Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi və təbii resurslardan daha səmərəli istifadə olunması istiqamətində həyata keçirilən siyasət yeni mərhələyə qədəm qoyur. Bu mərhələdə dağ-mədən və metallurgiya sənayesinin inkişafı ölkəmizin iqtisadi potensialının genişləndirilməsi, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi və yeni istehsal zəncirlərinin formalaşdırılması baxımından mühüm istiqamətlərdən biridir.
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədəki çıxışı da bu sahənin qarşıdakı illərdə ölkənin sənaye siyasətində xüsusi yer tutacağını göstərir. Dövlət Proqramı çərçivəsində yalnız ayrı-ayrı yataqların istismarı deyil, xammalın hasilatından onun zənginləşdirilməsinə, emalına və son məhsula çevrilməsinə qədər tam istehsal zəncirinin yaradılması nəzərdə tutulur.
Dağ-mədən və metallurgiya sənayesinin inkişafı Azərbaycanın qeyri-neft iqtisadiyyatının yeni dayaqlarından birinin yaradılması məqsədini daşıyır. Dövlət başçımızın vurğulandığı kimi, sahə yüksək maliyyə tutumuna malik olsa da, perspektiv baxımından əhəmiyyətlidir. Dövlət Proqramının 2027–2030-cu illərdə həyata keçirilməsi nəticəsində beş mindən çox daimi iş yerinin yaradılması, ixrac potensialının artırılması və dövlət büdcəsinə əhəmiyyətli həcmdə əlavə gəlirlərin daxil olması gözlənilir.
Dağ-mədən sənayesinin metallurgiya ilə əlaqələndirilməsi xüsusi əhəmiyyət daşıyır. Xüsusilə alüminium istehsalının 2030-cu ilin sonunadək 100 min tona çatdırılması və yeni zavodların yaradılması sənaye siyasətinin konkret hədəflərindən biri kimi müəyyənləşdirilir.
İşğaldan azad edilmiş ərazilərimiz mineral-xammal potensialının genişləndirilməsi baxımından xüsusi imkanlar yaradır. Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarında yerləşən qızıl, mis və molibden yataqlarının istismara hazırlanması, mövcud ehtiyatların müasir geoloji üsullarla yenidən qiymətləndirilməsi qarşıdakı dövrün əsas istiqamətlərindəndir.
Burada söhbət yalnız mövcud yataqların istismarından getmir. Müasir texnologiyaların tətbiqi ilə yeni ehtiyatların müəyyənləşdirilməsi və geoloji kəşfiyyatın genişləndirilməsi də nəzərdə tutulur. Xüsusilə Naxçıvan Muxtar Respublikasında geoloji kəşfiyyat işlərinin başlanması ölkənin mineral resurs xəritəsinin daha dəqiq formalaşdırılması baxımından əhəmiyyətlidir.
Balakən rayonundakı “Filizçay” polimetal yatağı da Dövlət Proqramında xüsusi əhəmiyyət daşıyan layihələr sırasındadır. Yatağın istismara hazırlanması üzrə işlərin davam etdirilməsi, texniki-iqtisadi əsaslandırmanın hazırlanması və gələcəkdə investisiya qərarının qəbul edilməsi qarşıya qoyulan əsas vəzifələrdəndir.
Digər mühüm istiqamət Qərb Sənaye Parkının yaradılmasıdır. “Daşkəsən” filiz yatağının istismarı və ətraf ərazilərdə yeni layihələrin həyata keçirilməsi bu sənaye parkının yaradılmasının əsas iqtisadi əsaslarından biridir. Burada filiz hasilatından başlayaraq zənginləşdirmə, pelet və briketlənmiş dəmir istehsalına qədər uzanan tam sənaye zəncirinin formalaşdırılması nəzərdə tutulur.
Bu isə regionların iqtisadi inkişafına da birbaşa təsir göstərə bilər. Sənaye müəssisələrinin yaradılması yeni iş yerlərinin açılması ilə yanaşı, xidmət, logistika, nəqliyyat və digər əlaqəli sahələrdə də iqtisadi fəallığın artmasına şərait yaradacaq.
Yeni sənaye siyasətinin mühüm xüsusiyyətlərindən biri dövlət və özəl sektorun paralel şəkildə prosesə cəlb olunmasıdır. Dövlət xətti ilə layihələrin əsas icraçılarından biri “AzerGold” olacaq. Eyni zamanda, sahə yerli və xarici investorlar üçün açıq saxlanılır.
Layihənin hazırlanması prosesində “AzerGold”un əsas rolunun nəzərdə tutulması dövlətin strateji mineral ehtiyatların idarə olunmasında iştirakının davam etdiriləcəyini göstərir. Eyni zamanda, gələcəkdə xarici investorların müəyyən payla layihəyə cəlb olunması imkanının saxlanılması dövlət və özəl kapital arasında çevik əməkdaşlıq modelinin tətbiqinə şərait yaradacaq.
Cənab Prezidentin vurğuladığı kimi dövlət proqramın icrasını təmin etməyi planlaşdırır, lakin əlavə investisiyaların cəlb olunması sənayenin daha geniş miqyasda inkişafına imkan yaradacaq.
Dağ-mədən sənayesinin genişləndirilməsi təbii olaraq ekoloji məsələləri də gündəmə gətirir. Mineral ehtiyatların istismarı ilə təbiətin qorunması arasında balansın təmin edilməsi Dövlət Proqramının mühüm şərtlərindən biridir.
Dövlət başçımız Azərbaycanın əsas sərvətinin yalnız yeraltı resurslar deyil, həm də təbiət olduğu vurğuladı. Bu yanaşma dağ-mədən layihələrinin həyata keçirilməsində ekoloji ekspertizanın, müasir standartların və nəzarət mexanizmlərinin əhəmiyyətini artırır.
Beləliklə, yeni sənaye layihələrinin iqtisadi səmərəsi ilə yanaşı, onların uzunmüddətli ekoloji nəticələri də dövlət siyasətinin mühüm komponenti olaraq qalır.
Dağ-mədən və metallurgiya sənayesinin inkişafı iqtisadi göstəricilərlə məhdudlaşmır. Layihələrin əhəmiyyətli hissəsinin işğaldan azad edilmiş ərazilərdə reallaşdırılması Qarabağ və Şərqi Zəngəzurun iqtisadi reinteqrasiyasına əlavə imkanlar yaradır.
Yeni sənaye müəssisələri regionlarda məşğulluğun artırılması, infrastrukturun inkişafı, sahibkarlıq fəaliyyətinin genişlənməsi və yerli iqtisadi dövriyyənin yüksəlməsinə xeyli təsir göstərəcəkdir.
Azərbaycanın son illərdə enerji və infrastruktur sahələrində formalaşdırdığı imkanlar qeyri-neft sektorunun inkişafı üçün baza yaradıb. Ölkənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, qazlaşmanın yüksək səviyyəyə çatdırılması, elektrik enerjisi istehsalında potensialın genişləndirilməsi və nəqliyyat infrastrukturunun inkişafı yeni sənaye layihələrinin həyata keçirilməsi üçün daha əlverişli şərait formalaşdırıb.
Dövlət Proqramında zənginləşdirmə müəssisələrinin, pelet və briketlənmiş dəmir istehsalının, metallurgiya zavodlarının yaradılması nəzərdə tutulur. Nəticədə bir-biri ilə əlaqəli istehsal sahələrinin formalaşması və ölkə daxilində daha geniş sənaye zəncirinin qurulması mümkün olacaq.
Dağ-mədən və metallurgiya sənayesinin kapitaltutumlu sahə olması böyük maliyyə resurslarının cəlb edilməsini zəruri edir. Dövlətin proqramın maliyyələşdirilməsini təmin etməsi layihələrin reallaşdırılması üçün əsas zəmanətlərdən biridir.
Bununla yanaşı, yerli və xarici investorların iştirakı üçün imkanların saxlanılması Azərbaycanın investisiya siyasətinin mühüm elementlərindən birini təşkil edir. Xüsusilə geoloji kəşfiyyat, müasir texnologiyaların tətbiqi və emal müəssisələrinin yaradılması kimi sahələrdə özəl kapitalın iştirakı əlavə imkanlar yartmaqdadır.
Dağ-mədən sənayesinin inkişafının digər mühüm tərəfi ekoloji təhlükəsizlikdir. Mədənlərin istismarı zamanı ətraf mühitə təsirlərin minimuma endirilməsi yalnız hüquqi tələb deyil, həm də layihələrin uzunmüddətli dayanıqlılığı baxımından mühüm şərtdir.
Prezident İlham Əliyev ekoloji məsələyə xüsusi diqqət yetirilməsi bu sahədə iqtisadi maraqla ekoloji məsuliyyətin paralel aparılmasının vacibliyini vurğuladı. Müasir texnologiyaların tətbiqi, ekoloji ekspertizanın gücləndirilməsi və beynəlxalq standartların nəzərə alınması yeni layihələrin əsas tələbləri sırasındadır.
Dağ-mədən və metallurgiya sənayesinə dair proqramın da 2027–2030-cu illər üzrə konkret zaman çərçivəsində icra olunması nəzərdə tutulur. Bu isə qarşıdakı dövrdə görüləcək işlərin nəticələrinin daha aydın şəkildə ölçülməsinə imkan verəcək.
Azərbaycanın enerji sahəsində əldə etdiyi nəticələr yeni sənaye layihələrinin inkişafı üçün mühüm iqtisadi baza formalaşdırıb. Ölkənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, daxili tələbatın təmin olunması və ixrac imkanlarının genişlənməsi sənaye istehsalı üçün zəruri infrastruktur imkanlarını artırıb.
İndi əsas məsələlərdən biri bu imkanların qeyri-neft sənayesinin inkişafına daha geniş şəkildə yönəldilməsidir. Dağ-mədən və metallurgiya sənayesinin inkişafı da məhz bu transformasiyanın bir hissəsidir.
Dövlət Proqramının nəticələri yalnız yeni zavodların və mədənlərin sayına görə deyil, onların yaratdığı ümumi iqtisadi səmərə ilə ölçüləcək. Yeni iş yerləri, ixracın genişlənməsi, vergi daxilolmalarının artması, regionlarda iqtisadi aktivliyin yüksəlməsi və yeni istehsal sahələrinin formalaşması bu effektin əsas göstəriciləridir.
Prezident İlham Əliyevin çıxışında layihələrin illik maliyyə təsirinin gələcəkdə bir milyard manatdan çox ola biləcəyinin bildirilməsi də bu istiqamətin iqtisadi miqyasını göstərir.
Beləliklə, dağ-mədən sənayesinin inkişafı yalnız bir iqtisadi sahənin böyüdülməsi deyil, təbii resursların sənaye gücünə, məşğulluğa, ixraca və regional inkişafa çevrilməsinə hesablanmış daha geniş iqtisadi strategiyanın tərkib hissəsidir.
Ziyafət ƏSGƏROV,
Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB