"Dağ-mədən sənayesinin inkişafı qeyri-neft sektorunu gücləndirəcək" - MİLLƏT VƏKİLİ
"Sentyabrın 22-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirə ölkənin qeyri-neft sənayesinin inkişafın istiqamətində mühüm qərarların qəbul edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Müşavirədə müzakirə edilən "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı" bu sahənin inkişafına təkan verəcək vacib çərçivə sənədidir" .
Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Zaur Şükürov bildirib.

Millət vəkili qeyd edib ki, dövlətimizin başçısı çıxışında ölkə iqtisadiyyatının ümumi mənzərəsinə diqqət çəkərək bildirdi ki, "Azəri-Çıraq-Günəşli" yatağının 30 ilə yaxın istismarda olması ilə bağlı hasilatın azalması ölkənin ümumi iqtisadi artım templərinə təsir göstərir:
"Lakin buna baxmayaraq, qeyri-neft sektorunda 8 ayda 5,4 faizlik artım qeydə alınması bu istiqamətdə atılan addımlar, o cümlədən qəbul olunmuş dövlət proqramlarının nəticəsində mümkün olmuşdur. Dağ-mədən sənayesinin inkişafı məsələsinə diqqət ayrılması isə son illər qəbul edilmiş kənd təsərrüfatı, nəqliyyat və su təsərrüfatı proqramları ilə eyni məntiqi ardıcıllığın davamıdır.
Xüsusi diqqətçəkən məqam işğal illərində Ermənistanın təbii sərvətlərimizə vurduğu ziyanla bağlı Prezidentin fikirləridir. Dövlət başçısı qeyd etdi ki, işğal dövründə Kəlbəcər, Laçın və Zəngilan rayonlarında 60 min hektar meşə fondu Ermənistan dövləti tərəfindən məhv və talan edilib. Hətta ikinci Qarabağ müharibəsindən sonra erməni silahlı qüvvələrinə Kəlbəcər və Laçın rayonlarından çıxmaları üçün verdiyimiz 2-3 həftə vaxt ərzində də öz vandallıqlarından əl çəkməyərək, ağacları yandırıb məhv etdilər. Həmçinin təbii resurslarımız - qızıl, mis, molibden yataqlarımız talan edilirdi. Təbii ki, işğal dövründə Ermənistan dövləti ancaq talançılıqla məşğul idi. Müsbət məqamlardan biri ondan ibarətdir ki, Sovet dövründə Azərbaycanda daha çox neft sənayesinin inkişafı diqqət mərkəzində idi və dağ-mədən sənayesi o qədər də prioritet hesab edilmirdi. Bu səbəbdən bir çox perspektivli yataqlarımız bu gün hələ də öz geoloji kəşfiyyat dövrünü gözləyir. Bu isə həmçinin işğaldan azad edilmiş ərazilərimizin iqtisadi reinteqrasiyasının yeni bir istiqamətini - mineral ehtiyatlar potensialının işə salınmasını gündəmə gətirir.
Statistik rəqəmlər qarşıya mühüm hədəflərin qoyulduğunu göstərir. Belə ki, qarşıdan gələn 3-4 il ərzində bu sektorun ÜDM-də payının 700 milyon manatdan 1,8 milyard manata, illik ixrac potensialının isə 1,3 milyard manatdan 2025-ci ilin orta dünya qiymətləri əsasında 3,4 milyard manata çatdırılması nəzərdə tutulur. Qeyd olunan nəticələrin əldə edilməsi üçün həmin dövr ərzində ümumilikdə 5,3 milyard manat investisiya nəzərdə tutulur. Dövlət Proqramının icrası üzrə məsul olan qurumlarımızadan biri "AzerGold" QSC-nin məlumatına görə 2017-ci illə müqayisədə qızıl hasilatı 2 dəfə, gəlirlər 3,5 dəfə, EBITDA isə təxminən 6 dəfə artıb. Şirkətin 2030-cu ilədək illik dövriyyəsini 1 milyard manata çatdırmaq hədəfi qoyulub. "Söyüdlü", "Ortakənd", "Filizçay" və "Daşkəsən" layihələri üzrə ümumilikdə 3,63 milyard manatlıq investisiya nəzərdə tutulur ki, bunun yalnız 10 faizi dövlət büdcəsindən maliyyələşəcək - qalanı şirkətin daxili gəlirləri, borc vəsaitləri və potensial investor iştirakı hesabına formalaşacaq.
Ölkə başçısı qeyd etdi ki, Avropa qitəsində ən perspektivli yataqlardan biri sayılan Balakən rayonunda yerləşən “Filizçay” polimetal yatağının istismara hazırlanması ilə bağlı işlər görülür, tezliklə texniki-iqtisadi əsaslandırma hazır olmalı və yekun investisiya qərarı da qəbul edilməlidir. "AzerGold" QSC-nin bu yatağın 100 faiz səhmdarı olması nəzərdə tutulur. Eyni zamanda, istismar prosesində təbii ki, bu yatağın dəyəri də qalxacaq. Böyük ehtimalla, xarici investorlar da bu yatağa maraq göstərəcək və o halda, müəyyən payla xarici sərmayədarların layihəyə cəlb olunması mümkün ola bilər.
Digər vacib məqamlar isə qeyd olunan sənaye sektorunda yeni iş yerlərinin və tam istehsal zəncirinin yaradılmasıdır. Ölkə başçısı bu məsələ ilə bağlı bildirdi ki: „Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur. Bütövlükdə bizim təbii resurslarımızın işlənməsi və onlardan səmərəli şəkildə istifadə olunması, eyni zamanda, istehsal zəncirinin tam yaradılması ölkə iqtisadiyyatını gücləndirəcək”.
Prezident İlham Əliyev çıxışında xüsusilə önəmli bir məsələyə vurğu etdi – sözügedən sənayenin inkişafı prosesində ekoloji məsələlər daim diqqətdə olmalıdır: "Maksimum ekoloji ekspertiza aparılmalıdır və bütün ekoloji normalar gözlənilməlidir. Çünki əsas sərvətimiz hətta yerin altında olan sərvətlər deyil, bizim təbiətimizdir. Ona görə həm təbiətin qorunmasını, həm ekoloji normaların ən yüksək standartlara cavab verməsini, əlbəttə ki, biz xarici tərəfdaşlardan tələb edirik və tələb edəcəyik. Əgər ona əməl etməsələr, onlar cəzalandırılacaq. Təbii ki, dövlət şirkəti olan “AzerGold” bütün ekoloji standartlara cavab verməlidir".
Prezidentimizin bu fikirləri heç şübhəsiz ölkəmizdə və ümumiyyətlə bölgəmizdə ekoloji tarazlığın qorunmasına hesablanmış strateji yanaşmanı nümayiş etdirir.
İnanırıq ki, "Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"nın uğurla icra edilməsi Prezident cənab İlham Əliyevin rəhbərliyi ölkə iqtisadiyyatının şaxələndirilməsi və davamlı inkişafı, xüsusilə də qeyri-neft sektorunda sabit artıma nail olunması istiqamətində fəaliyyətə mühüm töhfə verəcəkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB