"27 sentyabr Azərbaycan xalqının yaddaşında yalnız Vətən müharibəsinin başladığı tarix deyil, həm də ölkənin müasir tarixində dönüş nöqtələrindən biri kimi qalacaq. 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük müharibə Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələndi və təxminən 30 il davam edən işğal faktına son qoyuldu".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Yusif Bağırzadə deyib.
_(1)_(1)_(1)_(1).jpg)
Onun sözlərinə görə, məhz buna görə 27 sentyabrın Anım Günü kimi təsis edilməsi şəhidlərin xatirəsinə ehtiramla yanaşı, həmin tarixin milli yaddaşdakı xüsusi yerini də ifadə edir:
"Vətən müharibəsinin əsas mahiyyəti Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün bərpası uğrunda apardığı mübarizə ilə bağlıdır. Müharibə nəticəsində hərbi əməliyyatların gedişində bir sıra yaşayış məntəqələri və rayonlar nəzarətə götürüldü, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın şərtlərinə əsasən isə Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycana qaytarıldı. Bununla Azərbaycan ərazi bütövlüyünün bərpası istiqamətində fundamental nəticə əldə etdi.
Lakin 27 sentyabrın mənası yalnız hərbi nəticələrlə məhdudlaşmır. Müharibədən sonra Cənubi Qafqazda əvvəlki siyasi və təhlükəsizlik arxitekturası dəyişdi. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməklə yanaşı, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin açılması, iqtisadi inteqrasiyanın genişləndirilməsi və yeni əməkdaşlıq imkanlarının formalaşdırılması məsələlərini də gündəmə gətirdi. Bu baxımdan Zəngəzur dəhlizi, Şərqi Zəngəzur və Qarabağın yenidən qurulması, regional kommunikasiya xətlərinin inkişafı müharibədən sonra formalaşan yeni gündəliyin əsas istiqamətlərindəndir.
Ən mühüm dəyişikliklərdən biri Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işlərinə başlamasıdır. İşğaldan azad edilmiş ərazilərdə yaşayış məntəqələrinin, yolların, enerji və sosial infrastrukturun yenidən qurulması artıq hərbi qələbənin real sosial-iqtisadi nəticələrə çevrilməsi mərhələsini təşkil edir. Beləliklə, qələbə təkcə hərbi nəticə ilə deyil, azad edilmiş ərazilərin dirçəldilməsi və insanların öz doğma yurdlarına qayıtması ilə tamamlanır.
27 sentyabr həm də şəhidlərin xatirəsi ilə bağlı xüsusi mənəvi məsuliyyəti simvolizə edir. Məhz buna görə Azərbaycan dövlətinin rəsmi mövqeyində bu gün ərazi bütövlüyü və suverenlik uğrunda həyatını itirənlərin xatirəsinə ehtiram günü kimi qiymətləndirilir.
Düşünürəm ki, 27 sentyabrı tarixi nəticələrin dərk edilməsi günü kimi qiymətləndirsək səhv etmərik. Bu tarix Vətən müharibəsinin başlanğıcını, Azərbaycanın ərazi bütövlüyünün bərpasını və Cənubi Qafqazda yeni reallıqların formalaşmasını özündə birləşdirir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB