“Ordumuzun gücü ilə ən mürəkkəb tarixi vəzifələr belə uğurla həyata keçirilə bilər” - DEPUTAT DANIŞDI

“Ordumuzun gücü ilə ən mürəkkəb tarixi vəzifələr belə uğurla həyata keçirilə bilər” - DEPUTAT DANIŞDI

“20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü Azərbaycan xalqının yaddaşında dövlətçilik tariximizin ən mühüm səhifələrindən biri kimi xüsusi yer tutur”.

Bu sözləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım SİA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, artıq ikinci ildir qeyd olunan bu əlamətdar gün cənab Prezident İlham Əliyevin 18 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə təsis edilib:

”20 Sentyabr 2023-cü ildə Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin nəticəsində ölkəmizin suverenliyi bütün ərazimizdə tam bərpa olundu. Bu Qələbə 30 ildən artıq davam edən işğala son qoymaqla yanaşı, Azərbaycan xalqının tarixi ədalətə, milli birliyə və öz dövlətinin gücünə olan inamının təntənəsinə çevrildi.

2023-cü il oktyabrın 15-də cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdığı an isə dövlətçilik tariximizə əbədi həkk olundu. Dövlətimizin başçısının həmin gün vurğuladığı kimi, Azərbaycan xalqı bu günü 30 ildən çox gözləmişdi.

Eyni gündə Xocalı, Xocavənd və Ağdərə şəhərlərində də Azərbaycan Bayrağının ucaldılması ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasının mühüm tarixi rəmzinə çevrildi. Xüsusilə Xocalıda üçrəngli bayrağımızın dalğalanması xalqımız üçün böyük mənəvi əhəmiyyət daşıyır. Xocalı faciəsinin qurbanlarının xatirəsi Azərbaycan dövlətinin yaddaşında əbədi yaşayır. Xocalıda Azərbaycan Bayrağının ucaldılması həm də tarixi ədalətin bərpasının rəmzi oldu.

Bu gün artıq Qarabağda yalnız bayrağımız dalğalanmır. Azərbaycan həmin ərazilərə həyatın qayıdışını təmin edir, şəhər və kəndlərimizi yenidən qurur, müasir infrastruktur yaradır, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışını həyata keçirir. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə istiqamətində aparılan genişmiqyaslı bərpa və quruculuq işləri Böyük Qayıdış siyasətinin mühüm tərkib hissəsidir. İnsanlarımızın öz doğma torpaqlarına qayıtması Qarabağın dirçəlişinin ən mühüm göstəricilərindəndir.

Xankəndidə Qarabağ Universitetinin yaradılması da bu prosesin mühüm nümunələrindəndir. Prezident İlham Əliyevin 28 noyabr 2023-cü il tarixli Sərəncamı ilə yaradılan universitet Qarabağın sosial-iqtisadi inkişafına uyğun yüksəkixtisaslı kadrların hazırlanmasına mühüm töhfə verməyi qarşıya məqsəd qoyur.

Bu gün Qarabağda görülən işlər göstərir ki, Azərbaycan yalnız ərazi bütövlüyünü və suverenliyini bərpa etməyib, eyni zamanda azad edilmiş ərazilərdə yeni həyat qurur. Şəhərlərimiz və kəndlərimiz yenidən canlanır, insanlar öz doğma yurdlarına qayıdır, sosial və iqtisadi həyat bərpa olunur. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri bu gün artıq Azərbaycanın yeni inkişaf və quruculuq mərhələsinin də mühüm ünvanlarıdır.

20 Sentyabr bizə bir daha göstərir ki, dövlətimizin qarşısına qoyduğu strateji məqsədlər, xalqımızın birliyi və Ordumuzun gücü ilə ən mürəkkəb tarixi vəzifələr belə uğurla həyata keçirilə bilər.

Hesab edirəm ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən Böyük Qayıdış prosesi bundan sonra da uğurla davam edəcək, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri Azərbaycanın sosial, iqtisadi, mədəni və ictimai həyatında layiqli yerini tutacaq.

Torpaqlarımızın azadlığı və Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə minnətdarlığımızı bildirirəm”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə