Azərbaycan və Afrika ölkələri arasında iqtisadi əməkdaşlıq imkanları müzakirə edilib
Azərbaycan və Afrika ölkələri arasında investisiya və ticarət imkanlarının genişləndirilməsi, biznes tərəfdaşlıqlarının inkişafı və yeni əməkdaşlıq istiqamətləri müzakirə olunub.
SİA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Afrika və Azərbaycan arasında əlaqələrin inkişafı: investisiya, ticarət və iqtisadi artım” mövzusunda yan tədbir təşkil olunub.
Tədbirdə Azərbaycan–Afrika iqtisadi əməkdaşlığının mövcud vəziyyəti, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi üçün yeni imkanlar, həmçinin biznes tərəfdaşlıqlarının inkişaf perspektivləri müzakirə edilib.
Bununla yanaşı, dövlət xidmətlərində innovativ yanaşmalar, “ASAN xidmət” modelinin Afrika ölkələrində tətbiqi və idarəetmə sahəsində təcrübə mübadiləsi məsələlərinə toxunulub.
Müzakirələr zamanı Azərbaycan şirkətlərinin Afrika bazarlarında fəaliyyəti, ixrac potensialının artırılması, logistika imkanları və biznes platformalarının əməkdaşlığın genişləndirilməsində rolu diqqətə çatdırılıb.
Enerji və əmtəə ticarəti, rəqəmsal dövlət xidmətləri, infrastruktur və tikinti, kənd təsərrüfatı və aqrar emal sahələrində əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik və Sosial İnnovasiyalar Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Məhəmmədəli Xudaverdiyev Azərbaycan və Afrika ölkələri arasında dövlət xidmətlərində innovasiyaların tətbiqi üzrə əməkdaşlıq barədə fikirlərini bölüşüb.
Panel müzakirəsində AZPROMO-nun icraçı direktorunun müşaviri Sevil Yəhyayeva, “SOCAR Trading” şirkətinin qlobal biznesin inkişafı üzrə rəhbəri Toğrul Köçərli, “Africa–Azerbaijan Cooperation” (AFAZ) təşkilatının təsisçisi və sədri Rəna Qafarova, Nigeriyalıların NİDO diaspor təşkilatının sabiq prezidenti Akinropo Qbolabo Aqbabiaka və Afrika-Qafqaz Forumunun təsisçisi Predikt Mutepfe iştirak ediblər.
Müzakirələrdə Azərbaycan və Afrika ölkələri arasında qarşılıqlı faydalı iqtisadi tərəfdaşlığın genişləndirilməsi, biznes əlaqələrinin inkişafı və yeni investisiya imkanlarının reallaşdırılması məsələləri diqqət mərkəzində olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB