Almaniya-Azərbaycan iqtisadi tərəfdaşlığı müzakirə olunub

Almaniya-Azərbaycan iqtisadi tərəfdaşlığı müzakirə olunub

Bakıda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Almaniya-Azərbaycan iqtisadi tərəfdaşlığı: biznes dialoqu və əməkdaşlıq” mövzusunda əlavə panel sessiya keçirilib.

SİA xəbər verir ki, Alman-Azərbaycan Xarici Ticarət Palatasının əməkdaşlığı ilə təşkil olunan sessiyada Azərbaycan-Almaniya iqtisadi əlaqələrinin genişləndirilməsi, ticarət və investisiya əməkdaşlığının inkişafı, sənaye kooperasiyası və birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli bildirib ki, Azərbaycan Prezidentinin 2026-cı ilin iyulunda Almaniyaya rəsmi səfəri ikitərəfli tərəfdaşlığın inkişafında mühüm rol oynayıb. Qeyd olunub ki, səfər çərçivəsində keçirilən görüşlər və imzalanan sənədlər iki ölkə arasında iqtisadi əməkdaşlığın daha da dərinləşdirilməsi üçün yeni imkanlar yaradıb.

Sessiyada sənaye və texnologiyaların transferi, enerji və resurslardan səmərəli istifadə, nəqliyyat-logistika, regional bazarlara çıxış və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi imkanları diqqətə çatdırılıb.

Paneldə Almaniya Şərq Biznes Assosiasiyasının icraçı direktoru Mixael Harms, “1Global” şirkətinin İdarə Heyətinin sədri Hannes Ametstreiter, AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev və “Milla Dairy” şirkətinin baş icraçı direktoru Azər Vahabzadə iştirak ediblər.

Müzakirələr zamanı qarşılıqlı investisiyaların təşviqi, texnologiya və innovasiya sahəsində əməkdaşlıq, özəl sektorlar arasında birbaşa əlaqələrin genişləndirilməsi, yeni biznes tərəfdaşlıqlarının qurulması və birgə layihələrin reallaşdırılması perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə