"Azərbaycan–Özbəkistan elmi əlaqələri əsrlər boyu formalaşan ortaq irsə söykənir" - DEPUTAT

"Azərbaycan–Özbəkistan elmi əlaqələri əsrlər boyu formalaşan ortaq irsə söykənir" - DEPUTAT

"Azərbaycan–Özbəkistan elmi əlaqələrinin tarixi çox qədim qatlara gedib çıxır. Maraqlıdır ki, bu əlaqələr yalnız bu günün klassik anlamında elm, təhsil və tədris üçlüyü ilə məhdudlaşmır". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, orta əsrlərdə, elmin və intellektual düşüncənin inkişaf etdiyi dövrlərdə də Azərbaycan və Özbəkistan əraziləri arasında dərin elmi və mədəni əlaqələr mövcud olub:

"Orta əsrlərdən son orta əsrlərə qədər türk dünyasının əsas elm mərkəzləri sırasında Buxara və Səmərqənd, Xorasan, Şamaxı və Gəncə kimi şəhərlər xüsusi yer tutub. Bu mərkəzlər Yaxın və Orta Şərqdə, Türküstanda, Anadoluda və bütövlükdə türk-müsəlman dünyasında elmin, fəlsəfənin, ədəbiyyatın və mədəniyyətin inkişafına ciddi təsir göstərib. Bu baxımdan Azərbaycan və Özbəkistan arasında elmi əlaqələrin tarixi həm ortaq sivilizasiya, həm də ümumi intellektual irs üzərində formalaşıb.

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında İbn Sinanın irsi öyrənilir, ali tibb təhsili müəssisələrində Buxara ilə bağlı olan böyük alim və həkim İbn Sinanın elmi yaradıcılığı tədris olunur. Eyni şəkildə, Türküstanda doğulmuş böyük alim və hökmdar Uluqbəyin astronomiya sahəsindəki əsərləri bu gün də elmi əhəmiyyətini qoruyur. Böyük filosof Əbu Nəsr əl-Fərabinin irsi də həm Azərbaycan, həm də Özbəkistan elmi mühitində maraqla araşdırılır.

Digər tərəfdən, Özbəkistanda Azərbaycan ədəbiyyatının böyük nümayəndələri – Nizami Gəncəvi, Xaqani Şirvani, İmadəddin Nəsimi və digər klassiklərin yaradıcılığı da öyrənilir. Eyni zamanda, müxtəlif tarixi mərhələlərdə Azərbaycan alimləri və ədibləri Özbəkistanın elmi-mədəni mühitinin inkişafına öz töhfələrini veriblər.

Məhz bu ortaq tarixi, elmi və mədəni ənənələrin müasir mərhələdə davam etdirilməsi baxımından Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin fəaliyyətə başlaması böyük tarixi əhəmiyyət daşıyır. Əgər Azərbaycan–Özbəkistan elmi və mədəni əlaqələrinin ortaq ənənələri indiyədək daha çox ümumi şəkildə öyrənilibsə, yeni universitetin yaradılması ilə bu əməkdaşlığın konkret elmi proqramlar, tədqiqat istiqamətləri və akademik məqsədlər əsasında daha sistemli şəkildə inkişaf etdirilməsi üçün yeni imkanlar yaranır.

Bu universitet yalnız təhsil müəssisəsi kimi deyil, Azərbaycan və Özbəkistan arasında ortaq elmi, dil, ədəbi və mədəni mühitin daha da möhkəmlənməsinə xidmət edən mühüm intellektual platforma kimi də çıxış edə bilər. Beləliklə, əsrlər boyu formalaşmış elmi və mədəni əlaqələr müasir dövrdə yeni institusional əsaslar üzərində davam etdirilərək iki ölkənin ortaq elmi irsinin gələcək nəsillərə ötürülməsinə mühüm töhfə verəcək".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə