“Dərman qalıqlarının suya bir-başa axıdılması ekosistemə ciddi zərər vurur” - EKOLOQ

“Dərman qalıqlarının suya bir-başa  axıdılması ekosistemə ciddi zərər vurur” - EKOLOQ

“Tibbi tullantılar zərərli tullantılar kateqoriyasına aiddir. Onların kanalizasiya sisteminə axıdılmasına yol verilir. Lakin kanalizasiya sistemindəki təmizləyici qurğular vasitəsilə su təmizləndikdən sonra ümumi su obyektlərinə buraxılmalıdır”. Bu sözləri SİA-ya açıqlamasında Ekologiya və Təbii Ehtiyatlar Nazirliyi yanında İctimai Şuranın sədr müavini Amin Məmmədov deyib.

Onun sözlərinə görə, burada göllər, dənizlər və çaylar nəzərdə tutulur: “Dərman preparatlarının utilizasiyası xüsusi qaydada həyata keçirilməlidir. Tibb mərkəzlərində və xəstəxanalarda bəzi dərman qalıqları su vasitəsilə kanalizasiya sisteminə axıdılır. Bəzən bunun üçün xüsusi su filtrlərindən istifadə edilməsi tələb olunur. Dünya praktikasında da belə təcrübə mövcuddur. Tibb mərkəzlərində dərman qalıqları olan sular xüsusi filtrlər vasitəsilə təmizləndikdən sonra kanalizasiya sisteminə axıdılır. Daha sonra kanalizasiya sistemindəki təmizləyici qurğular vasitəsilə su yenidən təmizlənir və müvafiq keyfiyyət göstəricilərinə çatdırıldıqdan sonra ekosistemə buraxılır.

Əks halda, çirkli və dərman qalıqları ilə çirklənmiş sular dəniz canlılarına mənfi təsir göstərə bilər. İstər antibiotiklər, istərsə də digər dərman preparatlarının tərkibindəki kimyəvi maddələr sudakı biomüxtəlifliyə, canlılara və bitkilərə ciddi zərər verə bilər.

İnsanlar bu cür suları təbii mənbələrdən birbaşa götürərək istifadə etməməlidirlər. Çünki çirkli sular təmizlənmədən birbaşa su hövzələrinə axıdılarsa, xoşagəlməz qoxuların yaranmasına səbəb ola bilər. Xüsusilə axmayan sularda, gölməçələrdə və göllərdə çirkləndirici maddələr toplanaraq çöküntü əmələ gətirir. Nəticədə suyun tərkibi dəyişir və xoşagəlməz qoxu yaranır. Bu isə insanların sağlamlığı üçün təhlükə yaradır. Belə mühitlərdə ağcaqanadların çoxalması üçün əlverişli şərait formalaşa bilər ki, bu da malyariya kimi xəstəliklərin yayılma riskini artıra bilər”.

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə