“Tarixi və mədəni abidələrə ad yazılması cəmiyyətdə narazılıq doğuran hallardandır” -SOSİOLOQ DANIŞDI

“Tarixi və mədəni abidələrə ad yazılması cəmiyyətdə narazılıq doğuran hallardandır” -SOSİOLOQ DANIŞDI

“Tarixən insanlar müxtəlif tarixi, təbii və mədəni abidələr, yeni tikililər, hətta ağaclar üzərində öz adlarını, yaxınlarının, doğmalarının, sevgililərinin adlarını və ya ilk hərflərini həkk edən, döymə və rənglərlə yazan insanlar olub. Azərbaycanda digər ölkələrlə müqayisədə bu, o qədər də kəskin hal olmasa da, bununla bağlı çoxsaylı şikayətlər səsləndirilib”.

Bu sözləri SİA -ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov bildirib.

Onun sözlərinə görə, yadınızdadırsa, sonuncu dəfə Nizami Gəncəvi Mərkəzinin binasının üzərində yazılar yazan gənc qızlar məhkəmə məsuliyyətinə cəlb edilmiş və bu məsələ ictimai qınağa səbəb olmuşdu:

” Şuşada, xüsusilə Cıdır düzündə daşların, təbiət lövhələrinin üzərinə adların yazılması da, əlbəttə, bu kimi hadisələrdən biri kimi qəbul edilə bilər.

Amma unutmayaq ki, Şuşa şəhidlərimizin və qazilərimizin canı, qanı bahasına düşməndən azad edilmiş müqəddəs məkandır. Əgər orada şəhidlərin adlarının hansısa daşın üzərində yazılması ilə bağlı ictimai maraq varsa, aidiyyəti dövlət orqanları bu məsələyə diqqət yetirə bilərlər.

Məsələn, Şuşa uğrunda canlarını fəda etmiş şəhidlərimizin hər birinin adı, doğum və şəhidlik tarixlərinin qeyd olunduğu xüsusi lövhələr Cıdır düzünün yaxınlığında və ya Şuşanın digər görməli yerlərindən birində yerləşdirilə bilər. Niyə də olmasın? Əgər biz bunu etsək, əlbəttə ki, daşlara, ağaclara və tikililərə heç kimin özbaşına yazı yazmasına ehtiyac qalmaz.

Müharibə dövründə şəhidlərimizin, qazilərimizin və orada döyüşən həmvətənlərimizin öz adlarını, gəldikləri yerləri Şuşada müəyyən ərazilərə həkk etməsi müəyyən mənada başadüşüləndir. Lakin bu gün insanların müqəddəs hesab etdiyi məkanlarda öz adlarını istədikləri yerə həkk etmələrini düzgün hesab etmək olmaz. Bunun üçün uyğun və qanuni variant seçilməlidir. Hər kəs gedib istədiyi yerdə yazı yaza bilməz.

Müharibə dövrünün öz reallıqları var və həmin dövrdə baş verənlərə fərqli yanaşmaq mümkündür. Amma tarixi, mədəni və təbiət abidələrinin qorunması ilə bağlı qanunlar, qaydalar və müvafiq normativ aktlar mövcuddur. Onlara riayət etmək hər bir vətəndaşın borcudur.

Şəhid ailəsinin üzvü və ya qazi qanunları, qaydaları pozursa, yaxud inzibati və ya cinayət məsuliyyətinə səbəb ola biləcək hər hansı hərəkətə yol verirsə, təbii ki, qanun qarşısında məsuliyyət daşıyır. Bu məsələdə də müəyyən inzibati cəzalar nəzərdə tutula bilər. Lakin belə hallardan qaçmaq, həm ictimai narazılığın, həm də daha böyük problemin qarşısını almaq üçün hər iki tərəfin maraqlarını nəzərə alan addımlar atılmalıdır.

Mən də Şuşada, Cıdır düzündə olmuşam. Hər dəfə orada gəzərkən həmin yazıları görmüşəm. Amma bizim insanların mənəvi baxımdan öz şəhidlərinin adını əbədiləşdirmək istəyini də nəzərə almaq lazımdır. Təbii ki, onların doğma yerlərində adlarının əbədiləşdirilməsi vacibdir. Ancaq Şuşa uğrunda vuruşan və şəhid olan qəhrəmanların qanının töküldüyü həmin məkanlarda da onların adları yaşadılmalıdır.

Bununla bağlı uyğun qərar qəbul edilə bilər. Düşünürəm ki, dövlət qurumları ictimaiyyətin və şəhid ailələrinin çağırışlarını gözardı etməyəcək və bu istiqamətdə uyğun qərar qəbul olunacaq.

Amma bir daha qeyd edirəm: istər Şuşa olsun, istər digər ərazilərimiz, təbiətin qoynunda istirahət edən və ya gəzən zaman həm tarixi-mədəni irsə, həm də təbiətə həssas yanaşmaq lazımdır. Tarixi və mədəniyyət abidələrini, təbiət abidələrini və tikililəri qorumaq hər birimizin borcudur.

Çünki həmin torpaqlar uğrunda qan tökən, qəhrəmanlıq göstərən şəhidlərimiz Şuşanı gələcək nəsillərə çatdırmaq, Azərbaycanımızı qorumaq və inkişaf etdirmək üçün canlarından keçiblər. Heç olmasa, onların uğrunda mübarizə apardığı bu məkanlara özbaşına adlar yazmaqla, daşları və ağacları zədələməklə onların xatirəsinə hörmətsizlik etməməliyik.

Mən bu məsələdə bir qədər fərqli və daha həssas yanaşmanın tərəfdarıyam. İctimaiyyətdə də bu məsələ ilə bağlı kifayət qədər kəskin fikirlər səslənib. Çünki Şuşa bir nəfərin, iki nəfərin deyil. Şuşa hamımızındır. Şuşa Azərbaycanın qəlbidir, milli-mədəni və estetik dəyərlərimizin mühüm mərkəzlərindən biridir. Ona, onun təbiətinə, tarixi tikililərinə və abidələrinə qarşı kobud münasibət qəbuledilməzdir və kəskin şəkildə qınanmalıdır.

İnanıram ki, yaxın vaxtlarda bu tipli hadisələrlə qarşılaşmayacağıq. Kimlərsə şəhidlərimizin və ya Şuşanın görkəmli şəxsiyyətlərinin adlarını hər hansı bir məkanda əbədiləşdirmək istəyirsə, aidiyyəti dövlət orqanlarına müraciət edərək bununla bağlı qanuni şəkildə razılıq və icazə ala bilərlər. Beləliklə, Şuşanın hər hansı yerində şəhidlərimizin və görkəmli insanlarımızın adları, xatirələri xüsusi layihələr çərçivəsində əbədiləşdirilə bilər.

Bilirsiniz ki, Bülbülün, Bəhmən Mirzə Qacarın və digər görkəmli şəxsiyyətlərin muzeyləri, tarixi tikililəri, heykəlləri Şuşada bərpa edilərək şəhərə qaytarılıb. Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı da bu istiqamətdə müəyyən addımlar atıla bilər”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə