“44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin ən şanlı səhifələrindən birini yazdı“ -DEPUTAT DANIŞDI
“27 Sentyabr – Anım Günü Azərbaycan xalqının yaddaşında həm dərin hüzn, həm də böyük qürur hissi ilə qeyd olunan müqəddəs tarixdir. Bu gün Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizi dərin ehtiramla yad edir, onların əziz xatirəsi qarşısında baş əyirik”.
Bu sözləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım SİA-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycan xalqı uzun illər torpaqlarımızın işğalı, yüz minlərlə soydaşımızın doğma yurdlarından didərgin salınması, şəhər və kəndlərimizin dağıdılması, tarixi və mədəni irsimizin məhv edilməsi ilə üzləşdi:
”Münaqişənin sülh yolu ilə həlli istiqamətində illərlə aparılan danışıqlar nəticə vermədi. BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılmasını tələb edən qətnamələri də uzun illər icra olunmadı.
Azərbaycan bütün bu dövr ərzində beynəlxalq hüquqa əsaslanan mövqeyini qorudu. Ölkəmizin siyasi, iqtisadi və hərbi potensialının gücləndirilməsi, müasir və qüdrətli Ordunun formalaşdırılması qarşıya qoyulan əsas strateji vəzifələrdən biri oldu.
Məhz bu məqsədyönlü siyasətin nəticəsində Azərbaycan öz iqtisadi və hərbi imkanlarını əhəmiyyətli dərəcədə artırdı. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl dövlət siyasəti Azərbaycanın milli gücünü möhkəmləndirdi, Ordumuzun döyüş qabiliyyətinin yüksəldilməsi və müdafiə potensialının gücləndirilməsi üçün geniş imkanlar yaratdı.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun mövqelərinə və yaşayış məntəqələrinə genişmiqyaslı hücumu Vətən müharibəsinin başlanmasına səbəb oldu. Həmin gündən etibarən Azərbaycan xalqı, Ordumuz və dövlətimiz vahid məqsəd ətrafında – işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda bir yumruq kimi birləşdi.
44 gün davam edən Vətən müharibəsi Azərbaycan tarixinin ən şanlı səhifələrindən birini yazdı. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Hadrut qəsəbəsi, Şuşa və çoxsaylı yaşayış məntəqələri işğaldan azad edildi. Azərbaycan Ordusu öz döyüş qabiliyyətini, əsgər və zabitlərimizin qəhrəmanlığını və peşəkarlığını bütün dünyaya nümayiş etdirdi.
8 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi Vətən müharibəsinin həlledici məqamlarından biri oldu. Şuşanın azad olunması xalqımızın milli iradəsinin, Vətən sevgisinin və sarsılmaz ruhunun təntənəsi idi. Bu tarixi qələbə Azərbaycanın Zəfər yolunda dönüş nöqtəsinə çevrildi.
44 günlük müharibə Azərbaycan dövlətinin gücünü, xalqımızın milli həmrəyliyini və Ordumuzun yüksək döyüş qabiliyyətini bütün dünyaya nümayiş etdirdi. Azərbaycan əsgərinin qəhrəmanlığı ilə yanaşı, dövlətin nümayiş etdirdiyi siyasi iradə və qətiyyət də bu tarixi Zəfərin mühüm amillərindən oldu.
2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla hərbi əməliyyatların dayandırılması təmin edildi və Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması baş verdi. Bununla Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm tarixi nəticə əldə olundu.
27 sentyabrın Anım Günü elan edilməsi Vətən müharibəsində canlarını fəda edən şəhidlərimizin xatirəsinə dövlət səviyyəsində göstərilən yüksək ehtiramın ifadəsidir. Bu tarix bizim üçün yalnız təqvimdə qeyd olunan gün yox, Vətən uğrunda həyatını fəda edən qəhrəmanlarımızın əziz xatirəsini yaşatdığımız müqəddəs gündür.
Zəfərdən sonrakı dövrdə qarşıda yeni və böyük vəzifələr dayandı. İşğaldan azad edilmiş ərazilərin bərpası, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsi və həmin torpaqlarda dayanıqlı həyatın qurulması əsas prioritetlərdən birinə çevrildi.
Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq işləri Azərbaycanın əldə etdiyi Zəfərin davamıdır. Yeni şəhərlər və kəndlər salınır, yollar və tunellər çəkilir, məktəblər, xəstəxanalar, sosial obyektlər və yaşayış kompleksləri inşa edilir. Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı mərhələli şəkildə təmin olunur.
Cənab Prezident İlham Əliyevin müəyyən etdiyi strateji kurs əsasında həyata keçirilən bu proses Qarabağ və Şərqi Zəngəzurun yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Onilliklər ərzində yurd həsrəti ilə yaşayan insanların bu gün öz ata-baba torpaqlarına qayıtması böyük tarixi ədalətin bərpasıdır.
Şəhid ailələri və qazilərimizin dövlət qayğısı ilə əhatə olunması da Zəfərdən sonrakı dövrün mühüm istiqamətlərindəndir. Onların sosial müdafiəsinin gücləndirilməsi, müalicə və reabilitasiyası, mənzil və digər təminat məsələlərinin həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Şəhid ailələrinə və qazilərimizə göstərilən diqqət Vətən qarşısında mənəvi borcumuzun mühüm ifadəsidir.
Şəhidlərimizin adlarının əbədiləşdirilməsi, onların qəhrəmanlığının gələcək nəsillərə çatdırılması da mühüm vəzifələrdəndir. Bakıda yaradılan Zəfər Parkı və Zəfər Muzeyi Vətən müharibəsinin tarixini, xalqımızın mübarizəsini və şəhidlərimizin qəhrəmanlığını gələcək nəsillərə çatdıran mühüm yaddaş məkanlarıdır.
27 Sentyabr bizə bir daha xatırladır ki, müstəqil dövlətimizin ən böyük dayaqlarından biri milli birlikdir. Vətən müharibəsi günlərində xalqımızın nümayiş etdirdiyi həmrəylik, Ordumuza və dövlətimizə olan inam Azərbaycanın Zəfərinin mühüm mənəvi əsaslarından oldu.
Bu müqəddəs gündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda edən bütün şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirəm.
Onların qəhrəmanlığı Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqdır. Şəhidlərimizin uğrunda can verdikləri Azərbaycan daim inkişaf edəcək, güclənəcək və gələcək nəsillərə daha qüdrətli dövlət kimi əmanət ediləcəkdir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin”!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB