncəsini, ünsiyyətini, oyununu, hətta valideynlə münasibətini əvəz etməyə başlayırsa, artıq başqa bir mənzərə yaranır.

Bəzən telefon uşağın həyatına çox sadə şəkildə daxil olur. Uşaq yemək yemək istəmir – telefon verilir. Ağlayır – telefon verilir. Valideynin işi var – telefon verilir. Maşında darıxır – telefon verilir. Yatmaq istəmir – yenə telefon. Bir müddət sonra uşaq da öyrənir ki, narahat olanda, darıxanda və ya özünü pis hiss edəndə əlini telefona uzatmalıdır.

Beləliklə, telefon tədricən sadəcə əyləncə vasitəsi olmaqdan çıxır, uşağın özünü sakitləşdirmə vasitəsinə çevrilir.

Əslində isə uşağın darıxması da lazımdır. Çünki uşaqlar məhz darıxanda oyun qurur, xəyal edir, ətrafındakı əşyaları araşdırır, öz dünyalarını yaradırlar. Davamlı şəkildə hazır görüntülər, səslər və sürətli videolarla təmin olunan uşağın özünün nəsə yaratmasına ehtiyac azalır.

Burada valideynləri günahlandırmaq da asan deyil. Müasir həyat valideyndən əvvəlkindən daha çox şey tələb edir. İş, ev, maddi qayğılar, yorğunluq, gündəlik məsuliyyətlər… Bəzən valideynin uşağa ayırmağa enerjisi qalmır. Telefon isə ən asan çıxış yolu kimi görünür. Uşaq sakitləşir, valideyn bir neçə dəqiqə nəfəs ala bilir.

Lakin həmin “bir neçə dəqiqələr” bəzən saatlara çevrilir.

Ümumdünya Səhiyyə Təşkilatı da erkən yaşlarda uşaqların ekran qarşısında keçirdiyi oturaq vaxtın məhdudlaşdırılmasını, bunun əvəzinə hərəkət və keyfiyyətli yuxunun prioritet olmasını tövsiyə edir. Burada əsas məsələ yalnız ekranın özü deyil. Ekran qarşısında keçirilən vaxt ərzində uşaq başqa hansı fəaliyyətlərdən məhrum olur – məsələ bir qədər də budur.

Çünki uşağın inkişafı yalnız informasiya almaqla baş vermir. Uşaq danışaraq, oynayaraq, toxunaraq, qaçaraq, sual verərək, səhv edərək, böyüklərlə və yaşıdları ilə ünsiyyət quraraq inkişaf edir.

Və burada maraqlı bir məqam ortaya çıxır: bəzən uşağın əlindəki telefondan daha böyük problem valideynin əlindəki telefondur.

Uşaq anasına nəsə danışır, ana telefona baxır. Uşaq atasını çağırır, ata mesaj yazır. Ailə birlikdə yemək yeyir, amma masada hər kəsin qarşısında telefon var. Sonra həmin uşağa “telefonu kənara qoy” deyilir.

Uşaq isə ilk növbədə sözləri yox, davranışı öyrənir.

Bu səbəbdən rəqəmsal tərbiyə yalnız uşağa qoyulan qaydalardan ibarət deyil. Evdə böyüklərin öz davranışı da həmin tərbiyənin bir hissəsidir. Əgər valideyn uşağından telefondan uzaq qalmasını istəyirsə, bunun ən təsirli yolu özü də müəyyən vaxtlarda telefonu kənara qoymaqdır.

Digər tərəfdən, uşaqların internetdə qarşılaşdığı risklər də artıq əvvəlki kimi yalnız “çox telefona baxır” məsələsi ilə məhdudlaşmır. Sosial şəbəkələr uşağın qarşısına onun yaşına uyğun olmayan görüntülər, zorakılıq, təhqir, manipulyativ kontent və tanımadığı insanların mesajlarını çıxara bilər.

UNICEF-in 2026-cı ilin sentyabrında açıqladığı yeni araşdırmada 21 ölkədən təxminən 21 min 12–17 yaşlı internet istifadəçisinin məlumatları təhlil edilib. Araşdırmaya əsasən, bir il ərzində təxminən 20 milyon uşağın onlayn cinsi istismar və ya zorakılığın müxtəlif formaları ilə üzləşdiyi təxmin edilir. Halların əhəmiyyətli hissəsinin sosial media platformalarında baş verdiyi bildirilir.

Bu rəqəmlər valideynlər üçün ciddi xəbərdarlıqdır. Çünki uşaq evdə, otağında, valideyninin gözünün qarşısında otura bilər, amma virtual olaraq tamamilə başqa bir dünyanın içində ola bilər.

Ona görə də “uşaq otağındadır, deməli təhlükəsizdir” düşüncəsi artıq kifayət etmir.

Amma bunun həlli uşağın telefonunu əlindən almaq da deyil. Çünki uşaq onsuz da internetlə böyüyəcək. Əsas məsələ ona rəqəmsal dünyada necə davranmağı öyrətməkdir.

Uşaq bilməlidir ki, tanımadığı insanla şəxsi məlumatlarını paylaşmaq olmaz. Şəklini, ünvanını, məktəbini, ailəsi ilə bağlı məlumatları hər kəsə göndərmək olmaz. Kimsə onu narahat edirsə, bunu valideynindən gizlətməməlidir. Qarşısına çıxan hər görüntünün həqiqət olmadığını anlamalıdır.

Ən əsası isə uşaq bilməlidir ki, internetdə başına gələn hər hansı hadisəni valideyninə danışdığı zaman cəzalandırılmayacaq.

Çünki bəzən təhlükənin özü qədər təhlükəli olan başqa bir şey var: uşağın qorxusundan susması.

Bəlkə də müasir valideynliyin ən çətin tərəfi budur. Biz uşaqları texnologiyadan qorumağa çalışarkən onları real həyatdan uzaqlaşdırmamalıyıq. Onlara telefon almaq asandır, amma telefondan daha qiymətli olan vaxtımızı onlara vermək daha çətindir.

Uşağın yaddaşında hansısa videonun neçə dəfə izlənməsi yox, anası ilə birlikdə hazırladığı yemək, atası ilə oynadığı oyun, ailəsi ilə etdiyi gəzinti, gecə yatmazdan əvvəl dinlədiyi nağıl qalacaq.

Uşaqlar çox sürətlə böyüyür. Bu gün qucağımızda olan uşaq sabah telefon istəyəcək, bir neçə ildən sonra sosial şəbəkələrdə öz dünyasını quracaq, daha sonra isə bizim nə qədər vaxt ayırdığımızı xatırlayacaq.

Ona görə də bəlkə bu gün özümüzə verməli olduğumuz əsas sual “Uşağım telefonda neçə saat keçir?” deyil.

“Mən bu gün uşağımla telefonsuz neçə dəqiqə keçirdim?” sualıdır.

Çünki texnologiyanı uşağın həyatından çıxarmaq mümkün deyil. Amma onun uşaqlığının yerini texnologiyanın tutmasına imkan verməmək hələ də bizim seçimimizdir.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə