“Çayların çirklənməsi su ekosistemi və insan sağlamlığı üçün ciddi təhlükədir” - EKOLOQ
“Azərbaycanda çayların kənd təsərrüfatı və məişət tullantıları ilə çirkləndirilməsi həm su ekosisteminə, həm də insan sağlamlığına ciddi zərər vurur. Əsas problem tullantıların suya atıldıqdan sonra yalnız suyun özündə qalmamasıdır. Çünki bu, həm suda yaşayan canlılara, həm də torpağa ciddi mənfi təsir göstərir”. Bu fikirləri SİA-ya açıqlamasında ekoloq Cəmşid Quliyev bildirib.

Onun sözlərinə görə, məişət tullantıları, məsələn, plastik qablar, qida qalıqları və digər tullantılar suyun kimyəvi tərkibini korlayır: “Həmçinin suda yaşayan canlıların qidalanmasına və hərəkət etməsinə mane olur, bəzi hallarda isə onların məhv olmasına gətirib çıxarır.
Kənd təsərrüfatından suya axıdılan gübrələr, pestisidlər və heyvandarlıq tullantıları da böyük problemdir. Azot və fosfor birləşmələrinin çox olması suda olan yosunların həddindən artıq artmasına səbəb olur. Bu proses isə suda oksigenin azalmasına, balıqların və digər su canlılarının tələf olmasına gətirib çıxarır.
Sənaye çirklənməsi isə xüsusilə təhlükəlidir. Çünki bəzi istehsalat sahələrindən ağır metallar, neft məhsulları və digər toksik maddələr suya düşə bilər. Belə maddələrin bir qismi suda həll olmur və uzun müddət qalaraq canlıların məhvinə səbəb ola bilər.
İnsanlar üçün isə daha təhlükəli məqam çirkli sudan təmizlənməmiş şəkildə istifadə edilməsidir. Belə su bilmədən içməli su hövzəsinə daxil olarsa, bu, artıq ciddi problemlərə səbəb ola bilər. Çünki mikroorqanizmlərlə çirklənmiş su bağırsaq infeksiyalarına və uzunmüddətli xroniki sağlamlıq problemlərinə gətirib çıxara bilər.
Bu səbəbdən hər hansı su hövzəsindən birbaşa su içmək olmaz. Belə sular mütləq laboratoriyada yoxlanılmalıdır ki, həmin hövzədən su istifadəsinin təhlükəsiz olub-olmadığı müəyyənləşdirilsin.
Bundan əlavə, çayların çirklənməsi su ehtiyatlarının azalmasına və biomüxtəlifliyə də ciddi zərər vurur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB