Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi ölkələrinin bu təşəbbüsə qoşulmaq istəyən digər dövlətləri də öz sıralarına cəlb etməklə imzalayacaqları ortaq müdafiə və əməkdaşlıq sazişləri XXI əsrdə regionun, həmçinin dünyanın sülh və təhlükəsizliyinə böyük töhfə verəcək
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-cı il qrant müsabiqəsinin qaliblərindən biri olan “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) “Şuşa Bəyannaməsindən Türk Dövlətləri Təşkilatına” adlı layihənin icrasını davam etdirir. Avqustun 1-dən oktyabrın 31-dək davam edəcək layihə çərçivəsində Türk dünyasının inteqrasiyası, ortaq dəyərləri və gələcək inkişaf perspektivlərinə həsr olunmuş on mövzu üzrə silsilə müsahibələr hazırlanacaq. Layihə ilə bağlı təqdim edəcəyimiz 10 müsahibə toplusunun Altıncı mövzusu ““Türk dövlətləri arasında təhlükəsizlik və müdafiə əməkdaşlığı” adlanır. Bu mövzu çərçivəsində Türk dünyasında hərbi əməkdaşlıq, ortaq təhlükəsizlik təhdidləri, müdafiə sənayesi və regional sabitlik istiqamətində atılması mümkün olan addımlarla bağlı məqamlara da toxunulub.
Qeyd edək ki, müsahiblərimiz mövzu ətrafında aşağıdakı sualları cavablandırıblar:
1.Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərində təhlükəsizlik və müdafiə əməkdaşlığının yeni mərhələsini formalaşdırdı. Siz bu sənədin türk dövlətləri arasında daha geniş təhlükəsizlik əməkdaşlığı üçün hansı imkanları yaratdığını düşünürsünüz?
2.Türk dünyasının qarşılaşdığı terrorizm, transmilli cinayətkarlıq, qeyri-qanuni miqrasiya, kiberhücumlar və digər ortaq təhlükəsizlik təhdidlərinə qarşı birgə fəaliyyət mexanizmlərinin gücləndirilməsi nə dərəcədə vacibdir? Bu sahədə hansı addımlar prioritet hesab edilməlidir? Türk dövlətləri arasında hərbi təlimlərin, müdafiə sahəsində koordinasiyanın və təhlükəsizlik dialoqunun dərinləşdirilməsi regional sabitliyin möhkəmlənməsinə hansı töhfələri verə bilər?
3.Son illərdə türk dövlətləri arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq əhəmiyyətli dərəcədə genişlənib. Ortaq istehsal, texnologiya transferi və hərbi sənaye kooperasiyasının gələcək perspektivlərini necə qiymətləndirirsiniz?
Mövzu ilə bağlı fikirlərini bölüşən müsahiblərimiz -Azərbaycandan “Qardaşlığımız Əbədidir” QHT koalisiyasının rəhbəri, hərbi ekspert Emin Həsənli və Türkiyədən TARSAM - Türk Dünyası Stratejik Araştırmalar Mərkəzinin başqanı Naci Yengin hər bir sual ətrafında öz baxışlarını ifadə ediblər. İndi isə onların bu suallara verdikləri cavabları təqdim edirik:

Naci Yengin: Bu, Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi ölkələri üçün mühüm örnək olmaqla yanaşı, gələcəkdə yaradılması mümkün olan ittifaqların da xəbərçisi xarakterini daşıyır
1. Şuşa Bəyannaməsi yalnız Türkiyə ilə Azərbaycan arasındakı güclü dostluq və qardaşlıq münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəltməklə kifayətlənməyib. Şuşa Bəyannaməsi eyni zamanda Türk dünyası üçün nümunəvi, bağlayıcı təhlükəsizlik konsepsiyası və strateji model təqdim edir. Şuşa Bəyannaməsində tərəflər bir-birinin qarantı və tamamlayıcısıdır. Bəyannamənin ən mühüm elementlərindən biri “tərəflərdən birinin müstəqilliyinə və ya ərazi bütövlüyünə yönəlmiş təhdid olduğu təqdirdə birgə fəaliyyət göstərilməsini” təmin edən maddədir. Bu, Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi ölkələri üçün mühüm örnək olmaqla yanaşı, gələcəkdə yaradılması mümkün olan ittifaqların da xəbərçisi xarakterini daşıyır.
Əslində, 7 avqust 2026-cı il tarixində Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanan Məkkə Sazişinin təməlində də Şuşa Bəyannaməsindən sonra yaranmış müsbət atmosferin təsirlərini görmək mümkündür.
Şuşa Bəyannaməsi ilə Türkiyə və Azərbaycan arasında imzalanan müttəfiqlik digər türk dövlətləri üçün də başlanğıc və meyar rolunu oynayıb. Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi ölkələri artıq müdafiə sahəsində əməkdaşlığı birtərəfli asılılıqlardan azad edərək, qarşılıqlılıq prinsipinə əsaslanan Kollektiv Təhlükəsizlik Anlayışı əsasında yenidən müəyyənləşdirməyin vaxtının çatdığını anlayırlar. Birgə hərbi təlimlərin artması, şəxsi heyətin hazırlığında standartlaşma və komanda-idarəetmə mexanizmlərində uyğunlaşma Şuşa Bəyannaməsi ruhunun coğrafi baxımdan genişləndiyini, bütün türk dövlətlərini, hətta Pakistan və Səudiyyə Ərəbistanını da əhatə etdiyini göstərir. Yaxın gələcəkdə bu ruh və eyni məqsədlər əsasında yeni ittifaqların yaradılması mümkün görünür.
2. Türk dünyasının günümüzdə qarşılaşdığı problemlər keçmişdən miras qalan məsələlərin həlli mərhələsində meydana çıxan və aradan qaldırılması zəruri olan problemlərdir. Lakin yaşanan problemlər və təhdidlər yalnız Türk dünyası ilə məhdudlaşmır, regionda və dünyada meydana gələn problemlərin də bir hissəsini təşkil edir. Bu gün dünyanın və Türk dünyasının qarşılaşdığı təhdidlər artıq yalnız ənənəvi hərbi sərhədlər çərçivəsində formalaşmır. Hibrid müharibə elementləri, kibertəhlükələr, proksi müharibələr, nizamsız miqrasiya, sərhədlərarası terrorizm və radikallaşma bütün region ölkələrinin ortaq probleminə çevrilib.
Türk coğrafiyalarında mövcud olan və əvvəlki dövrlə müqayisədə minimum səviyyəyə endirilmiş problemlərin Türk dünyasının periferiyasında yaradılan problemlərin davamı olduğu görünür. Xüsusilə Əfqanıstan mərkəzli Rusiya və ABŞ təşəbbüsləri nəticəsində yaranmış və bu gün də davam edən qeyri-sabitlik riskləri Türküstan (Mərkəzi Asiya) respublikalarının yaxın sərhədlərində təhdid yaratmaqda davam edir. Eyni zamanda ABŞ, Çin, Rusiya və digər qlobal aktorların region üzərində apardığı iqtisadi nüfuz mübarizəsi türk dövlətlərinin suverenlik hüquqlarına təzyiq göstərir. Çin və ABŞ-ın Türküstandakı türk dövlətlərinə münasibətini məhz bu çərçivədə qiymətləndirmək lazımdır.
Qlobal aktorların regionda başlatdığı və prosesin gedişində daha da artacağı proqnozlaşdırılan nüfuz mübarizələri Türküstan coğrafiyasındakı türk dövlətlərinin öz imkanları hesabına görəcəyi tədbirlərin yetərli olmayacağını göstərir. Bu baxımdan türk dövlətlərinin Şuşa Bəyannaməsini nümunə götürərək ikitərəfli və ya çoxtərəfli müdafiə və müttəfiqlik sazişləri imzalamaları qaçılmaz xarakter daşıyan bir varoluş məsələsi olacaq. Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi ölkələrinin bu təşəbbüsə qoşulmaq istəyən digər dövlətləri də öz sıralarına cəlb etməklə imzalayacaqları ortaq müdafiə və əməkdaşlıq sazişləri XXI əsrdə regionun və dünyanın sülh və təhlükəsizliyinə böyük töhfə verəcək.
3. Türk dövlətlərinin ortaq bilik və texnoloji investisiyalara önəm verməsi, mümkün qədər tez ortaq müdafiə sənayesi və hərbi layihələrə üstünlük verməsi, məlumat mübadiləsi, mədəni inteqrasiya, kəşfiyyat və erkən xəbərdarlıq sistemlərinin inkişaf etdirilməsi zəruridir. Eyni zamanda, Türkiyənin inkişaf etdirdiyi “Polad Günbəz” (“Çelik Kubbe”) kimi müdafiə sistemlərini türk dövlətlərinə və dost müttəfiq ölkələrə şamil etmək lazımdır.
Təhdid türk dövlətlərinə və Türk coğrafiyalarına qarşı yönələrsə, müdafiə arxitekturası, texnoloji investisiyalar və silahlanma sahəsində də ortaq fəaliyyət göstərilməlidir. Türk Dövlətləri Təşkilatının qəbul etdiyi təhlükəsizlik konsepsiyası ekspansionist xarakter daşımır. Əksinə, Türk dünyasında regional sabitliyin, suverenlik hüquqlarının qorunmasının və beynəlxalq hüququn təminatçısı olmaq məqsədi daşıyır. Güclü Türk dünyası təhlükəsizlik arxitekturası Qafqazda, Avrasiyada və bütün dünyada yaranan güc boşluqlarını dolduracaq yerli və milli bir amildir.
Türk dövlətlərinin sülh konsepsiyasına sadiq qalması şərtilə dövlətlərarası ikitərəfli ticarət əlaqələrinin gücləndirilməsi, iqtisadi rifahın cəmiyyətin bütün təbəqələrinə yansıması, türk dövlətlərinin milli gəlirlərinin artması, milli demokratiya və tam müstəqillik ən çox arzulanan ortaq gözləntilər sırasındadır.
Təhlükəsizliyin təmin olunduğu Avrasiya, Qafqaz və Türküstan (Mərkəzi Asiya) ticarət yollarının təhlükəsiz olduğu, enerji dəhlizlərinin fasiləsiz fəaliyyət göstərdiyi və xarici müdaxilələrə qarşı dayanıqlı bir coğrafiya deməkdir. Nəticə etibarilə, Türk dünyasında Şuşa Bəyannaməsi ilə güclənən, müdafiə sənayesi inteqrasiyası ilə möhkəmlənən və ortaq təhdid şüuru ilə yetkinləşən türk hərbi əməkdaşlığı Mərkəzi Avropadan başlayaraq Balkanlar, Avrasiya, Qafqaz, Türküstan coğrafiyası, Yaxın Şərq və hətta Afrikaya qədər genişlənmək və güclənmək potensialına malik olan davamlı sülhün və tarazlığın açarıdır.

Emin Həsənli: Bu birlik gələcəkdə Turan ordusunun yaranmasına da gətirib çıxara bilər
1. Bu əməkdaşlıq Azərbaycan və Türkiyə arasında müttəfiqliyin ən yüksək səviyyəsini əhatə edir. Həm iqtisadi əməkdaşlıqdır, həm siyasi əməkdaşlıqdır, həm də hərbi və təhlükəsizlik məsələlərini özündə ehtiva edir. Əsasən də bir ölkəyə qarşı hansısa təcavüz olarsa və yaxud milli maraqlarımıza zidd hadisələr baş verərsə, terror və digər arzuolunmaz proseslər meydana çıxarsa, digər dövlət ona həmişə kömək etməlidir. Birgə hərbi-sənaye potensialının da güclənməsi ilə bir-birinə kömək etməlidirlər.
Bu maddədən irəli gələrək, hərbi əməkdaşlıq və təhlükəsizlik əməkdaşlığı yüksək səviyyədədir. Qarşılıqlı olaraq ölkələrdə hərbi təlimlər keçirilir, birgə fəaliyyət həyata keçirilir ki, sabah istənilən an vahid ordu kimi fəaliyyət göstərə bilsinlər.
Bu məsələ türk dövlətləri arasında da öz əhəmiyyətini artırır. Artıq türk dövlətlərinin birgə fəaliyyətinin yaxın gələcəkdə şahidi olacağıq və hesab edirəm ki, Türk dünyasının da birgə terrorizmə qarşı...
2. Hesab edirəm ki, Türk dünyasının da birlikdə terrorizmə qarşı mübarizəsi, qeyri-qanuni miqrasiyanın qarşısının alınması ilə bağlı və eyni zamanda arzuolunmaz hansısa bir fəaliyyət baş verərsə, Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin vahid şəkildə fəaliyyət göstərməsi çox vacibdir. Həm silahlı qüvvələrin təchizatı, həm də onların inteqrasiyası məsələlərinin yaxın gələcəkdə daha sürətli şəkildə həyata keçirildiyini görəcəyik. Bu birlik gələcəkdə Turan ordusunun yaranmasına da gətirib çıxara bilər.
Hesab edirəm ki, bu, çox vacib məsələdir. Artıq nə NATO, nə də ki, KTMT həmin üzv dövlətlərin maraqlarına tam cavab vermir. Amma Türk Dövlətləri Təşkilatının vahid ordusu olarsa, bu, bütün üzv dövlətlərin təhlükəsizliyi və milli maraqları baxımından çox önəmli olar.
Dünyada və regionda elə proseslər baş verir ki, artıq yeni hərbi güc mərkəzlərinin yaranmasına çox böyük ehtiyac vardır.
3. Türkiyə ilə Azərbaycan arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq daha da dərinləşir və artıq birgə istehsal etdikləri hərbi sursatlar var. Bu əməkdaşlıq gələcəkdə daha da genişlənəcək. Hesab edirəm ki, bu təcrübə digər türk dövlətləri arasında, Türk Dövlətləri Təşkilatında da özünü doğrultmalıdır. Artıq bu ölkələrin müdafiə qabiliyyətinin gücləndirilməsi üçün Türk Dövlətləri Təşkilatına üzv olan dövlətlər öz silahlarını və hərbi sursatlarını özləri istehsal etməlidirlər. Bu, çox önəmli məsələdir.
Milli ordunun olması nə qədər vacibdirsə, regional və qlobal təhlükəsizlik baxımından həmin dövlətin ordusunun silah təminatının da özü tərəfindən həyata keçirilməsi, yaxud müttəfiq və qardaş ölkələr tərəfindən təmin edilməsi bir o qədər vacibdir. Bu istiqamətdə məqsədyönlü addımlar həyata keçirilir.
Azərbaycanın müdafiə sənayesi sahəsində çox böyük təcrübəsi var və ölkədə Müdafiə Sənayesi Nazirliyi fəaliyyət göstərir. Beynəlxalq hərbi sərgilərin bir çoxu Azərbaycanda təşkil edilir. Azərbaycan özü də beynəlxalq sərgilərdə yüksək səviyyədə iştirak edir və qardaş ölkə Türkiyə də bu sahədə müxtəlif böyük uğurlar əldə edir.
Rəcəb Tayyib Ərdoğanın hakimiyyətə gəlməsindən əvvəl Türkiyə öz müdafiə sənayesi tələbatının təxminən 20 faizini təmin edirdisə, artıq bu göstərici 80 faizdən yuxarıdır. Türkiyə həm hava, həm dəniz, həm də quru qoşunları üçün kifayət qədər silah-sursat istehsal edir. Xüsusilə son model texnika və texnologiyalar burada mühüm rol oynayır. Türkiyənin dünyanın bir çox ölkələrinə silah satışı həyata keçirməsi də bu sahədə əldə etdiyi uğurların göstəricisidir.
Bu təcrübədən istifadə edərək Türk Dövlətləri Təşkilatı da üzv dövlətlərin öz hərbi sənaye məhsulları ilə təmin olunmasını və müdafiə sənayesi sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsini təmin edə bilər.
Fuad Hüseynzadə
Bu müsahibə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Şuşa Bəyannaməsindən Türk Dövlətləri Təşkilatına” layihəsi çərçivəsində hazırlanmışdır. Yazıda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB