"44 günlük müharibə Azərbaycanın yeni regional siyasətini formalaşdırdı" - DEPUTAT
"Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 20 faizə yaxın ərazilərimiz uzun illər işğal altında qaldı. Yüz minlərlə soydaşımız öz doğma yurdlarından məcburi köçkün vəziyyətinə düşdü. Şəhər və kəndlər dağıdıldı, mədəni və dini irsə ciddi ziyan dəydi. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrdə işğal olunmuş Azərbaycan ərazilərindən qüvvələrin çıxarılması tələb olunurdu. Lakin bu qətnamələrin icrası təmin edilmədi".
Bu sözləri SİA -ya açıqlamasında deputat Könül Nurullayeva deyib.
.jpg)
Onun sözlərinə görə, Azərbaycan bu illər ərzində danışıqlar prosesində iştirak etməklə yanaşı, öz hərbi, iqtisadi və diplomatik potensialını da gücləndirdi. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan mövqelərini və yaşayış məntəqələrini atəşə tutmasından sonra genişmiqyaslı hərbi əməliyyatlar başladı. Azərbaycan Ordusu əks-hücum əməliyyatına keçdi. 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ oldu. Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarının bir sıra yaşayış məntəqələrini və strateji yüksəklikləri azad etdi:
"Noyabrın 8-də Şuşanın azad edilməsindən iki gün sonra, noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli bəyanatla hərbi əməliyyatların dayandırılması razılaşdırıldı. Sənədə əsasən Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycanın nəzarətinə qaytarıldı.
Beləliklə, 44 günlük müharibə Azərbaycanın hərbi-siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu. Prezident İlham Əliyevin də söylədiyi kimi, “biz düşməni hər gün qovurduq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində bir dəfə də geriyə addım atmadı. Ermənistan bir dəfə də uğurlu əməliyyat apara bilmədi.”
Cəbhədə Azərbaycan əsgəri, arxa cəbhədə isə milyonlarla vətəndaş eyni məqsəd ətrafında birləşmişdi.
Bu gün şəhid ailələrinin və qazilərin sosial müdafiəsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir.
Vətən müharibəsinin nəticələri bütövlükdə Cənubi Qafqaz üçün yeni siyasi, təhlükəsizlik və iqtisadi reallıqlar formalaşdırdı.
2020-ci ildən sonra regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, iqtisadi əməkdaşlığın genişləndirilməsi və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması məsələləri daha çox gündəmə gəldi.
Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi regional sabitlik, təhlükəsizlik, iqtisadi və nəqliyyat əlaqələrinin inkişafı baxımından mühüm sənədlərdən biridir.
Sonrakı mərhələdə Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə yanaşı, 2023-cü ilin sentyabrında dövlət suverenliyinin tam bərpa edilməsi regiondakı reallıqları daha da dəyişdirdi.
Bu dəyişikliklər fonunda Azərbaycan işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq proqramına başlayıb. Qarabağ və Şərqi Zəngəzurda yeni yaşayış məntəqələri salınır, infrastruktur qurulur və Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı həyata keçirilir.
44 günlük Vətən müharibəsi Azərbaycan üçün işğalın aradan qaldırılması mərhələsi olmaqla yanaşı, regionda yeni siyasi və iqtisadi proseslərin başlanğıcını qoydu.
Bu gün əsas məsələlərdən biri əldə edilmiş yeni reallıqlar əsasında davamlı sülhün, regional əməkdaşlığın və nəqliyyat-kommunikasiya əlaqələrinin inkişaf etdirilməsidir. Azərbaycanın irəli sürdüyü regional bağlantı təşəbbüsləri, enerji və nəqliyyat layihələri Cənubi Qafqazın daha geniş iqtisadi məkanla əlaqələndirilməsi baxımından gündəmdədir.
Bu baxımdan 44 günlük müharibənin tarixi əhəmiyyəti Azərbaycanın ərazi bütövlüyünün bərpasına, ardınca dövlət suverenliyinin tam təmin edilməsinə və regionda yeni siyasi reallıqların yaranmasına gətirib çıxaran prosesin əsas mərhələlərindən biridir.
44 günlük müharibə və qazandığımız böyük Zəfər tarixi şəhidlərin əziz xatirəsi, qazilərin fədakarlığı, Azərbaycan Ordusunun döyüş yolu, xalq–ordu birliyinin nəticəsi kimi əbədi yaşayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB