Kritik xammal resursları və qlobal iqtisadi təhlükəsizlik müzakirə olunub

Kritik xammal resursları və qlobal iqtisadi təhlükəsizlik müzakirə olunub

Bakıda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal resursları və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda sessiya təşkil olunub.

SİA xəbər verir ki, sessiyada kritik xammal resurslarının iqtisadi təhlükəsizliyin, sənaye dayanıqlığının və texnoloji inkişafın təmin edilməsində rolu, etibarlı təchizat zəncirlərinin formalaşdırılması və investisiya imkanları müzakirə edilib.

Ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov sessiyada mövzu ilə bağlı fikirlərini bildirib.

Müzakirələrdə “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Camal, İtaliyanın “Technip Energies” şirkətinin baş kommersiya direktoru Marko Villa, Qazaxıstanın “Green Spark” şirkətinin baş icraçı direktoru Marko Kastaqnini, Türkiyənin “Limak Holding” şirkətinin nümayəndəsi Birol Ergüven və “Kazakhstan Insulator Plant”ın kommersiya xidmətinin rəhbəri Tatyana Rıbalko iştirak ediblər.

Sessiya çərçivəsində təmiz enerji, qabaqcıl istehsal və rəqəmsal infrastruktur üçün etibarlı təchizat zəncirlərinin yaradılması məsələləri nəzərdən keçirilib.

Həmçinin Azərbaycanın və regionun strateji faydalı qazıntıların hasilatı, emalı və əlavə dəyər yaradan fəaliyyətlərin inkişafı baxımından potensialı diqqətə çatdırılıb. Kritik xammal resurslarının hasilatı, sənaye tərəfdaşlıqları və investisiya modellərinin tətbiqi, eləcə də beynəlxalq əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə